Əlaqə Arxiv
news Image
2018.05.09
10:30
| A A A
Ermənistan üçün yeni diplomatik şok
İslam ölkələri Azərbaycanın ərazi bütövlüyü uğrunda daha qəti mövqe sərgiləyirlər

Mayın 8-i Şuşa şəhərinin 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin xarici himayəçilərin iştirakı ilə işğal edilməsinin ildönümüdür. Bu, vaxtilə Azərbaycanın tərkibində muxtar vilayət statusunda mövcud olan Qarabağın dağlıq hissəsinin işğalının baş çatması demək idi. Bu faktın ardınca vilayətin ətrafında yerləşən daha 7 rayonu ələ keçirməklə bütövlükdə Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi Ermənistana “təcavüzkar dövlət” kimi bədnam status  qazandırıb. O vaxtdan keçən dövr ərzində Azərbaycan xalqı və hökuməti öz ərazi bütövlüyü uğrunda əzmlə mübarizə aparır. Bütün beynəlxalq təşkilatlarda, irili-xırdalı bütün dövlətlərin rəhbərləri ilə rəsmi və qeyri-rəsmi görüşlərdə xalqımızın haqlı tələbləri irəli sürülür, ya sülh, ya da müharibə yolu ilə torpaqlarımızın işğaldan azad edilməsi yolu axtarılır. 

Bu qurumlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan İƏT və onun ayrı-ayrı üzvləri ilə çoxtərəfli və ikitərəfli əlaqələri səylə inkişaf etdirir. Məsələ burasındadır ki, müsəlman dünyasının ölkələri arasında həmrəylik heç də istənilən səviyyədə deyil. Bu səbəbdən onların əlbir fəaliyyəti də çox zaman nəzərə çarpmır. Düzdür, ümumi tendensiya axınında bir sıra məsələlər barədə sənədlər qəbul edilir, ancaq çox zaman qəbul edilən qətnamələrin yerinə yetirilməsi üçün lazımı səviyyədə qətiyyətlilik göstərilmir. Bu səbəbdən Azərbaycan diplomatıyası daim İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində ictimai-siyasi fəallıq göstərir. 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bu məqsədə xidmət edirdi və demək olar ki, bu tədbirlər müsəlman ölkələrinin birliyinə yeni ab-hava gətirməyə nail oldu. 
Erməni vandallarının törətdiyi Xocalı soyqırımının dünyada tanıdılması və bu cinayəti törədənlərin ədalət məhkəməsində mühakimə olunması üçün Azərbaycanın göstərdiyi səylər İƏT tərəfindən həmişə müdafiə olunub və bu işə dəstək üçün konkret addımlar atılıb. “Xocalıya ədalət” kampaniyasının genişlənməsində təşkilatın gənclər bölümünün işi xüsusilə təqdirəlayıqdir. Bunda əlavə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün İƏT bir neçə qətnamə qəbul edib və onların yerimə yetirilməsi üçün vaxtaşırı bəyanatlar verir və qəbul etdiyi sənədləri gündəmdə saxlayır. 
Təkcə bu ilin 5 ayında təşkilat iki dəfə bu vacib məsələni müzakirəyə çıxarıb və müvafiq sənədlər qəbul edib. Belə ki, yanvar ayında İƏT-in İranın paytaxtı Tehranda keçirilmiş XIII sessiyasında Azərbaycanın təklifi ilə iki qətnamə - “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə dair” və “1992-ci il Xocalı Soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair” sənədlər qəbul edib. Bu sənədlərdə təcavüzkar dövlətin əməlləri qətiyyətlə pislənilir və BMT-nin münaqişə üzrə qəbul etdiyi 4 qətnamənin dərhal yerinə yetirilməsi tələb olunur. 
Bir neçə gün əvvəl, mayın 5-6-da Banqladeşin Dəkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası keçirilib. Sessiyada Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən yeni qətnamələr qəbul edilib. Dəkkə Bəyanatının 18-ci bəndində İƏT-ə üzv ölkələrdə mövcud olan münaqişə və böhranların BMT və İƏT-in nizamnamələrində təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında həlli, onların doğurduğu dağıdıcı təsirlərin aradan qaldırılması zərurəti qeyd edilib, bu xüsusda Azərbaycanla qəti həmrəylik bir daha ifadə olunub və münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilməli olduğu vurğulanıb. Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.
İƏT-in ardıcıl şəkildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və ümumiyyətlə, işğal altında olan torpaqlarımızın azad edilməsini diqqət mərkəzində saxlaması İslam həmrəyliyini təcəssüm etdirməklə yanaşı Azərbaycan diplomatiyasının düzgün yolda uğurla irəlilədiyini göstərir. Bu cür əlbir fəaliyyətin uğurlu sonluğa doğru getməsi isə tamamilə məntiqidir.
N.NOVRUZ  

Sizin Reklam Yeriniz