Əlaqə Arxiv
news Image
2018.05.10
11:03
| A A A
Masallıda “Xalq və dövlət üçün yaşanmış ömür ” mövzusunda konfrans

9 may 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Xalq və dövlət üçün yaşanmış ömür ” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasınının 95-ci ildönümünə həsr olunmuş konfrans iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev Parkında rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ulu öndərin həyat və yaradıcılığından bəhs edən kitablara, Masallı rayon və qonşu rayon məktəblilərinin əl işlərinə baxış keçirmişlər. 
Mərkəzinin foyesində ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olmuşlar.
Daha sonra mərkəzin geniş konfrans zalında tədbir davam etdirilmişdir.
Konfransı giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açmış, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində oynadığı əhəmiyyəti rolu vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan xalqının böyük oğlu, Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ili tamam olur. Bu münasibətlə sizin hər birinizi təbrik edir və Ulu Öndərin ideyalarının həyata keçməsinin ifadəsi olan Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
 Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 Çıxışını davam etdirən natiq bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.
Ümummilli lider Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Cari ilin aprel ayının 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində xalqın cənab Prezidentə etimadı, seçicilərin yekdil fikri və seçimi bunu bir daha təsdiq etdi.
Çıxışının sonunda natiq bu gün də Heydər Əliyev ideyalarının Azərbaycanda yaşadığını və onun apardığı mütərəqqi siyasətin davam etdirildiyini vurğulayıb dedi ki, Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Dahi və bənzərsiz şəxsiyyət Heydər Əliyevin ideyaları həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır. Biz hamımız Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı və yaradıcısı olan Heydər Əliyev irsinə daim sədaqətliyik, bundan sonra da belə olacağıq. Azərbaycanın dahi oğlunun əməlləri, müqəddəs ideyaları, arzuları və vəsiyyətləri həmişə yaşayacaqdır.
  Konfransda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, Tarix elmləri doktoru Musa Quluzadə öz məruzəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyində oynadığı böyük roldan söz açaraq qeyd etmişdir ki, arixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin 35 illik bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətləri ilə yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi. 
Öz məruzəsini davam etdirən natiq daha sonra qeyd etdi ki, ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir məktəbdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, Tarix elmləri doktoru Musa Quluzadə Azərbaycana vermiş olduğu çox böyük əhəmiyyəti məhz Ümummilli Liderin öz nitqindən gətirmiş olduğu bu sitatla konfrans iştirakçılarının diqqətinə çatdırdı. Belə ki, Heydər Əliyev deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. 
Natiq sonda möhtərəm Prezident İlham Əliyev ümummilli liderin siyasi kursuna daim sadiq qalaraq, dahi rəhbərin müəyyən etdiyi inkişaf strategiyasını yaşadaraq və inkişaf etdirərək müstəqil Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətləri sırasına çıxardığını və artıq ölkəmiz regionun lider dövlətinə çevrildiyini, onun beynəlxalq aləmdə nüfuzunun və qüdrətinin xeyli gücləndiyini, bunun gələcəkdə daha da yüksək templə inkişafını əminliklə qeyd edərk öz çıxışını yekunlaşdırdı.
Konfransda çıxış edən Prezident təqaüdçüsü Şirvan Əbilov, Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri – Qardaş Fətullayev, Masallı şəhər 2 nömrəli tam orta məktəbin direktoru Mehriban Əzizova və başqaları ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söz açdılar.
“Xalq və dövlət üçün yaşanmış ömür ” mövzusunda konfransı yekun nitqi ilə başa çatdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bir daha Heydər Əliyev ideyalarının əhəmiyyətini vurğulayaraq onun Azərbaycan dövlətçiliyində oynadığı misilsiz roldan söz açdı, dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində hər zaman özünəməxsus yer tutduğunu qeyd etdi.

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz