Əlaqə Arxiv
news Image
2018.05.15
09:50
| A A A
Baş nazirin təçrübəsizliyi ona baha başa gələcək
Əsassız vədlər Ermənistan xalqının istəklərini reallaşdıra bilməyəcək

Bir həftədir ki, Ermənistanda yeni baş nazir vəzifədədir. Amma böyük vədlərlə hakimiyyəti “xalqın tələbi” və “parlamentdə seçilmə” yolu ilə zəbt etmiş Nikol Paşinyan hələ ki ölkəni daxili siyasi və sosial-iqtisadi böhrandan çıxarmaq üçün hər hansı proqram irəli sürə bilməyib. Bu adam baş nazir seçilən kimi hərbi büdcəni artırmaq və mülkiyyətin yenidən bölünməsinə yol verməmək kimi bəyanatlar səsləndirmişdi. Lakin vaxt gedir və ölkənin yeni rəhbərindən səs çıxmır. O, bu vaxt ərzində yalnız kadr dəyişikliyi edib ki, bunların da sırasında əvvəlki rejimdən qalma məmurlar, Qərblə əlaqəli daşnaklar və «Çarukyan» blokundan olan varlılar üstünlük təşkil edir. Paşinyanı hakimiyyətə gətirən xalq isə ondan ümumi vəziyyəti yaxşılaşdıracaq konkret addımlar gözləyir. Bu cür fəaliyyətsuzlik isə baş nazirin əleyhinə işləyir. Belə getsə, N.Paşinyanın resursları tezliklə tükənəcək və o, marığa yatmış Serj Sarksiyanın Respublika Patiyasının fəal yardımı ilə hakimiyyətini təhvil verməli olacaq. 

Əslində, hazırda Ermənistanda paradoksal vəziyyət yaranıb. Belə ki, hakimiyyətin başında Paşinyan dursa da parlamentdə onun əleyhinə olan respublikaçılar üstünlük təşkil edir. Hətta ölkənin prezidenti də baş nazirin əleyhinə olan partiyanı təmsil edir. Siyasi qüvvələrin bu cür strukturunda parlament baş nazirin hər bir təşəbbüsünü əngəlləyə bilər. Bu səbəbdən də Ermənistanda çaşqınlıq və qeyri-müəyyənlik davam edir. Əvəzində isə imkanlı erməni iş adamları öz pullarını xarici banklara köçürməklə məşğuldurlar. Çünki, Ermənistana bel bağlamaq olmaz. Hay-küylə vəzifəyə gələn şəxslər sahibkarlarla dil tapmaqda çətinlik çəkir. Çünki, kütlə psixologiyası ilə vəzifə psixologiyası bir-birlərindən tamamilə fərqlənir və hətta bir-birlərini itələyirlər. Bundan başqa varlılar artıq inqilabi hadisələrdən qorxuya düşüblər. Buna görə də erməni ekspertlərin fikrincə, Paşinyanı ancaq növbədənkənar parlament seçkiləri xilas edə bilər. Lakin bu seçkiləri keçirmək üçün azı 5-6 ay vaxt tələb olunur. Lakin onun bunu etməyə gücü çatacaqmı?
İndi politoloqları ən düşündürən məsələ Ermənistan-Rusiya münasibətləridir. Erməniliyi möhkəmlətmək arzusunda olan inqilabçı baş nazir nə qədər Rusiyaya dost və tərəfdaş desə də yenə manerasında qərbpərəstliyi aydın görünür. Bu anlamda Rusiya və Ermənistan arasında olan vassallıq əlaqəsini redaktə etmək olduqca çətindir. Belə olan təqdirdə Paşinyanın işi heç də asan olmayacaq. Həm də yeni kadrların əksəriyyəti də Rusiyanın havadarları olan köhnə komandanın üzvləri sırasındadırlar. 
Kadrların yerləşdirilməsində Paşinyan məxməri inqilabda böyür-başında olanları hakimiyyətin yüksək pillələrində yerləşdirir. Eyni hal güc strukturlarına təyinatda isə “Yelk” qrupunda kadr olmadığından rəhbərləri aşağı vəzifədə olanlar əvəz edir. Bu isə analitikləri təəccübləndirir. Çünki, İrəvanın keçmiş polis rəisinin müavini Valeri Osipyan indi onun yerinə təyin edilib. Bir neçə il əvvəl Serj Sarkisyandan I dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” medaqlı ilə təltif olunan V.Osipyan cəmiyyətdə hökumət əleyhinə təşkil edilən bütün mitinqlərdə “növbətçilik” edər, mitinqçiləri şallaqlamaqdan çəkinməzdi. İndi bu adam guya Paşinyanın demokratik hökumətində qanunu qoruyacaq?! Paşinyan bu adamlarla xalqa verdiyi vədləri yerinə yetirə biləcəkmi? Çətin! “Armenianreport” saytının şərhçisi Samvel Ohanesyan yazır: “Siyasi böhran baş verərsə, Paşinyan öz güc strukturlarına güvənə biləcəkmi? Onlar inqilabın nailiyyətlərini müdafiə edə biləcəklərmi? Onlar korrupsiya kabusunun belini qıra biləcəklərmi?” 
Açıq görünür ki, aydın proqramı olmayan Paşinyan hansı oyuna girişdiyinin fərqində deyil. Rusiyanın caynağında olan bir ölkədə pafoslu şüarlar altında Qərbpərəst mövqe sərgiləməklə əhalinin həyatını yaxşılığa doğru dəyişmək yalnız xəyali təəssürat doğurur. Söçiyə, Putinin qəbuluna gedən bu gənc və təcrübəsiz baş nazir erməni iş adamlarını ölkəyə yatırım etməyə çağırıb. Ancaq unudub ki, onlar qəzəbli xalqın mitinqində yox, Rusiyanın ağalığı ilə milyonlar qazanan və dail pul haqda düşünən varlıların iclasındadır. 
N.NOVRUZ           

Sizin Reklam Yeriniz