Əlaqə Arxiv
news Image
2018.05.16
09:36
| A A A
Azərbaycanın dünya üçün geoiqtisadi, geosiyasi əhəmiyyətini artıran liman kompleksi
Elxan Ələsgərov: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi geoiqtisadi layihədir. Layihə beynəlxalq yükdaşımalar sahəsində dünyanın xəritəsini dəyişdirmək iqtidarındadır” Adıgözəl Məmmədov: “Bütün bunlar Azərbaycanın regionda və geosiyasətdə üstün mövqeyə sahib olmasına hesablanmış layihələrdir”

Məlumdur ki, mayın 14-də Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı oldu.

Qeyd edək ki, liman birinci kateqoriya limanlar üçün müəyyən edilmiş texniki tələblərə uyğun layihələndirilib və inşa edilib. Hesab olunur ki, Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Bu baxımdan Kompleks Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirəcək, dövlətimizin siyasi və strateji əhəmiyyətini artıracaq. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir. Buraya su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. 
Beləliklə, Avrasiya məkanında önəmli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan bu gün dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyur. "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov bildirdi ki, bu Kompleksin Azərbaycan və dünya üçün önəmini zaman keçdikcə, anlayacağıq: “Nəzərə alaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi geoiqtisadi layihədir. Layihə beynəlxalq yükdaşımalar sahəsində dünyanın xəritəsini dəyişdirmək iqtidarındadır. 
Dünyada ticarətin ən böyük həcmləri məhz dəhlizlər vasitəsi ilə həyata keçirilir. Bu limanın tikilişi Azərbaycan üzərindən həm dəniz, həm də dəmiryolu vasitəsi ilə daşımaların həcminin artmasında mühüm rol oynayacaq.  Ancaq bu məsələlər tez bir zamanda əmələ gələn iş deyil. Ona görə də bu Kompleksin Azərbaycan üçün önəmini zaman keçdikcə, anlayacağıq. Dünyanın aparıcı iqtisadi mərkəzləri olan Çin, Qərb dövlətləri, Hindistan arasındakı iqtisadi əlaqələrin Azərbaycan üzərindən keçməsinə təminat verir. Odur ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi dünyəvi hadisədir. Dünyanın iri iqtisadiyyatlara malik olan ölkələrin iqtisadi əlaqələrinin Azərbaycan üzərindən qurulması ölkəmizə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımında böyük dividendlər gətirəcək”.
Digər politoloq Adıgözəl Məmmədov da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin strateji əhəmiyyətə malik olduğunu dedi: “Kompleks Avropa və həmin xətt üzrə yerləşən ölkələrin səmərəli istifadəsi üçün hesablanıb. Çindən Avropaya və əks istiqamətdə ixracın həyata keçirilməsində əlverişli olması baxımından əhəmiyyətlidir. 
Nəzərə alaq ki, bundan başqa, artıq  Qədim İpək Yolubərpa edilib. TANAP və TAP layihələri istifadəyə buraxılacaq.  Bütün bunlar Azərbaycanın regionda və geosiyasətdə üstün mövqeyə sahib olmasına hesablanmış layihələrdir. Hətta bunlara qısqanclıqla yanaşan öləkələr oldu. Bu konteksdə hökumətin həyata keçirdiyi layihələr dövlətçilik, Azərbaycanın sabit, söz sahibi olmaq, inkişafına hesablanmış layihələrdir”.

Mübriz BAYRAMOV

Sizin Reklam Yeriniz