Əlaqə Arxiv
news Image
2018.05.16
09:22
| A A A
İşğal altındakı ərazilərə terrorçu axını davam edir
Azər Həsrət: “Görünən odur ki, dünyanın qulaqları kar və gözü kordur” Elçin Mirzəbəyli: “Onlar Suriyada hərbi əməliyyatlarda iştirak edən ayrı-ayrı terror qruplarının təmsilçiləridir”

Suriyada vəziyyət pisləşdikdən sonra, Ermənistan Suriya ermənilərini işğal altında olan Azərbaycan ərazilərinə yerləşməyə təşviq edir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Qeyd edək ki, Azərbaycan uzun müddətdir, bu məsələni qaldırır, amma hələ də lazımi beyənlxalq reaksiya yoxdur. Ermənistanın nəinki təkcə Suriyadan olan ermənilərin, hətta PKK terrorçularının da işğal etdikləri Azərbaycan torpaqlarında yerləşdirdiyi, qanunsuz məskunlaşdırma həyata keçirdiyi, burada onların hərbi bazalarının formalaşdığı barədə dəfələrlə dünya ictimaiyyətinə tutarlı dəlillərə əsaslanan məlumatlar verilib.

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Ermənistanın işğal etdiyi torpaqlarımızda qanunsuz məskunlaşdırma siyasəti aparmasına dünya ictimaiyyətinin susqun münasibəti erməni terrorçularının rahat şəkildə özlərinə sığınacaq tapmalarına və bu ərazilərdə narkotika ticarətinin geniş vüsət almasına gətirib çıxarır: “Ermənistanın bu və ya digər səbəblərdən Suriya və digər ölkələri tərk edən erməniləri qanunsuz olaraq işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirməsi təbii ki, yeni deyil. Bu mənada Azərbaycan xarici işlər nazirinin həmin məsələni dilə gətirməsi də təsadüfi deyil.

Rəsmi Bakı bütün səviyyəli görüşlərdə bu faktı da dilə gətirərək çalışıb ki, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazisində qanunsuz məskunlaşdırmağa cəlb etsin. Amma görünən odur ki, dünyanın qulaqları kar və gözü kordur. Dünya məsələ Azərbaycanla bağlı olanda bir qayda olaraq özünü görməməzliyə vurur. Bu mənada Elmar Məmmədyarovun fikirlərinə dünya birliyi tərəfindən arzuladığımız reaksiyanın olmaması da məhz ondan xəbər verir. Amma o da var ki, Azərbaycan özü də bu istiqamətdə daha yetərincə fəaliyyət sərgiləməlidir.  Elə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirak etdiyi həmin beynəlxalq konfransda ölkəmizin səsini duyura biləcək qeyri-hökumət təşkilatlarının iştirakı təmin edilməyib. Azərbaycandan QHT-lər orada iştirak etsə də, təəssüf ki, onlar da anti-Azərbaycan fəaliyyətilə ad çıxaran təmsilçilərdir. Orada iştirak edən erməni QHT təmsilçiləri isə Azərbaycanda insan hüquqları məsələsini iştirakçıların diqqətinə çatdırmağa çalışıblar. Məhz bu tərəfdən Azərbaycan Xarici İşlər Nazirliyi ən azından məsələnin qayğısına qalmalı idi ki, ölkəmizin haqq səsini çatdıra biləcək qeyri-hökumət və media sektoru da orada təmsil olunsun.

İkinci bir tərəfdən, çıxış etməklə məsələ bitmir. İşi intensiv və davamlı şəkildə aparmalıyıq. Milli Məclis və hökumət üzvləri bu məsələdə aktiv və fəal olmalıdır. Suriyalı ermənilər ölkələri dağıdıldıqdan sonra kənarda sığınacaq tapmağa məcburdur. Ermənistan isə bilirsiniz ki, hər fürsətdən yararlanmağa çalışan bir ölkədir. İrəvan görür ki, dünya həmin Suriyalı qaçqın ermənini özünə problem etmək istəmir, ona görə də yaranmış durumdan sui-istifadə edərək işğal etdikləri torpaqlarımızda qanunsuz məskunlaşma həyata keçirirlər. Bunu soruşanda da guya ki, həmin addımı humanitar məqsədlə atdıqlarını bəyan edirlər. Qanunsuz olaraq həyata keçirilən bu məskunlaşdırma erməni terrorçularının rahat şəkildə, dünyanın gözündən iraq bir yerdə özünə sığınacaq tapmasına gətirib çıxaracaq.

 Eyni zamanda, nəzarətdən kənarda olan bu ərazilərdə narkotiklərin becərilməsi prosesi artacaq. Ümumiyyətlə, Ermənistan işğal etdiyi bu ərazilərdə qanunsuz əməllər törətməklə faktiki olaraq, dünyaya meydan oxumuş olacaq. Bütün bunları intensiv, davamlı şəkildə və əsaslı faktlarla dünyaya çatdırmalıyıq”. 

 

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli də düşünür ki, beynəlxalq birliyin İrəvanın Suriya ermənilərini işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz mskunlaşdırmasına göz yumması həmin ərazilərdə beynəlxalq terrorrizmin “çiçəklənməsinə” gətirib çıxarır: “Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülən ermənilər sadəcə olaraq, qaçqın deyillər. Eyni zamanda, onlar Suriyada hərbi əməliyyatlarda iştirak edən ayrı-ayrı terror qruplarının təmsilçiləridir.

Şübhəsiz ki, onların da işğal olunmuş və faktiki olaraq, nəzarətsiz, beynəlxalq hüququn təsirindən kənarda qalan ərazilərə gətirilməsi bu ərazilərdə terrorizmin vüsət alması və terror qruplarının təlim mərkəzlərindən birinə çevrilməsinə şərait yarada bilər. Azərbaycan mütəmadi olaraq işğal olunmuş ərazilərimizdə terror qruplarının fəaliyyət göstərdiyi, narkotiklərin qeyri-qanuni dövriyyəsi barədə konkret faktlarla çıxış edir. Təəssüf ki, bu gün Suriyada baş verən proseslərə hansı müstəvidən yanaşılırsa, eyni ikili standart yanaşma Azərbaycan ərazaisində qeyri-qanuni məskunlaşma prosesində də özünü göstərir. Şübhəsiz ki, Suriyadan gələn ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsi qanunsuz məskunlaşdırma faktıdır. Buna görə də bilavasiyə İrəvan məsuliyyət daşıyır. Amma işğal faktına son qoymadan bu prosesin qarşısını almaq da çətindir. Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyinə şübhə etmirəm. Onda terrorizmin, narkotiklərin qeyri-qanuni dövriyyəsi və Ermənistanın həyata keçirdiyi digər cinayətkar əməllərinin də qarşısı alınacaq”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz