Əlaqə Arxiv
news Image
2018.05.17
07:00
| A A A
Dünya yeni cahan savaşı astanasında
Elşən Mustafayev: “Yaranmış situasiyada regionda qarşıdurma daha kəskin xarakter alacaq” Natiq Miri: “Bu qətliam dayandırılmasa, müsəlman dünyası ilə İsrail və ABŞ arasında böyük bir dünya savaşı yaşana bilər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi fonunda xəbərdarlıq edib ki, dünyada II dünya müharibəsi öncəsində baş verən poseslər yaşanır. 

Qeyd edək ki, Vaşinqtonun öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi ərəb və müsəlman dünyasında kəskin etiraza səbəb olub. İsraillə sərhəddə bu hərəkətə etiraz edən Fələstin sakinlərinin  öldürülməsi fonunda vəziyyət daha da kəskinləşir. Onu da vurğulayaq ki, ABŞ-ın sözügedən addımını əsas müttəfiqləri olan Avropa ölkələri də dəstəkləmir. Bununla belə, görünən odur ki, bütün etirazlara baxmayaraq, Donald Tramp adminstrasiyası öz bildiyini etməkdə davam edir. Bu vəziyyət bölgədə, o cümlədən dünyada gərginliyin daha da artmasına gətirib çıxarır. 
Politoloq Elşən Mustafayev düşünür ki, Yaxın Şərqdə baş verən yeni situasiya heç bir halda növbəti dünya müharibəsinə səbəb olmayacaq. Amma bununla belə, həmsöhbətimizə görə, regionda gərginlik daha da yüksələcək: “Trampın atdığı həmin addımla regiondakı gərginlik özünün pik həddinə çatacaq. Aydın məsələdir ki, ABŞ bunun məhz belə olacağını əvvəlcədən bilirdi. Amma niyə bunu bilə-bilə ona getdi? 
Zənn edirəm ki, Vaşinqtonun bu istiqamətdə müəyyən regional strateji planları var. Ona görə də regionda gərginliyin daha da artırılmasına gedib. Bilirsiniz ki, Fələstinlə İsrail arasında problemin yarandığı gündən onlar arasında münasibətlərin tənzimlənməsində əsas rolu məhz Vaşinqton oynayır. Ancaq Qüds məsələsilə bağlı olaraq atdığı addımla ABŞ problemin həllində konkret tərəf saxladığını ortaya qoydu. Bununla da problemin həllində əsas rol oynayan böyük dövlət kimi statusunu itirdi. Bu fonda regionda daha ciddi qanlı hadisələrin baş vermə ehtimalı böyükdür. Dünya düzəninin düzəldilməsində əsas rol oynayan bir ölkənin bu addımı atması fikrimcə, çox məsuliyyətsiz addımdır. 
Bütün hallarda aydın məsələdir ki, ABŞ hansısa maraqları naminə uzun illərdir atmağa cürət etmədiyi bir addımı atır. Yəni ABŞ ortada hansısa bir plan var ki, bu addıma gedir. Amma həmin planın nədən ibarət olduğunu hələlik bilmirik. ABŞ səfirliyinin Qüdsə köçürülməsilə bağlı təkliflər illər öncə digər prezidentlərin dövründə də gündəmə gəlmişdi. Lakin kövrək olan münasibətləri daha da gərginləşdirməmək üçün əvvəlki prezidentlər buna getmədilər. Tramp isə buna getdi. Bütün hallarda yaranmış situasiya yeni dünya savaşına gətirib çıxarmayacaq. Bununla belə regionda qarşıdurma daha kəskin xarakter alacaq. Ümumiyyətlə, keçən əsrin 40-cı illərin sonlarından üzü bəri həmin regionda bu tip gərginliklər hər zaman baş verib”. 
Politoloq Natiq Miri isə bu qənaətdədir ki, fəsəltinlilərin qətliamı dayandırılmasa müsəlman dünyası ilə İsrail və ABŞ arasında böyük bir dünya savaşı baş verə bilər: “Yaxın Şərqdəki vəziyyət çox kritikdir. Hər an istənilən təxribat regionda böyük bir müharibənin alovlanmasına şərait yarada bilər. Əvvəllər İsraillə İran arasında savaş pərdə arxasında, vəkalətən aparılırdısa, artıq indi onlar bir-birinə raket atəşilə zərbə endirməyə başlayıblar. Bu da iki dövlətin artıq açıq şəkildə qarşı-qarşıya gəldiyi anlamına gəlir. İsrail özü də ancaq ABŞ-dan dəstək alaraq bu cür addımlara gedir. ABŞ isə anlamır ki, əslində, bu, İsrailə verilən dəstək deyil. Regionda böyük savaş baş verərsə, İsrail dövləti birdəfəlik xəritədən yox olacaq. Bu amili diqqətdən qaçırmaq lazım deyil. Hərbi texnoloji üstünlük İsraildə olsa da, müharibəni udmaq üçün təkcə bu bəs etmir. Onun üçün quru qoşunları və əsgərdə olan cəsarət lazımdır. Bu baxımdan da İran İsraildən dəfələrlə üstündür. 
«Hizbullah»ın son seçkilərlə hakimiyyətə gəldiyi Livan İsraillə sərhəddədir. İran həmçinin Suriya ərazisindən də rahatlıqla İsraili vura bilər. İsrailin fələstinlilərə qarşı qətliam hadisəsi də müsəlman dünyasını ciddi şəkildə ayağa qaldırıb. Düşünürəm ki, bu prosesdə bir çox müsəlman ölkəsi, o cümlədən nüvə silahına malik Pakistan sona qədər Türkiyəyə dəstək verəcək. Ona görə İsrailin ABŞ-ın dəstəyinin onun üçün yetərli olacağını düşünməsi strateji səhvdir. Bu qətliam dayandırılmasa müsəlman dünyası ilə İsrail və onu dəstəkləyən ABŞ arasında böyük bir dünya savaşı çıxa bilər. Ona görə də həmin hadisənin baş verməməsi üçün ABŞ atdığı addımdan geri dönməlidir. ABŞ anlamalıdır ki, müsəlmanları qətliam etməklə əslində, dolayısı ilə bütün müsəlmanların yumruq kimi toparlanmasına rəvac verib. Əks halda, kiçik qığılcım böyük bir savaşın başlanmasına gətirib çıxara bilər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz