Əlaqə Arxiv
news Image
2018.05.22
09:30
| A A A
Azərbaycana qarşı qərəz Avropa Şurasının özünə ciddi ziyan vurur
Fəzail İbrahimli: “AŞPA-nın Azərbaycana münasibətdə şər-böhtan kampaniyası onun ikili standart siyasəti yürütməsindən qaynaqlanır” Aydın Mirzəzadə: “AŞPA bu hərəkətilə Azərbaycan və onun vasitəsilə böyük bir areala təsir etmək imkanından məhrum olacaq”

Avropa Şurası Parlament Assambleyasında müəyyən dairələr Azərbaycanın imicini ləkələmək üçün şər-böhtana üstünlük verir. Ümumiyyətlə, son illərin təcrübəsi göstərir ki, AŞPA göstərilən etimadı doğrultmur. Belə ki, AŞPA-nın Prosedur qaydaları və institusional məsələlər komitəsi heç bir real səbəb olmadan haqsız yerə Azərbaycanın qurumdakı nümayəndəsinin rəhbəri Səməd Seyidova qarşı sanksiya tətbiq edib. Buna əsasən də S. Seyidov və digərləri müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib. Məhz bu addımlar AŞPA-da ikili standartların mövcud olduğunu, qurumda Azərbaycana qarşı qərəzli mövqedə olanların mövcudluğunu təsdiqləyir. 

Aydın məsələdir ki, bu fonda təşkilatın gələcəyinə olan ümidlər də tamamilə itmiş olur. 
Milli Məclisin deputatı Fəzail İbrahimli qeyd etdi ki, AŞPA-nın Azərbaycana münasibətdə şər-böhtan kampaniyası onun ikili standart siyasəti yürütməsindən qaynaqlanır: “Avropada, o cümlədən Avropa Şurası Parlament Assambleyasında bir slıra dairələr, ermənipərəst qüvvələr var ki, ölkəmizin nüfuz və söz sahibi olmasından əndişələnirlər. AŞPA-nın bu qərəzinin əsasında məhz ölkəmizin imicinə xələl gətirmək, şərləmək, Azərbaycanda mövcud olan sabitliyi pozmaq, onu əzmək, öz istəklərini bizə yeritmək məqsədi dayanır. Bütün bunlar qurumun ölkəmizə münasibətdə həyata keçirdiyi ikili standartlardan doğan münasibətidir. AŞPA-nın ölkəmizə münasibətdə yeritdiyi bu qərəz kampaniyası sonda elə qurumun özü üçün mənfi nəticələrlə sonuclanacaq. 
Əslinə qalanda, qurumun ölkəmizə münasibətdə bu şər-böhtan kamaniyası artıq AŞPA-nın özü üçün mənfi nəticələrə gətirib çıxarıb. Səməd Seyidova qarşı mənəvi-siyasi akt qəbul edildiyi halda, vaxtilə Avropa Şurasına rəhbərlik etmiş şəxsə qarşı korrupsiya ittihamı irəli sürülüb. Həmin rəhbərə münasibətdə 10 illik cəza tətbiq edilib. Məsələ ona görə də Avropada siyasi arenadan çıxaraq istintaq məsələsinə doğru yönəlib. Deməli, AŞPA-nın özündə korrupsiya elementləri var.  Belədə də indi qurum çabalayır ki, yaxasını korrupsiya psixologiyası və dünyada rüsvay olmaq ittihamından qurtarsın. Deməli, AŞPA rəhbərliyinin özündə korrupsiya elementləri var ki, bu da quruma heç də başucalığı gətirmir. Deməli, Avropa Şurası ədalətli mövqedən çıxış etməli, iş üslübunu dəyişməlidir ki, etdiyi ləkələri təmizləyə bilsin”.
Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, AŞPA qərəzli mövqeyilə mühüm təsir gücünə malik Azərbaycanı özü üçün itirməli olacaq: “Əvvələr də Azərbaycana təzyiq göstərmək, onu öz təsiri altına almaq üçün AŞPA-da bu cür cəhdlər olub. Burada məqsədləri Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsinin qarşısını almaqdır. Azərbaycan yeni müstəqil dövlət olmasına baxmayaraq, ümumən əhalinin marağına cavab verən siyasət yürüdür. 
Neftdən gələn gəlirlərdən ölkənin inkişafına, eyni zamanda gələcək nəsillərin ehtiyatı kimi istifadə edilir. Həmçinin, Azərbaycan hansısa dövlətin forpostu rolunu oynamaqdan imtina edib. Ona görə də ölkəmizə bu tip təzyiqlər edilir, Azərbaycanla bağlı ədalətsiz qərarlar verilir. 
Bəlkə də məqsədləri Azərbaycanı Avropadan üz döndərməyə,  demokratik dövlət quruculuğu siyasətindən imtina etməyə vadar etməkdir. Amma buna baxmayaraq, Azərbaycan heç zaman nə müstəqilliyindən əl çəkməyəcək, nə də bu günün tələblərinə cavab verən demokratik dövlət quruculuğu siyasətindən imtina etməyəcək. 
Hesab etmirəm ki, AŞPA Azərbaycanı özündən tamamilə təcrid etmək istəyir. Belə olarsa, həmin qurum, Azərbaycan və onun vasitəsilə böyük bir areala təsir etmək imkanından məhrum olacaq. Onlar fikirləşirdilər ki, Azərbaycana nə qədər çox təsir etsələr, ölkəmiz bir gün sınacaq, özünün müstəqil siyasətindən imtina etməyə məcbur olacaq. Azərbaycan Avropadan üz döndərərsə, qitənin enerji təhlükəsizliyində problem yaranacaq, ölkəmizin valyuta ehtiyatları Avropa banklarında deyil, Amerika, Asiya, Yaxın Şərqin nüfuzlu banklarında yerləşdiriləcək. Azərbaycana investisiyanı yerləşdirməkdə digər qitə ölkələri üstün mövqeyə malik olacaqlar. Bu isə əlbəttə ki, ölkəmizə qarşı yanlış mövqe tutanların heç də planlarına daxil deyil”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz