Əlaqə Arxiv
news Image
2018.05.25
10:00
| A A A
Ermənistanda Qarabağın qaytarılması tələbi artır
Azər Həsrət: “Ermənistanın istənilən probleminin çözümü Azərbaycana bağlıdır”

Ermənistanda inqilabdan sonra cəbhədə verilən ilk itkilər düşmən ölkədə narazılıq yaradır. Hətta belə tələblər də səslənir ki, Ermənistanın yeni, qanuni hökuməti xalqa sülh gətirməlidir. Narek Sarkisyan adlı erməni ekspert yazır: “Ermənistanın yeni, qanuni hökuməti gec-tez bizim əsas problemimizlə bağlı suala cavab verməlidir: o, öz xalqına sülhü necə gətirəcək? Qoy güzəştlərlə gətirsin, qoy xalqa bunun baha başa gələciyini izah etsin. İnsanlar anlayacaq. Axı əvəzində dəyərli bir şey - sülh qazanacağıq.Bu, mütləq baş verməlidir. Hansı yolla olursa, olsun. İstər Azərbaycanı inandırmaqla, istər kapitulyasiya ilə. Xalq buna dəstək verəcək, bu dəyər uğrunda bir nəfər kimi mübarizə aparacaq. Təki problemin yaxşı bir çözümü olsun“. Bu tələblərin yerinə yetirilməsi mümkündürmü və belə tələblər nədən qaynaqlanır?

Siyasi icmalçı Azər Həsrətin fikrincə, yuxarıda adı hallanan erməni ekspertinin açıqladığı fikirlər Ermənistanda xalqın hazırda eyforiyada olmasından qaynaqlanır: “Ümumiyyətlə, Sarkisyan rejiminə qarşı ayağa qalxan xalq düşünürdü ki, hakimiyyət başında duran adamı dəyişməklə ölkənin bütün problemlərini çözmək mümkündür. Yəni onlar yaşadıqları problemlərin kökünü hakimiyyət başında dayanan siyasətçidə görürdülər. Əslində, bu mövqelərində haqlı idilər. Çünki, Sarkisyan iki dönəm prezidentlik edəndən sonra yenidən baş nazir olaraq vəzifəsini davam etdirmək istəyirdi. Xalq isə bu illər ərzində ondan gözləntilərini ala bilməmişdi. 
Əsas gözləntilər iqtisadi problemlərin həlli və təbii ki, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik çözülməsilə bağlıdır. Bütün bunları həll edə bilmədiyinə görə xalq düşündü ki, onu devirib yerinə xalqın öz içindən çıxan birisini gətirməklə problemləri həll edə bilərlər. Beləcə Paşinyan baş nazir oldu. Lakin onun baş nazir olmasından sonra da həmin xalq yenə də küçələrdədir. Çünki Paşinyan da mövcud problemlərin  heç birini həll etməyib, etməsi də mümkün deyil.
Sadəcə olaraq, Ermənistanda ictimai rəyin lokomotivi olan şəxslər manipulyasiya etməklə məşğuldurlar. Görünür, özlərinin uzaq gedən məqsədləri var. Bu məqsədləri rəhbər tutaraq da xalqı küçələrdə saxlayırlar. Həmişə demişik, bu gün də o fikirdəyik, Ermənistanın istənilən probleminin çözümü Azərbaycana bağlıdır. Azərbaycan istəmədikcə. Ermənistanın heç bir problemi çözümünə qovuşmayacaq. Xüsusən də sosial-iqtisadi sahədə heç bir problemləri öz həllini tapmayacaq. Ermənistanın çıxış yolu odur ki, Dağlıq Qarabağ və digər işğal etdiyi ərazilərdən könüllü şəkildə çıxıb getsin, Azərbaycana dost əlini uzatsın, danışıqlar masası arxasında otursun, ölkəmiz və Türkiyə ilə birlikdə öz problemlərini həll etsin. Ermənistanda istənilən şəxs hakimiyyətə gələrkən bunu edərsə, ölkənin bütün problemləri həllinə qovuşacaq. Bunu istəməyən istənilən hakimiyyət isə uğursuzluğa məhkumdur. Bu mənada Ermənistanda ekspert və digərlərinin belə fikirlər səsləndirməsi məhz həmin məqamdan qaynaqlanır. Yəni onların gözləntiləri var idi ki, hakimiyyət dəyişməklə problemlər həllinə qovuşacaq. Amma uzaqgörənlik çatmadığından gördülər ki, istədiklərini əldə edə bilmirlər. Ona görə yenə də küçələrdədirlər. Paşinyan gedib digərinin gəlməsilə belə şəraitdə hrç nə dəyişməyəcək. Dəyişməsi üçün Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarından çəkilib getməsi lazımdır. İlk addım bu olmalıdır. Bu olmayacağı halda heç nə də dəyişməyəcək”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz