Əlaqə Arxiv
news Image
2018.06.02
07:00
| A A A
Moskvadan İrəvana Qarabağ cəzası
İlqar Vəlizadə: “Rusiya Azərbaycanla münasibətlərə daha çox üstünlük verəcək” Natiq Miri: “Hansısa mərhələdə Ermənistan Rusiya üçün tamamilə çıxdaş edilə bilər

Ermənistanda Rusiya əleyhinə olan şəxslərin hakimiyyətə gətirilməsi geniş vüsət alıb. Baş nazir Nikol Paşinyan kabinetinə Rusiyanın ən qatı əleyhdarlarını toplayır.  Məsələn, diaspor işləri üzrə yeni nazir müavini Babken Ter-Qriqoryan Soros Fondunun İrəvandakı keçmiş koordinatorudur, aprel müharibəsindən sonra Rusiya səfirliyi qarşısında Putin əleyhinə aksiyalarda şəxsən iştirak edib və Rusiya prezidentinə qarşı təhqiramiz plakatlar nümayiş etdirib.  

Daha bir anti-Rusiya siyasətçisi, rus dünyasına və hətta rus dilinə nifrətini gizlətməyən Araik Arutyunyan təhsil naziri təyin edilib. Bundan başqa, Dövlət Nəzarəti Xidmətinin rəisi vəzifəsinə “Putin terrorçudur” və “Məhv olsun Rusiya” şüarları ilə Rusiya səfirliyinə doğru yürüşün təşkilatçısı David Sansaryanı təyin edilib. Təxmini proqnozlara görə, yeni hökumətdə 10-a yaxın vəzifəli şəxs qərbyönümlüdür. Eyni zamanda, yeni baş nazir Nikol Paşinyan ilk rəsmi səfərini Qərbyönümlü Gürcüstana etdi. Hansı ki, ilk rəsmi səfər yeni dövlət başçısının siyasətində xüsusi əhəmiyyətə malik addımdır və yeni hakimiyyətin xarici siyasi istiqamətlərini və prioritetlərini müəyyənləşdirir. Siyasilərin fikrincə, bütün bunlar gələcəkdə Rusiya-Ermənistan münasibətlərində gərginliyin olacağına işarə edir. 
Siyasi şərhçi İlqar Vəlizadə Ermənistanın daxili və xarici siyasətində müəyyən dəyişiklər olacağına güman edir: “Ancaq radikal dəyişiklər olmayacaq. Ermənistan rəhbərliyi başa düşür ki, xüsusən xarici siyasətində radikal  dəyişikliklər edərsə, təhlükəli, acınacaqlı nəticələri olar.  
Hazırda siyasətlərini yarımçıq addımlarla Qərbə istiqamətləndiriblər. Lakin yarım addımlar da Rusiya üçün təhlükəlidir. Rusiyanın rəsmi dairələrinə yaxın olan ekspertlər, millət vəkilləri bildirirlər ki, bu siyasət Ermənistanı tədricən Rusiyan orbitindən çıxartmağa hesablanıb. Belə bir vəziyyətdə isə Rusiya regionda daha dayanıqlı tərəfdaş axtarışında olmalıdır. Bu fonda tərəfdaş kimi Azərbaycanı daha çox görür. 
Düzdür, Azıərbaycan Rusiyanın heç bir layihələrində iştirak etmir. Lakin ikitərəfli müansibətlərin möhkəm əsaslarla qurulması onu göstərir ki, Azərbaycan daha dayanıqlı tərəfdaşdır. O baxımdan Rusiya Azərbaycanla münasibətlərə daha çox üstünlük verəcək. Bu da fürsət yaradır ki, Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanı aktivləşdirə bilək. Yaranmış reallıqları nəzərə alaraq Qarabağ məsələsində Rusiyanı Azərbaycana tərəf yönəltmək olar”. 
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirdi ki, Nikol Paşinyan  baş nazir olduqdan sonra strateji vəzifələrə qərbyönümlü şəxslərin təyinatı üstünlük təşkil edir: “Bu, Rusiyanın diqqətindən yayınmır. Rusiyanın bu istiqamətdə ciddi narahatçılığı da var. 
Düzdür, rəsmi şəkildə bildirilməsə də, siyasətçilərin sözlərindən açıqca sezilir. Bu da perspektivdə Rusiya-Ermənistan hökumətləri arasında qarşıdırma ehtimalını artırır. O baxımdan N. Paşinyan uzun müddət Qərbə inteqrasiya xəttini gizlədə bilməyəcək. Çünki Rusiya kəşfiyyatı Ermənistanda bütün proseslərə nəzarət edə bilir. Hansısa mərhələdə Ermənistan Rusiya üçün tamamilə çıxdaş edilə bilər. Bundan başqa, N. Paşinyanın ilk rəsmi səfərini Gücüstana etməsi də Rusiyanı qıcıqlandırmamış deyil. Bununla N.Paşinyan qərbyönümlü hədəflərini ortaya qoymuş oldu. Bu hədəflərdə Rusiyanın olmadığı ortaya çıxdı. Rusiya belə bir geosiyasi dəyişiklərlə razılaşacaq deyil. O baxımdan proses bu cür davam etdiyi təqdirdə nəticə Azərbaycanın istədiyi yönə doğru inkişaf edəcək. Hansısa mərhələdə Azərbaycan-Rusiya yaxınlaşması baş verə bilər. Bu fonda da Rusiyanın Azərbaycana Qarabağ əməliyyatı üçün yaşıl işıq yandıra ehtimalı artır. 
Bundan başqa Cənubi Qafqaza ABŞ-ın müdaxiləsi olduğu təqdirdə Rusiya gözünü yummadan qərar verəcək və Ermənistanı cəzalandıracaq. Proseslər buna doğru gedir”.
Politoloq əlavə etdi ki, korrupsiyanın və monopoliyanın aradan qaldırılması belə erməni iqtisadiyyatını böhrandan xilas edə bilməyəcək: “Bunun üçün Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini düzəltməsinə ehtiyac var. Bu münasibətlərin yaranması isə Ermənistanın Qarabağ məsələsində güzəştindən keçir. Bunu N. Paşinyan nə qədər tez həyata keçirərsə, Ermənistanın gələcəyinin önünü bir o qədər tez aça bilər. Əks siyasət yürüdüləcəksə, yeni hökumət də eməni xalqının gözündən düşəcək. Yəni, Qarabağ problemi N. Paşinyanın siyasətində asılı olacaq. Ancaq Paşinyan hökumətinin möhkəmlənməsinə ehtiyac var. O mənada ki, parlamentdə çoxluq Serj Sarksiyanın partiyası tərəfindədir. Buna görə də yeni hökumətin proqramını parlamentdə təsdiq etmək çətin olacaq”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz