Əlaqə Arxiv
news Image
2018.06.02
09:30
| A A A
AXCP-də sıravi üzvlərlə rəhbərlik arasında pul qalmaqalı böyüyür
Mais Səfərli: “Əli Kərimlinin təşkilatında üzvlərlə rəhbərlik arasında münasibətlər nəinki pisləşəcək, hətta ciddi konfliktlər yaranacaq” Niyaməddin Orduxanlı: “Əli Kərimlinin sözügedən hərəkəti, partiyadaşlarını aldatması təşkilatda yeni kütləvi istefalarla müşayiət olunacaq”

AXCP-nin qaranlıq maliyyə mənbələri açıqlanandan sonra partiyada rəhbərliklə sıravi üzvlər arasında ziddiyyətlər artır. Buna səbəb nədir və belə vəziyyətdə partiyanın parçalanmasının yeni mərhələsinin başlanmasını gözləmək olarmı? 

Yurddaş Partiyasnın sədri Mais Səfərli bildirdi ki, qaranlıq maliyyə mənbələrinin üzə çıxması ilə AXCP-də rəhbərliklə sıravi üzvlər arasında daha gərgin ziddiyyətlər yaşanacaq və partiya yeni-yeni istefalarla üz-üzə qalacaq: “Əli Kərimlinin rəhbəri olduğu AXCP-nin qaranlıq maliyyə mənbələrilə məşğul olması çox ciddi bir məsələdir. Bu hal bütöv cəmiyyəti narahat edən bir məqamdır. 
Azərbaycan qanunlarına görə, siyasi partiyalar xaricdən maliyyələşdirilə bilməz. Bu, birmənalı şəkildə qanunda öz əksini tapıb. Buna gedilməsi Azərbaycan dövləti, onun Konstitusiya quruluşu üçün təhlükələrin yaradılması deməkdir. Bir anlığa təsəvvür edək ki, xaricdən maliyyələşən iddialı siyasi qüvvə hakimkiyyətə gəlir. Onda həmin qüvvə Azərbaycanı bağlı olduğu, maliyyə aldığı təşkilatlara təslim edəcək. Ona görə də xaricdən maliyyələşmək qorxulu və təhlükəli məsələdir. AXCP-də sıravi üzvlərin Əli Kərimli və rəhbərlikdə olan bir qrupdan narazı qalmasına səbəb olan bir amil də gətirilən həmin vəsaitin məhz bir qrup tərəfindən mənimsənilməsilə bağlıdır. Həmin maliyyənin partiya üzvlərindən gizlədilməsi də siyasi etikadan kənar məsələdir. Necə ola bilər ki, partiya üzvləri təşkilatın hardan maliyyələşdiyi barədə heç bir məlumata malik deyillər? 
Həmçinin, bu maliyyə partiya üçün nəzərdə tutulubsa, nədən onu ancaq bir-iki nəfər xərcləməlidir? Düşünürəm ki, bu kimi məsələlər ətrafında ciddi araşdırmalar aparılmalıdır və aparılacaq. Siyasi təşkilatların maliyyə mənbəyi şəffaf olmalı və cəmiyyət də bu barədə dəqiq məlumata malik olmalıdır. AXCP-də mövcud olan həmin məsələyə hüquqi qiymət verilməsilə yanaşı, eyni zamanda cəmiyyətdə prosesə qiymət verməlidir. Çünki Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükələr yaradır. Əslində, narazılıqlar fonunda AXCP adlanan qurumda demək olar ki, olduqca az insan qalıb. Əli Kərimlinin çevrəsində cəmi 5-10 adam var. Belə hesab edirəm ki, baş verən son hadisədən sonra həmin 5-10 nəfər də partiyanı tərk edib gedəcək. AXCP artıq siyasi fiaskoya uğrayıb. Qaranlıq maliyyə mənbələrilə bağlı yaşanan vəziyyət fonunda həmin təşkilatda üzvlərlə rəhbərlik arasında münasibətlər nəinki pisləşəcək, hətta ciddi konfliktlər yaranacaq, ciddi proseslər baş verəcək”.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı da əmindir ki, Əli Kərimlinin sözügedən hərəkəti, partiyadaşlarını aldatması təşkilatda yeni kütləvi istefalarla müşayiət olunacaq: “Xatırlayırsınızsa, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində Rusiyanın gerçəkləşdirdiyi Rüstəm İbrahimbəyov layihəsi var idi.  Həmin layihəni burada gerçəkləşdirməyə çalışan qurumun adı isə Milli Şura idi. Məhz Milli Şuranın təşkilatçılığı ilə Rusiya 2013-cü il prezident seçkilərində öz namizədini ortaya çıxardı. Seçkilər bitəndən sonra isə Əli Kərimli Milli Şuraya sahib çıxdı. İndi hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyatla həbs edilən şəxslər məhz Rusiyadan Əli Kərimli üçün maliyyə mənbəyi təşkil edirdilər. Yəni həmin qaranlıq maliyyə vəsaitləri Rusiyadan gəlirdi. 
Əli Kərimli özü etiraf edib ki, bu pullar ona Rusiyadan dostu vasitəsilə göndərilib. Əslində isə bu Rusiyanın müəyyən qüvvələrinin Əli Kərimliyə ötürdüyü maliyyə dəstəyidir. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamenti son dinləmələrə Əli Kərimlini deyil, Emin Millini dəvət edib. Bu, o deməkdir ki, artıq Əli Kərimli Amerikanın etimadını itirib. Bunun da səbəbi həmin şəxsin əslində Rusiya və İranla  yaxından əməkdaşlıq etməsilə bağlıdır. Maliyyə məsələsinin ortaya çıxması da bir daha sübut etdi ki, Əli Kərimlinin Rusiya ilə yaxın əməkdaşlıqdadır, bu ölkənin təsir dairəsindədir. 
Bu şəxs pul aldığını etiraf edir, amma onun 412 min dollar deyil, az miqdarda olduğunu deyir. Yəni bilərəkdən verilən vəsaiti az göstərir ki, yanındakılar az aldıqlarından ona etiraz etməsin. Əli Kərimli də maliyyə vəsaitini az göstərməklə əslində, partiya daxilində yaranan narazılığı heçə endirmək istəyir. Əli Kərimli simic olduğundan onun uğrunda mübarizə aparan insanlara belə pul verməyə xəsislik edir.  Bu fonda həmin təşkilatda yenidən rəhbərlikdən narazılıq artacaq. Həmin vəziyyət də öz növbəsində Əli Kərimlinin təşkilatında gərginliyin daha da artması və  yeni-yeni istefalara gətirib çıxaracaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz