Əlaqə Arxiv
news Image
2018.06.05
10:58
| A A A
Moskva Qarabağ məsələsində İərvana yerini göstərdi
Adıgözəl Məmmədov: “Rusiya dəstəyini çəkən anda Ermənistan da təcavüzkar bəyantlarından geri çəkilmək məcburiyyətində qalacaq” Qabil Hüseynli: “Bütün hallarda Rusiya Nikol Paşinyanın kim olduğunu yaxşı bilir”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair bəyanatları qeyri-konstruktivdir”. Bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin deyib. A.Kojin bildirib ki, bu məsələ ilə bağlı əsasən ATƏT tərəfindən qoyulan müvafiq relslərə uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir”.

Xatırladaq ki, son zamanlar Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə bir neçə fitnəkar bəyanatı ilə fərqlənib. Məsələn, bəyanatlarından birində o, Qarabağ separatçılarını danışıqlar masası arxasına qaytarmağı tələb edir və Bakını danışıqların davamı üçün "DQR"i tanımağa çağırırdı. 
Politoloq Adıgözəl Məmmədov hesab edir ki, Artyom Kojinin timsalında Rusiya Xarici İşlər Nazirliyinin bu cür açıqlama verməsi Nikol Paşinyanın siyasətinin Rusiyanın maraqlarına uyğun gəlmədiyinin göstəricisidir: “Rusiya bu açıqlama ilə regionda proseslərin ssenari müəllifi olduğunu göstərir. Yəni, N.Paşinyanın sözləri mövcud oyunları pozur, status-kvonun şərtlərindən kənara çıxır. 
Hər bir halda N.Paşinyan da Rusiya siyasətinin bir parçasıdır. Onun istənilən bəyanatı Moskva ilə köklənmirsə, ucuz gurultudan başqa effekt verməyəcək. Çünki Ermənistan faktiki olaraq, Rusiyanın quberniyasıdır. 
Rusiya dəstəyini çəkən anda Ermənistan da təcavüzkar bəyantlarından geri çəkilmək məcburiyyətində qalacaq. O baxımdan erməni baş nazir milliyyətçi bəyanatlar verərkən, papağını qarşısına qoyub düşünməlidir. Vəziyyət belə davam edə bilməz. Müşahidələr onu göstərir ki, Ermənistan da Rusiyadan qopmaq istəyir. Ancaq bununla yanaşı körpüləri “yandıran” bəyanatlar da verir. Yaxşı olardı ki, Ermənistan konstruktiv mövqeyə gəlsin”.
Digər politoloq Qabil Hüseynli bildirdi ki, sonradan Artyom Kojin verdiyi bəyanatı təqzib etdi: “Ancaq bütün hallarda Rusiya Nikol Paşinyanın kim olduğunu yaxşı bilir. Həqiqətən də Nikol Paşinyan daxili auditoriyaya hesablanmış bəyanatları ilə Dğlıq Qarabağ məsələsində radikal mövqe tutacağını nümayiş etdirmək istəyir. Lakin Rusiya tərəfinin qeyd etdiyi kimi, ATƏT-in bununla bağlı platformasına zidd addımlar atır. Bu da onu göstərir ki, Nikol Paşinyan hələ nə daxili, nə də xarici proseslərlə bağlı məsələlərin heç birinə normal yiyələnə bilməyib. Xüsusən Dağlıq Qarabağ məsələsində formalaşmış danışıqlar praktikasından xəbəri yoxdur. Bu səbəbdən də populizmə meyl edərək, erməni xalqının hisslərini cilovlamaq, Dağlıq Qarabağda güzəştə getməyəcəyi barədə qeyri-konstruktiv açıqlamalar verir. 
Onsuz da indiyə qədər qeyri-konstruktiv mövqe danışıqlar prosesinə əngəl yaradıb. İndi də bu cür bəyanatlar yeni əngəllər yaratmaq yolunda olduqlarının daha bir göstəricisidir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz