Əlaqə Arxiv
news Image
2018.06.06
09:30
| A A A
Məktub trilogiyası və Azərbaycanın siyasi akkordu
ABŞ-dan Bakıya göndərilən mesajlar beynəlxalq aləmdə əks-səda verib

Yaz fəsli Cənubi Qafqaz regionuna özünəməxsus siyasi yenilik gətirib. Həmişə qaynarlığı ilə seçilən bu coğrafi məkanın təbii-tarixi yeri daim böyük siyasətin mərkəzində yer alıb. İndi də supergüclər arasında kəskinləşən ilişkilər düyünü bu region üzərində vurur və bununla da onu beynəlxalq siyasətin vacib predmetinə çevrilməsini təsdiqləyirlər. Amma regionda 3 dövlət var və bunlar arasında da müvafiq öncüllük məsələsi mövcuddur. İki onillikdən çoxdur ki, Azərbaycan Cənubi Qafqazın liderliyinə yüksəlib və bu yolda sürətlə irəliləyir. Gürcüstanın bu yarışda Azərbaycanla ayaqlaşması imkanları xaricindədir, Ermənistandan isə söhbət belə gedə bilməz. Hətta, baxmayaraq ki, Azərbaycanın ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Buna görə də strateji məqsədlər və geosiyasi məqsədlərlə regiona təşrif buyuranlar mütləq Azərbaycvanla əlaqə qurmağa maraq göstərirlər. Çünki, bunsuz Cənubi Qafqazda uğur qazanmaq imkanı, sadəcə, yoxdur. 

Sadalanan səbəblərdən bu yaxınlarda qısa zaman kəsiyində nəhəng ABŞ-ın Prezidenti Donald Trampdan Azərbaycan Prezidenti İlham Əliyevə dalbadal üç məktubun göndərilməsi politoloqların və siyasi ekspertlərin diqqət mərkəzinə düşüb. Adətən siyasi liderlərin yazışması həcm etibarı ilə qısa olur. Amma məzmunda yerləşmiş birbaşa və sətiraltı mənalar roman janrının trilogiyası qədər geniş və əhatəli olur. 
Trampın məktubları İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi, Cümhuriyyətin 100 illiyi və  Bakıda keçirilmiş Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə bağlıdır. Mahiyyəti etibarı ilə xoş duyğularla təbrik ifadə edilən məktublar həm də Donald Trampın region üzrə siyasətinin konturlarını əks etdirir. Qeyd etmək yerinə düşər ki, indiyədək Amerika prezidentləri tərəfindən Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsi barədə Trampın yazdığı məktubda ifadə etdiyi fikir qədər əməli niyyət olmayıb. Tramp isə aydın şəkildə yazır: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”. 
Bu sətirlər göstərir ki, ABŞ prezidenti Qarabağ münaqişəsinin həllinə ciddi mmaraq göstərə bilər. Bəs, səbəb nədir? Sözsüz ki, bu yerdə Azərbaycanın müstəqil siyasət yürütməsi, sürətli inkişafı və demokratik quruculuq yolu ilə irəliləməsi əsas prrinsiplərdir. Tramp prezident seçiləcəyi təqdirdə amerikalıların işləyərək qazanc əldə etmələrini stimullaşdırmağa söz vermişdi. Ötən müddətdə o, vədinə əməl edib və ABŞ-da işsizliyin səviyyəsi hissolunacaq dərəcədə aşağı düşüb. Eynilə Azərbaycanın da iqtisadi uğurları Tramp tərəfindən qiymətləndirilir və iqtisadçı kimi dəyər verilir. Xüsusilə, dünyada və konkret olaraq Avropanın enerji təhlükəsizliyi prosesində Azərbaycanın yeni istiqamət yaratması böyük iqtisadi və siyasi yükə malik olması praqmik Trampın diqqətindən qaçmır.  Amerika Prezidenti məktublarından birində yazır: “Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir”. 
Aİ və ABŞ strateji müttəfiqlərdir. Bu səbəbdən Avropanın enerji təhlükəsizliyi Amerika üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan bu işdə ona ən yaxın yardımçı vəzifəsini yerinə yetirir. Tramp bunu yaxşı başa düşür və qiymətləndirir.
Məsəl var, “deyir, dostunu mənə göstər, deyim necə adamsan”. Azərbaycanın praqmatik və xarizmatik imicə malik prezidenti İlham Əliyevin balanslı xarici siyasəti digər dövlətlərin Azərbaycana hüsn-rəğbətlə yanaşmasının əsas amillərindəndir. ABŞ prezidentinin məktublarında yazdığı fikirlərdən görünür ki, bu meyarları Tramp da yüksək qiymətləndirir: “...Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm”. 
ABŞ-ın dövlət başçısı Donald Tramp Azərbaycan Prezidentinə ünvanladığı ikinci məktub Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə təbrikdir. D.Tramp məktubunda Azərbaycanla əməkdaşlığın konkret istiqamətlərini inkişaf etdirməyin zəruriliyini qeyd edib. Ekspertlərin diqqətini daha çox bu məqam çəkib. Bir sıra analitik mərkəzlər dərhal həmin fikirləri ifadə etməklə Amerika Prezidentinin nələri nəzərdə tutması barədə məqalələr dərc etməyə başlayıblar. Bu ifadə erməniləri də təşvişə salıb. Erməni lobbisi isə daha gərgin duruma düşüb. Çünki, belə bir niyyəti onlar gözləmirdilər.
ABŞ Konqresinin ermənipərsət üzvləri - Bred Şerman və Kristofer Smit bundan əvvəl Dağlıq Qarabağdakı separatçı rejimə maddi yardım göstərilməsi təşəbbüsü ilə çıxış etmiş, “erməni soyqırımı”nın tanınmasına və qəbul olunmasına dair bəyanat səsləndirmişlər. Belə bir anti Azərbaycan təbliğatı fonunda dövlət başçısının Azərbaycana və onun prezidentinə yüksək səviyyəli münasibət sərgiləməsi Ermənistana və bu ölkənin xaricdəki lobbi təşkilatlarına güclü zərbədir. Trampın məktublarında ifadə olunan fikirlər isə Azərbaycanın regional liderliyini möhkəmləndirən və beynəlxalq nüfuzunu artıran amillərdir. Aydın görünür ki, Azərbaycanın müstəqil siyasəti beynəlxalq münasibətlərdə uğurla irəliləyir.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz