Əlaqə Arxiv
news Image
2018.06.06
09:40
| A A A
“Qarabağ klanı” ilə İrəvan erməniləri biri-bərlərini qırır
Ermənistanda ikitirəlik getdikcə daha güclü şəkildə özünü biruzə verir

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş verənlər barədə proqnoz verilərkən əksər ekspertlər cəmiyyətdə siyasi revanşizmin baş alıb gedəcəyini bildirmişdilər. Nikol Paşinyanın “baş nazir”liyinin bir ayı tamam olmamış qisasçılıq aktları başlayıb. “İrəvan klanı”nın qisas cəhdlərinə qarşı ilk etirazlar baş qaldırıb. “Qarabağ klanı“ Ermənistanın baş naziri Nikol Paşinyana qarşı açıq etiraza başlayıb.

İlk etirazı erməni general Arkadi Ter-Tadevosyan dilə gətirib. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında baş verən dəyişikliklərə Tadevosyan etiraz edib. Onun fikrincə, Baş Qərargahın yeni rəisi Artak Davtyan Ermənistan ordusunu idarə etmək üçün peşəkar kadr deyil. Tadevosyan bununla özünün həmyerlisi olan Movses Akopyanın Baş Qərargahın rəhbərliyindən göndərilməsinə qarşı çıxıb.  
Bu arada vəziyyəti qəlizləşdirən daha bir hadisə Xankəndində yaşanıb. Qondarma respublikanın təhlükəsizlik xidməti rolunda çıxış edən bir nəfər iki yerli sakini küçənin ortasında möhkəmcə əzişdirib. Sakinlər buna etiraz olaraq yerli “hakimiyyətə” qarşı mitinqə başlayıblar. Əhali “rəhbər”lərin istefasını tələb ediblər. Bu hadisə İrəvanda və Xankəndində ciddi həyəcan doğurub. Buna görə Ermənistanın baş naziri mitinqçilərə aksiyanı dayandırmaq çağırışı edib. Lakin ona qulaq asan olmayıb. İyunun 4-də qondarma respublikanın rəhbəri Saakyan bir qrup etirazçını qəbul etdikdən və hansısa vədlər verdikdən sonra mitinq dayandırılıb. İlk baxışda bu hal inqilabın Xankəndinə sirayət etməsi anlamına gəlib. Lakin əslində mitinqi Qarabağ klanı təşkil edib və Paşinyanın yox, Bako Saakyanın təsiri ilə dayandırılması Paşinyana bir mesajdır ki, “Qarabağda bizim hökmümüz keçir”.
Erməni sosioloq David Karabekyan etiraf edib ki, Qarabağ İrəvan tərəfindən idarə olunur: “Biz eyniyik, sadəcə olaraq, hər şey süni şəkildə bölünüb və guya elə təqdim edirlər ki, ayrıca respublikayıq. Bunun belə olmadığını hər kəs bilir. Bu baxımdan, İrəvanda hakimiyyətin dəyişməsi ilə nəticələnən aksiyalardan sonra Xankəndindəki ermənilər də ayağa qalxıb. Xankəndindəki rejim kriminal qaydalarla hərəkət edir”.
Belə bir gəlişmə Ermənistanda iki klan arasında natarazlığın getdikcə dərinləşdiyini sübut edir. Paşinyan isə verdiyi sözlərə rəğmən Sarkisyan güruhunu neytrallaşdırmağa çox tez başlayıb. Elə bir kənardan kimsə onu tələsdirir. Bəlkə də o, hakimiyyətdə çox qala bilməyəcəyindən qorxaraq tələsir. Hər bir halda onun idarəsi açıq-aşkar köhnələrin məhvinə yönəlib. Bir tərəfdən hakimiyyəti təzə ələ keçirmiş adam tərəfindən belə addımların atılması normaldır. O, hakimiyyətini möhkəmlətmək istəyir. Digər tərəfdən Paşinyanı hakimiyyətə gətirən kütlə klan davası yox, iqtisadi tərəqqi istəyir. Ermənistan statistika komitəsinin məlumatına görə 2016-cı ildə ölkədə 880 min yoxsul adam olub ki, bunların da 295 mini çox yoxsul, 54 mini isə son dərəcə, yəni acından ölüm ayağında olan adamlardır. Ümumi yoxsul əhalinin 33,5 faizi çox yoxsul, 6,1 faizi isə son dərəcə yoxsuldur. Amma əhali sayına nisbətdə ( hazırda Ermənistan əhalisinin sayı kağızda 3 milyona yaxın göstərilsə də, faktiki sayı 1,8 milyon nəfərdir) az qala yoxsulların sayı 50 faizə çatır. Paşinyan isə yoxsulluğu düzəltmək gücündə deyil, onun başı hazırda vəzifəsini qorumağa qarışıb. Amma baş nazir istəsə də vəziyyəti düzəltmək iqtidarında deyil. Əvəzində isə qarabağlı kadrlar bir-bir sıradan çıxarılır. 
İki klanın mübarizəsi gedişində süni vətənpərvərlik fonunda rəqibə zərbə vurmaq üçün Qarabağın Ermənistana birləşdirilməsi şüarları da səslənir. Erməni siyasi şərhçi Sarqis Arsruni yazır ki, Qarabağın Ermənistana birləşdirilməsi şüarları təhlükəlidir: “Bu təhlükəli presedentdir və Qarabağda daxili parçalanmaya gətirib çıxara bilər. Həmçinin bu tələblər danışıqlar prosesində təhlükəli kontekst yarada bilər və Azərbaycan bundan istifadə edə bilər”.
Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da aranın qarışmasından istifadə edərək cəmiyyətin fövqünə yüksəlmək istəyir. Beləliklə, Ermənistanda hakimiyyət dəyişikliyi regiona hələlik müsbət heç nə vəd etmir. Qarabağ münaqişəsinin həlli üzrə isə mövcud reallıq daha da mürəkkəbləşməyə doğru gedir. İndi bəzi ekspertlər Azərbaycanın radikal addımlar atmalı olduğunu söyləsələr də, ölkə rəhbərliyi daha rasional, beynəlxalq hüquq və normalar çərçivəsində həll variantına sadiqliyini nümayiş etdirir. Bir siyasət atributu kimi bu mövqe Azərbaycanın strateji üstünlüyünü möhkəmləndirir və həlledici addımların ən əlverişli məqamda atılmasını hədəfləyir. 
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz