Əlaqə Arxiv
news Image
2018.06.07
09:00
| A A A
Düşmən tərəfdə bitməyən qeyri-müəyyənlik Qarabağ münaqişəsini yenidən alovlandırır
Məhəmməd Əsədullazadə: “Ölkənin yeni rəhbərliyinin siyasi-iqtisadi konsepsiyası olmadığı üçün ümumi siyasi vəziyyət qaranlıq olaraq qalır” Fikrət Sadıxov: “Hazırda Dağlıq Qarabağda gedən proseslər göstərir ki, oradakı insanlar bu həyat tərzindən bezib”

Məlumdur ki, iyunun ayın əvvəlindən etibarən Dağlıq Qarabağda etirazlar başlayıb. Artıq Qarabağ separatçılarından bir neçə “məmur” istefaya gedib. Bunlar arasında “dövlət naziri” Araik Arutyunyan, Qarabağ separatçılarının “polis rəisi”, “general” Kamo Ağacanyan da var. Hətta Qarabağlı müxalifətçi, “Milli dirçəliş” partiyasının liderlərindən biri Tiqran Qriqoryan Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qondarma rejimin hərbi çevrilişlə devrilməsinə hazırlıq getdiyini bildirib. 

Qeyd edək ki, qeyri-sabit vəziyyət tək Dağlıq Qarabağda yox, həm də Ermənistanda yaşanır. Sanki Nikol Paşinyan hələ özünü tam baş nazir kimi bərkidə bilməyib. Siyasilərin fikrincə, Ermənistandakı qeyri-sabitlik hələ bir müddət davam edəcək. Belə olan təqdirdə isə Qarabağ danışıqlarının baş tutması uzanır ki, problemin həlli silahla danışığa doğru gedir. 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Ermənistanda siyasi vəziyyət qeyri-stabil olaraq qalmaqdadır: “Ölkənin yeni rəhbərliyinin siyasi-iqtisadi konsepsiyası olmadığı üçün ümumi siyasi vəziyyət qaranlıq olaraq qalır. Ermənistanda hazırda etirazların baş verməsi, tətillər davam edən iqtisadi və soaial xaosun nəticəsidir. Ölkədə baş verənlər Qarabağ probleminin həlli istiqamətində gözlənilən danışıqları da yubadır. 
 Hesab edirəm ki, danışıqların bərpa edilməsi üçün ilk növbədə işğalçı ölkədə siyasi vəziyyət stabilləşməlidir. Nikol Paşinyan kabineti növbədənkənar parlament seçkilərinə hazırlaşır. Parlament seçkilərinə qədər danışıqlarda hər hansısa müsbət tendensiyanın baş verməsi gözlənilmir. Bu arada ATƏT-in Minsk qrupunun Ermənistana səfəri gözlənilir. Bu səfərdə danışıqların mümkün başlanması və masada olan həll variantları müzakirə ediləcək. Nikol Paşinyanın danışıqlara başlaması qaçılmazdır. Çünki Ermənistan buna məhkumdur. Amma bu danışıqlar əvvəlki illərdə olduğu kimi yox, real nəticələrə əsaslanmalıdır. Yoxsa, Azərbaycan Qarabağ danışıqlarını bir neçə il də davam etdirməyəcək. Danışıqların əsas məğzi isə “Madrid prinsipləri”ni özündə ehtiva edir və yalnız ərazi bütövlüyü məsələsi pioritet olaraq qalır. Rəsmi İrəvan bu həll variantlarından kənara çıxarsa, ölkəmizin güc tətbiqindən başqa  yolu qalmayacaq”.
Digər politoloq Fikrət Sadıxov müharibə ehtimalının həmişə yüksək olduğunu qeyd etdi: “Odur ki, Ermənistanda vəziyyətin necə olması bizi maraqlandıran məsələ deyil. Hər an torpaqları işğaldan azad etməyə hazır olmalıyıq. 
Hazırda Dağlıq Qarabağda gedən  proseslər göstərir ki,  oradakı insanlar bu həyat tərzindən bezib. Ermənistanın yeni rəhbərliyi də Dağlıq Qarabağda bunların baş verməsində maraqlıdır. Çünki separatçı rejimə rəhbərlik edən insanların dəyişilməsini istəyir.  Nikol Paşinyan özünə tabe olan şəxsin rəhbərliyə gəlməsinə çalışır. Görünür, onlarda da rəhbərlik dəyişəcək. Etirazlar öz nəticəsini verəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz