Əlaqə Arxiv
news Image
2018.06.09
08:00
| A A A
İran-ABŞ-İsrail üçbucağında təhlükəli nüvə gərginliyi

İran yenidən uranın zənginləşdirilməsinə başlayıb. Belə ki, İran Natanz şəhərində uranın zənginləşdirilməsi üçün sentrifuj quraşdırılması mərkəzini 1 ay içində istismara verəcək.  

Bununla bağlı politoloq Qabil Hüseynli bildirdi ki, İran təmkinli davranmalıdır, əks halda yenidən uranın zənginləşdirilməsinə getməsi ona baha başa gələcək: “Dünyada nüvə silahı yaradan dövləti heç kim qəbul etmir. İran isə buna rəğmən, nüvə silahı yaratmağa can atır. Amma birmənalı olaraq, onun bu addımını dünya qəbul etməyəcək. 

Bu gün İranın hərəkətinə qarşı çıxan hələlik ancaq ABŞ-la İsraildir. Amma növbəti mərhələdə doğrudan da İran uranın zənginləşdirilməsinə başlasa, əksər ölkələr ABŞ-ın mövqeyini dəstəkləyərək ona qoşulacaq. Sözsüz ki, İranın bu hərəkətinə sözügedən ölkələr seyrçi qalmayacaqlar. Nəticədə İran yenidən sanksiyalar məngənəsində boğulacaq. Hətta düşünürəm ki, bu dəfə dünya ölkələri İrana qarşı daha sərt mövqe sərgiləyəcəklər. İran yenidən özünün əsas gəlir mənbəyi olan neft və qazını satmaqdan məhrum ediləcək ki, bu da cənub qonşumuzun iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərəcək. Nəticədə ABŞ və İsrailin dəstəyilə İranda hətta daxili çəkişmələr də yaşana bilər. Hansı ki, bu daxili çəkişmələr əvvəlki illərdə olandan daha kəskin olması ilə yadda qala bilər. Ona görə də İran uranın zənginləşdirilməsi məsələsində ehtiyatlı olmalı, təmkinli davranmalıdır. Tehran bu məsələdə təmkinli davranmayacağı təqdirdə, gələn gəlirləri xalqa sərf etmək əvəzinə hərbi xərclərin artırılmasına sərf edəcək ki, nəticədə sosial tədbirlər də ixtisara salınacaq. Artıq bunun nəticələri görünməkdədir. Ölkədə gündəlik tələbat mallarına ciddi ehtiyac hiss olunur. İnsanlar normal qidalana və içməli su ilə təmin oluna bilmirlər. Tehran uranın zənginləşdirilməsinə deyil, bu kimi sosial məsələlərin həllinin qayğısına qalmalıdır. İranın nüvə silahı yaratmağa can atması ona baha başa gələcək”. 


Politoloq Elşən Mustafayev düşünür ki, gərginlik artsa da, İranla ABŞ arasında yaşanan ziddiyyətlər hərbi müstəviyə keçməyəcək: “İranın yenidən uranın zənginləşdirilməsi istiqamətində hərəkətə keçəcəyilə bağlı proqnozlar hələ xeyli əvvəldən səslənirdi. Çünki  nüvə sazişinin pozulmasından sonra İranın uranı zənginləşdirəcəyini bərpa edəcəyi gözlənilən idi. ABŞ nüvə sazişindən çıxmaqla yanaşı İrana qarşı daha ciddi sanksiyalar tətbiq edəcəyini bəyan edərək, buna getdi. Tehran da ABŞ-ın bu addımına cavab olaraq uranın zənginləşdirilməsini bərpa edəcəyini bildirdi və göründüyü kimi artıq bu istiqamətə qədəm qoyub. Hadisələrin mövcud gedişatı fonunda vəziyyətin bu həddə gəlib çatacağı gözlənilən idi. Nəticə indi İranla Qərb arasında münasibətlər Barak Obamanın prezidentliyi dövründə həyata keçirilən yumşalmaya qədər olan vəziyyətə gəlib çıxır. Bu fonda deyə bilərik ki, İranın uranın zənginləşdirilməsinə getməsilə Tehranla Vaşinqton arasında münasibətlər 7 il əvvəlki dövrdə yaşanan münasibətlər səviyyəsinə çatacaq. 
Hətta deyərdim ki, bu dəfə münasibətlər daha kəskin xarakter alacaq. Bunu İranda da bilirlər. 
Nüvə sazişi imzalanmamışdan əvvəl ABŞ və İsrailin İrana münasibətləri bəlli idi. Qərb bu mənada hazırda İranda rejim dəyişikliyinə çalışır. İranın hazırkı rejimi də bunu bildiyindən bütün yollarla ona müqavimət göstərir. Ona görə də İranın uranın zənginləşdirilməsinə qayıtmasını bu ölkənin özünümüdafiəsi kimi qəbul etmək lazımdır. Bilirsiniz ki, İsraillə İran arasında münasibətlər əvvəldən də gərgin idi, indi də anoloji vəziyyət yaşanır. Hesab edirəm ki, bu gərginlik gələcəkdə də belə olaraq qalacaq. Qarşılıqlı ittihamlar yenə də davam edəcək. Amma İranla ABŞ arasındakı münasibətlərin indilikdə qaynar fazaya keçəcəyini düşünmürəm. Lakin ciddi sanksiyalar və gərginliklər olacaq. İrana kənardan hərbi müdaxilə olunacağını istisna edirəm. İsraillə onun arasında ola bislin, lokal xarakterli toqquşmalar olsun. Amma bu hadisələrin hərbi müdaxilə ilə nəticələnəcəyi  anlamına gəlməyəcək. Əsas odur ki, Qərb İran daxilində etirazçı qüvvələrin aktivləşməsində maraqlıdır. Bu mənada İranın atdığı addımdan sonra ən azından  4-6 il bundan əvvəlki situasiya təkrarlanacaq. Hətta həmin situasiyanın daha da gərginləşdirilməsi istiqamətində müəyyən addımlar atılacaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz