Əlaqə Arxiv
news Image
2018.06.09
11:38
| A A A
“Qarabağ klanı”na qarşı yeni savaş başlanır

Ermənistan hüquq mühafizə orqanları Daxili Qoşunların keçmiş rəhbəri general-mayor Qriqor Qriqoryanı dindiriblər. Bu barədə məlumatı “Jamanak” qəzeti yayıb. Qəzetin iddiasına görə, Qriqoryan dindirilmə zamanı etirazçılara atəş əmrini eks-prezident Robert Köçəryanın verdiyini etiraf edib. Qriqoryan Köçəryan prezident olduğuna görə, onun əmrinə tabe olmaq məcburiyyətində qaldığını deyib. General şəxsi təhlükəsizliyi üçün Köçəryanın danışığını gizli şəkildə qeydə aldığını da söyləyib. O, səs yazısını istintaqa sübut kimi verə biləcəyini də vurğulayıb. 

Qeyd edək ki, 2008-ci ilin martın 1-də prezident seçkisindən sonra saxtakarlığa etiraz edən etirazçılara açılan atəş nəticəsində 9 nəfər ölmüş, 200 nəfər yaralanmışdı. Köçəryanın bu addımının araşdırılmasına Serj Sarkisyanın hakimiyyəti dönəmində izn verilməyib. Paşinyan hakimiyyətə gəldikdən sonra fəallar 1 mart hadisələrinin araşdırılmasını tələb etməyə başlayıb.
Qriqoryanın etirafından və Köçəryanın səs yazısını istintaqa təqdim etməsindən sonra keçmiş prezidentin həbsinin reallaşması istisna deyil. Lakin onun hansı statusda dindiriləcəyi məlum deyil: müttəhim, yoxsa şahid. Axı, ona ittiham elan edilməsi üçün kifayət qədər əsas var. 
Daxili qoşunların komandanı tərəfindən prezident və ali baş komandan olan şəxsin səsinin gizli şəkildə yazılması hadisəsinin özündə cinayət tərkibi var. Həm də bu fakt özlüyündə Ermənistan adlı dövlətin möhkəm olmadığını və deyildiyi kimi, cinayətkarlardan ibarət olan dövlətin idarə olunması da cinayət hadisələri üzərində qurulduğundan hakimiyyət mənsublarının bir-birlərinə etibarı olmur, hər kəs özünü müdafiə üçün başqaları haqda kompromatlar toplayır.
Cinayət əməlindən keçən 10 il ərzində dəfələrlə bu məsələ qaldırılsa da Serj Sarkisyan hakimiyyəti bu istiqamətdə olan bütün cəhdlərin qarşısını alıb. Çünki, Köçəryan və Sarkisyan “Qarabağ klanı”nın üzvləri idi və bir-birlərinin ayaqlarını tapdalamaq fikrindən nəinki uzaq idilər, hətta bir-birlərini müdafiə edirdilər. Lakin vaxt gəlib yetişib və cinayətin üstü açılmaq ərəfəsindədir. İndi qarşıda iki sual durur: Paşinyan axıra qədər gedıə biləcəkmi? Və ya Köçəryan məsuliyyətdən qaça biləcəkmi?
Məsələ burasındadır ki, Köçəryanın həbsi Rusiyaya birbaşa zərbə vurulmasıdır. Bu, baş versə, Ermənistanda Rusiyanın nüfuzuna güclü zərbə olar. Paşinyan da məhz bunu istəyir. Çünki, onun fəaliyyəti bütün istiqamətlərdə Qərbə meyilliyini sübut edir. Əslində, bu tezliklə Rusiyanın adamları sayılan oliqarxlara və cinayətkarlara müharibə elan edilməsi Qərbin sifarişi ilə həyata keçirilir. Ona görə ki, Rusiyanın mövqeyi zəiflədikcə Qərbin mövqeləri güclənəcək. Bu nəticə gedən prosesi ehtiva edir. Bəs, Rusiyanın buna cavabı necə olacaq?! Kreml hadisələrin seyrçisi kimi qalacaqmı?
Hüquq və qanunpərəsliyin, rüşvətxorluğa qarşı mübarizənin carçısı rolunda çıxış edən Paşinyanı lap əvvəldən dəstəklədiyini bildirən oliqarx, yəni qeyri-qanuni v yollar və cinayət əməlləriylə varidat toplamış Sarukyan Moskvada hakimiyyət strukturları ilə geniş spektrdə görüşlər keçirib. Ekspertlər bu hadisəni Rusiyanın Ermənistana yeni canişin hazırladığı anlamında qəbul ediblər. Məsələ burasındadır ki, Ermənistan parlament respublikasıdır. Parlamentdə Sarukyan fraksiyasının 27 deputatı var. Artıq hakim Respublika Partiyasının parlament fraksiyası öz hegemonluğundan məhrum olub. Çünki, son bir neçə gündə fraksiyanı 6 deputatın tərk etməsi onun mütləq çoxluğunu əlindən alıb. Hazırda bu fraksiyada 52 deputat var. Gedən deputatlar hələlik müstəqil fəaliyyət göstərsələr də onların Sarukyan blokuna qoşulacaqları istisna deyil. Buna görə də yeni seçkilərədə qədər parlamentdə fraksiyalararası əməkdaşlıq qərarların qəbuluna ciddi təsir göstərəcək. Yəni, fraksiyalar arasında əməkdaşlıq uğrunda mübarizə kəskinləşəcək. Həm cəmiyyət daxilində, həm də parlamentdə yaranan kəskin qarşıdurmalar İrəvanın hazırda qarmaqarışıq olan siyasi isteblişmentində vəziyyəti daha da mürəkkəbləşdirəcək və Qərb tərəfdarları ilə Rusiya tərəfdarları arasında müharibə daha da şiddətlənəcək.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz