Əlaqə Arxiv
news Image
2018.06.12
08:14
| A A A
Cəbhədə ölən, yaralanan erməni əsgərlərinin sayı artır
Azər Həsrət: “Bir müddət sonra ermənilər ayağa qalxaraq Paşinyanın özünün devrilməsi üçün sərt addımlar atılmasına çağırış edəcəklər”

Cəbhədə ölən, yaralanan erməni əsgərlərinin sayı artır. Elə iyunun 10-da qoşunların təmas xətiinin Xocavənd-Ağdam istiqamətində Ermənistan işğalçı birləşmələrinin bir hərbi qulluqçusu vurulub. Qondarma "dqr müdafiə nazirliyi" 1992-ci ildə anadan olmuş, müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Vahan Yeloyanın ölümcül güllə yarası aldığını açıqlayıb. İnsidentdin hansı şəraitdə baş verdiyi göstərilmir. İyunun 7-də işğal altında olan Qarabağda qoşunların təmas xəttində təxribat törətməyə cəhd edərkən yaralanmış erməni əsgəri Qevork Xaçatryan isə İrəvana göndərilib.

Düşmən tərəf özlərinin həyata keçirdiyi təxribatlar, atəşkəsi mütəmadi olaraq pozmaları nəticəsində həddən çox itki verməkdə davam edir. Aydın məsələdir ki, yerli erməni gənclərinin gedib qanunsuz olaraq işğal olunan Dağlıq Qarabağda ölməsi xəbərləri Ermənistanda ciddi etirazlarla qarşılanır. Bu fonda xüsusən də erməni əsgər anaları cəmiyyəti daha çox fəallıq göstərir. Onlar öz övladlarının özgə torpaqlarda ölməsini qətiyyən qəbul etmirlər. Adətən, Ermənistanda baş qaldıran bir çox etirazlar da məhz erməni əsgərlərinin Dağlıq Qarabağa göndərilməsi və orada ölməsilə bağlı olaraq təşkil edilib. Serj Sarkisyanın dövründə dəfələrlə bu istiqamətdə etiraz aksiyaları baş verib. İndi Ermənistanda Paşinyan hakimiyyətdədir. Lakin buna baxmayaraq, onun zamanında da cəbhədə ölən və yaralanan erməni əsgərlərinin sayı azalmır. Əksinə daha da artır.

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Ermənistan gənclərinin özgə torpaqlarda ölməsi, cəbhə xəttində düşmən ordusunda baş verən itkilərin artması tezliklə öz istiqamətini Paşinyana qarşı yeni etiraz dalğasının alovlanmasına doğru yönəldəcək: “Ermənistan cəmiyyəti hazırda eyforiya içindədir. Amma onlar sadəcə olaraq, obyektiv gerçəkliklərdən xəbərsiz olduqlarından bu cür düşünürlər.

Hər gün cəbhə xəttində, xüsusən də işğal etdikləri Azərbaycan torpağı olan Dağlıq Qarabağ ərazisində Ermənistandan olan əsgərlərin ölməsi aydın məsələdir ki,  xalqın qəzəbinə səbəb olacaq. Çünki xalq gözləyirdi ki, Paşinyan rejimi çökəndən, Paşinyan gələndən sonra artıq əsgər ölümlərinə son qoyulacaq və Azərbaycanla hansısa formada dil tapılaraq problemin  dinc yollarla çözümü istiqamətində addımlar atılacaq. Amma gördüyümüz kimi, Pazşinyanın özü də çox aqressiv və məsuliyyətsiz, qızışdırıcı bəyanatlar verir. Hətta bu məsələdə o Sarkisyandan da daha aqressiv görünür. Bununla da Paşinyan siyasətdən, baş verən proseslərdən xəbərsiz olduğunu göstərir. Təbii ki, bu da ölkənin daha kəskin fəlakət içində boğulmasına gətirib çıxarmalıdır. Erməni əsgərlərinin cəbhə xəttində ölümü də məhz həmin fəlakətin göstəricilərindən biridir. Bu mənada şübhə etmirəm ki, bir müddət sonra ermənilər ayağa qalxaraq bu dəfə Paşinyanın özünün devrilməsi üçün sərt addımlar atılmasına çağırış edəcəklər. İndinin özündə də ona qarşı etiraz aksiyaları gedir, xüsusən də küçə aksiyaları. Bunları müşahidə edirik. Amma bir müddət sonra deyildiyi kimi, əsgər ölümlərinin davam etməsi, həm də ölkədə daha da dərinləşməkdə olan ağır sosial-iqtisadi problemlərin çözümə qovuşmaması ermənilərin yenidən küçələrə çıxıb daha radikal şəkildə hakimiyyət dəyişikliyi tələbilə çıxış etmələrinə səbəb olacaq”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz