Əlaqə Arxiv
news Image
2018.06.12
09:00
| A A A
Ermənistanın yeni hakimiyyətinin siyasəti ölkəni ağır savaşa çəkir
Mitinqlərdə onu müdafiə edənlərə “köhnə bazara təzə nırx” qoymağa söz verən Paşinyan indi nala-mıxa döyməklə məşğuldur

Ermənistanın yeni baş naziri və dövlətin əsas siması Nikol Paşiyanın rəhbərliyinin bir ayı arxada qalıb. Yeni baş nazirin gəlişi ilə cəmiyyətdə, ictimai fikirdə və siyasətdə kəskin dəyişikliklərin baş verəcəyi təxmin edilsə də ekspertlərin ümidləri doğrulmayıb. İnqilabçı rəhbərin dəyişikliklər vədi boşa çıxıb. Hadisələrin gedişi göstərir ki, bu adam edarəedən deyil və əksinə, idarə olunandır. Həm də hamiləri ilə təmaslarını nə qədər gizli saxlasa da, açıq-aydın görünür ki, qərbpərəst siyasət yürüdür. Halbuki, ölkəsi Rusiyanın tam nəzarəti altındadır və Paşinyan, birincisi rusları aldatmağa çalışmaqla özünü və erməniləri aldadır, ikincisi, özü demiş “erməni vətənpərvəri” olduğundan real siyasi və tarixi gerçəklikləri xəyallarının güdazına vermək istəyir. Amma bu, artıq siyasət yox, təhlükəli oyun deməkdir.

Məlum məsələdir ki, Ermənistanda baş verən proseslər Azərbaycanı ilk növbədə Qarabağın bu ölkənin silahlı qüvvələri tərəfindən işğalı və daha sonra qonşu dövlət kimi yaxından maraqlandırır. Ehtimal var idi ki, bəlkə küçə oyunları üzərində yeni “seçilmiş” baş nazir əvvəlki quldur hakimiyətə rəğmən konstruktiv mövqe sərgiləyəcək və ilk növbədə Ermənistanın özünə zərbə vuran işğalçılıq siyasətindən imtina edəcək. Lakin bu belə olmadı. Paşinyan da sələfləri kimi Dağlıq Qarabağ münaqişəsindən öz hakimiyyətini möhkəmlətmək və süni vətənpərvərlik faktoru kimi istifadə etməyə çalışdı.

Mitinqlərdə onu müdafiə edənlərə “köhnə bazara təzə nırx” qoymağa söz verən Paşinyan indi nala-mıxa döyməklə məşğuldur. Baş nazir olandan sonra Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə gələn və orada qondarma respublikanın Azərbaycanla danışıqlar stolu ətrafında oturmalı olduğunu guya yeni təşəbbüs kimi irəli sürən bu xəyalpərəst elə bilirdi ki, “göyün yeddinci qatındadır” və oradan hər şeyi aydın görür. Əslində, anlaya bilmirdi ki, bu cür məsuliyyətsiz bəyanatlar səsləndirmək hazırkı duruma görə naşılıqdan və xamlıqdan başqa bir şey deyil.  Azərbaycan ərazisinə vertolyotla gələn Paşinyana görə bəzi siyasi ekspertlərdə qəribə sual yaranmışdı: Paşiyanın vertolyotu nə üçün Azərbaycan raketi ilə vurulmadı? Təəccüblənənlər hesab edirdilər ki, bu, yeni baş nazirə əsl dərs olardı. Lakin Azərbaycan tərəfi məhz siyasi təçrübəlilik baxımından belə bir hərəkətə yol vermədi. Ancaq Nikol Paşinyan Ermənistanın korroziyaya uğramış siyasətindən kənara çıxa bilmədiyinə və indiyədək nəticə verməyən və ümumiyyətlə, nəticəsi üfüqdə görünməyən siyasət yürütduyunə görə, onun sərsəmliyinə Azərbaycan Ordusunun Naxçıvan bölmələri tərəfindən izahlı cavab verildi. Həmin istiqamətdə işğal edilmiş bir kənd və iki döyüş yüksəkliyinin daxil olduğu 11 min hektar ərazi “bir göz qırpımında” azad edildi. Bu, Ermənistan hakimiyyətinə ciddi siqnal idi.

Zərbə o qədər sürəli endirilmişdi ki, əksəriyyət bu xəbəri internet vasitəsi ilə erməni bloqqerlərdən öyrəndilər. Həmin xəbərlərdə ermənilərin müdafiə nazirinin sərhəd bölgəsinə gəldiyi də bildirilmişdi. Lakin bundan bir neçə gün sonra Ermənistan Müdafiə Nazirliyinin sözçüsü öz aləmlərində məruz qaldıqları biabırçılığı ört-basdır etmək üçün belə bir məlumat yaydılar ki, guya Azərbaycan tərəfinin xahişi ilə humanist prinsiplərə görə azərbaycanlılara öz qəbiristanlıqlarında və işğal altında olan yaxınlarının məzarlarına baş çəkmələrinə “icazə” verilib. Əgər həqiqətən ermənilərdə humanizm adlı bir hiss olsaydı, onda onlar öz dədə-baba yurdlarına, işğalçıların Kəlbəcərdə dağıtdıqları ata ocaqlarına ziyarətə gedən Şahbaz və Dilqəmin hələ də əsirlikdə ağır vəziyyətdə saxlamazdılar.

Ermənistanda hakimiyyət dəyişsə də siyasi və iqtisadi vəziyyət dəyişməyib və dəyişməyəcək də. ABŞ-da fəaliyyət göstərən “Aurora” təşkilatının sədri, erməni diasporunun rəhbər şəxslərindən biri Vartan Qreqoryan ölkəsinin hazırkı durumunu “Ciyəri çürük Ermənistan….” deyə, dəyərləndirib. Onun fikrincə, Ermənistanda yaşayan intellektual gənclər böhrana görə ölkədən qaçırlar. Onları ölkədə saxlamaq üçün çoxlu pula ehtiyac var. Pul isə yoxdur. Və nə qədər ki, Ermənistan Azərbaycanın iqtisadi blokadasındadır onun pulu olmayacaq. Blokadadan çıxmaq üçünsə, dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək gərəkdir. Əgər Paşinyan vaxtına ağıla gələ bilməsə və Azərbaycan müharibə yolu ilə torpaqlarını azaqd etsə, onda erməniləri iqtisadi inteqrasiyaya da həsrət qalacaqlar. Ermənilər üçün ən dəhşətlisi isə daxilən erroziyaya uğrayıb tarix səhnəsindən silinmək olacaq. Hər şeyin geci-tezi var...

N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz