Əlaqə Arxiv
news Image
2018.06.13
09:00
| A A A
Danışıqlardan yayınmaq İərvana baha başa gəlir
Natiq Miri: “Azərbaycan sürətli əməliyyatla bir neçə strateji kəndi azad edə bilər” Naxçıvan istiqamətində Azərbaycan Ordusunun gerçəkləşdiyi əməliyyatlar və 11 min hektar ərazinin işğaldan azad olunması Ermənistanda şok effekti yaradıb.

2016-cı ilin aprel ayındakı "dördgünlük savaş"dan, Lələtəpə və ətrafındakı strateji yüksəkliklərdən ermənilərin qovulmasından sonra Ermənistanda yaranmış ruh düşkünlüyü səngimək bilmirdi. İrəvandakı "məhəbbət inqilabı"ndan və Qərbin kuklası sayılan  Nikol Paşinyanın baş nazir postuna gətirilməsindən sonra ermənilər ümidlənmişdilər. Lakin 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçməsi erməniləri yenidən pərişan edib. Bütün bunlardan sonra düşmən tərəf danışıqlar masasına qayıdıb könüllü surətdə zəbt edilmiş əraziləri azad etməsə, onda erməniləri daha böyük zərbələrin gözlədiyini demək olarmı?

Politoloq Natiq Mirinin fikrincə, indiki vəziyyətdə yeni Paşinyan hökuməti cəbhədə aldığı ağır zərbələrə rəğmən belə tezliklə həll prosesində razılığa gəlməyəcək. Amma bunun özü də ekspertin dediyinə görə, Azərbaycan tərəfinə imkan verəcək ki, Ermənistana daha böyük zərbələr vuraraq düşmənin danışıqlarda mövqeyinin daha da zəiflədilməsinə nail olsun: “İndiki situasiyada işğalçı Ermənistanın tezliklə hansısa güzəştlərə gedəcəyini gözləmək doğru deyil. Çünki xalqın çiynində hökumət başına gələn Paşinyan daha çox populist və millətçi davranışlarla gündəmdə qalmağa davam edir. Bu şəraitdə düşünmürəm ki, Paşinyan hökuməti hansısa güzəştlərə gedə bilsin. Çünki güzəştlərə gedəcəyi təqdirdə, ona müxalif olan devrilmiş hakimiyyətdəki güclər yaranmış vəziyyətdən əks arqument olaraq Paşinyan əleyhinə istifadə edə bilərlər. İrəlidə isə Paşinyanın hədəflədiyi növbədənkənar parlament seçkiləri var ki, bu baxımdan Paşinyanın hansısa güzəştə gedəcəyi inandırıcı görünmür. O, mövcud şəraitdə buna gedə bilməyəcək.

Belə bir vəziyyətdə Azərbaycanın torpaqları azad etmək üçün daha böyük hərbi əməliyyatlar keçirməsinə gəldikdə, bu, təbii ki, birmənalı olaraq Rusiya amilindən asılıdır. Fakt ondan ibarətdir ki, keçən əsrin 90-cı illərində Naxçıvan ərazisində itirilmiş bir neçə strateji yüksəklik və kəndi Azərbaycan Ordusu qaytarsa da, Kreml rəhbərliyi səviyyəsində bu məsələyə demək olar hər hansı bir müdaxilə olunmadı. Yəni Rusiya rəhbərliyi bu məsələdə daha çox səssiz qaldı. Bunu da Paşinyan hökuməti üçün bir növ xəbərdarlıq mesajı olaraq dəyərləndirmək lazımdır. Fikrimcə, bu kontekstdə Rusiya ilə işləməyi davam etdirmək gərəkdir. Özü də təkcə Azərbaycan deyil, eyni zamanda qardaş Türkiyə də Moskva ilə bu istiqamətdə ciddi şəkildə işləməkdə davam etməlidirlər.

Düşünürəm ki, azı bir həftə ərzində Azərbaycan sürətli hərbi əməliyyat keçirməklə bir neçə strateji kəndi düşmən tapdağından azad edə bilər. Bu kontekstdə yenə də bütün dünya, o cümlədən Rusiyaya Azərbaycanın ciddi mənada mövqeyini ortaya qoyarıq. Yalnız belə uğurlu əməliyyatlar keçirməklə Ermənistanı çox rahatlıqla sülh danışıqları masasına oturda bilərik. Çünki ölkəmizin keçirəcəyi həmin uğurlu əməliyyatlarla birmənalı bəlli olacaq ki, Ermənistan ordusu heç bir vəchlə Azərbaycan Ordusunun qüdrəti qarşısında davam gətirə bilməz. Yəni, güc nisbəti beynəlxalq ictimai rəydə birmənalı olaraq Azərbaycanın xeyrinə həll olunarsa, artıq masa üzərində İrəvanın mövqeyi olduqca zəif olacaq. Bu kontekstdə Azərbaycanın mövqeyi güclü olacaq ki, belədə danışıqları aparmaq da ölkəmiz üçün daha asan olacaq”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz