Əlaqə Arxiv
news Image
2018.06.13
09:37
| A A A
Xam erməni xəyallarına vurulan növbəti zərbə
Torpaqlarımızın bütünlüklə azad olunması üçün beynəlxalq şərait yetişib və hər an müharibə alovlana bilər

Naxçıvanın Günnüt kəndinin Azərbaycan Ordusu tərəfindən nəzarətə alınması Ermənistanın işğalçılıq siyasətinə və xam erməni xəyallarına vurulan növbəti zərbədir. Uzun illərdir Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını əsarətdə saxlayır. Beynəlxalq aləm işğal faktorundan danışanda yalnız Qarabağ bölgəsini düşünür. Amma ermənilərin qəsbkarlıq iştahı həmişə  böyük olduğundan onlar Qərb zonasında və Naxçıçan Muxtar Respublikasının sərhədləri boyunca bəzi döyüş baxımından əlverişli nöqtələri də işğal edərək nəzarət altında saxlayır, bəzi məqamlarda isə əməllərini ört-basdır etmək üçün həmin əraziləri “neytral zona” kimi təsbit etməyə çalışıprlar.

İşğal faktdır. Bütün dövlətlər və beynəlxalq təşkilatlar bilir və təsdiqləyirlər ki, Ermənistan adlı dövlət Azərbaycanın ərazisinin 20 faizini işğal edib. Bu prosesdə təəccüblü olan odur ki, bəs, Azərbaycan niyə öz torpaqlarını azad etmir. Tamamilə məntiqi və yerində olan sualdır. Amma sualın elə məntiqi və yerində olan cavabı da məlumdur. Ermənilərin güclü hamiləri var və 20 il əvvəl Azərbaycan həmin hamilər qarşısında hərbi-iqtisadi cəhətdən gücsüz durumda idi. O vaxt Azərbaycan xalqını və hakimiyyətini mübarizəyə ruhlandıran yalnız haqq-ədalətdən doğan inam idi. Və həmişə gerini unutmayan və irəlini görən siyasilər müvafiq məqamın gələcəyi barədə səbrli açıqlamalar verirdilər. Prezident İlham Əliyev artıq 2006-cı ildən “nə indi, nə də 100 il sonra Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyi” barədə qətiyyətli fikirlər söyləyir. Xalq gözləyirdi, həqiqət anının yetişəcəyi, Azərbaycan Ordusunun hücuma keçəcəyi anı gözləyirdi. Məhz, 2006-cı ildən Azərbaycan Ordusu torpaqları işğaldan azad etməyə hazırdır. Sadəcə, siyasi şəraitin yetişməsi qalırdı. Azərbaycan diplomatiyası başda dövlət rəhbəri olmaqla bu istiqamətdə səylə çalışırdı. Ona görə ki, Azərbaycan dünyanın ən iri dövlətləri ilə baş-başa gəlirdi. Bu səbəbdən ağıllı və uzaqgörən siyasət tələb olunurdu ki, bu da uğurla aparılırdı.

2016-cı ildə ələ düşən ilk imkanda düşmənə sarsıdıcı zərbə vuruldu. Dörd günlük müharibə adı ilə məşhurlaşan həmin döyüşlərin ağır nəticələri hələ də Ermənistanı təsiri altında saxlayır. Serj Sərkisyanın hakimiyyətdən düşürülməsində aprel döyüşlərinin həlledici rolu olub. Çünki, Sarkisyan komandasının əsas fiqurları həmin məğlubiyyətlə cəmiyyətdə formalaşdırdıqları sarsılmazlıq nüfuzlarını birdəfəlik itirdilər. Bu düşkünlük Nikol Paşinyanın meydana çıxmasına şərait yaratdı. Paşinyan iki il sonra meydana atıldı və cinayətkar dəstəni məğlub etdi. Ancaq onun hakimiyyətə gəlişi xəstə erməni ruhuna bağlı idi və işğalçılıq amilindən hakimiyyətinin möhkəmləndirmək eşqinə düşdü. Nə qədər ki, Paşinyan məxməri inqilabın eyforiyası altında geriyə dönüşü olmayan səhvlərə yol verməmişdi ki, ona bəzi mətləbləri anlatmaq gərək idi. Onun Qarabağa qanunsuz səfəri və hansısa qondarma respublikanı Azərbaycana tay tutması birinci böyük səhvi idi və gələcək işlərində daha böyük səhvlərin mənbəyi ola bilərdi. Buna görə də kiçik bir xəbərdarlıqla ona reallığı xatırlatmaq lazım idi. Bu xəbərdarlıq sözlə ifadə olunsa da ermənilər başa düşmədilər. Belə olan təqdirdə Azərbaycan Ordusunun Naxçıvan bölməsi dinməz-söyləməz 11 min hektar ərazidə nəzarəti ələ keçirdi. Vaxtilə Naxçıvan tərəfdən dövlət sərhədini keçib ərzilərimizi nəzarətdə saxlayan Ermənistan silahlı qüvvələri, neçə deyərlər, heç başlarını qaldırmağa da macal tapmadılar.

İndi erməni tərəf əsaslandırmağa çalışır ki, guya Azərbaycan tərəfinin xahişi ilə azərbaycanlıların qəbiristanlığa baş çəkmələrinə onlar razılıq verib. İzahat o dərəcədə səthi və gülməlidir ki, erməni mətbuatı da bunu “Ermənistan və Naxçıvan sərhədində nə baş verir: İrəvan nəyi gizlədir?” sərlövhəli məqalədə şübhə altına alıb.

Rəsmi mənbələr də təsdiq edir ki, Azərbaycan Ordusu həqiqətən ərazilərin bir hissəsini işğaldan azad edib. Bu həmlə növbəti olmaqla bərabər Azərbaycana hansı üstünlükləri verib: Birincisi, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən güclü olduğunu bir daha isbatlayıb. İkincisi, sübut olunub ki, torpaqlarımızın bütünlüklə azad olunması üçün beynəlxalq şərait yetişib və hər an müharibə alovlana bilər. Üçüncüsü, Ermənistan hakimiyyətinə silahlı xəbərdarlıq edilib ki, ya masa ətrafında əyləşib sülh yolu ilə münaqişəni həll etməyə razılaşacaqsan, ya da sənin xəbərin olmadan bir gün məsələni döyüş vasitəsilə həll edəcəm.      

Bunlar mühüm siqnallardır və Paşinyan burnunun ucundan bir balaca uzağı görməyi bacarırsa, bunları diqqətə almalıdır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz