Əlaqə Arxiv
news Image
2018.06.13
07:04
| A A A
Günnüt qələbəsi Lələtəpə zəfərinin davamıdır
Fəzail İbrahimli: «Ordumuzun növbəti dəfə öz gücünü göstərməsi, həm erməni xalqına, həm də Ermənistan hakimiyyətinə bir mesajdır» Fazil Mustafa: «Ermənistan hakimiyyəti özüdə bilir ki, bu məsələ hüquqi yolla çözülməsə, Azərbaycan hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir»

Məlum olduğu kimi 2016-cı ilin aprelindən sonra Azərbaycan Ordusu daha bir uğurlu döyüş əməliyyatına  Naxçıvan Muxtar Respublikasında imza atdı. Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verib. Uğurula əməliyyatlarla 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Günnüt kəndi 26 ildən sonra ordumuz tərəfindən azad olunub. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi nəzarət altına keçib.

Ekspertlər bu hadisənin düşmənə növbəti “dərs” olduğunu, Ermənistan hakimiyyətinin mövcud vəziyyətdən nəticə çıxartmasının vacibliyini vurğulayırlar.

Milli Məclisin deputatı Fəzail İbrahimli deyir ki, ordumuzun növbəti dəfə öz gücünü göstərməsi, həm erməni xalqına, həm də Ermənistan hakimiyyətinə bir mesajdır: “Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələrinin mövqelərini irəli çəkərək 11 min hektara yaxın ərazini, o cümlədən Şərur rayonunun Günnüt kəndini işğaldan azad etməsindən əsas nəticəni Ermənistan hakimiyyəti çıxartmalıdır. Çünki, aprel hadisələrindən sonra erməni xalqı artıq bundan nəticə çıxarıb. Xalq ayağa qalxdı, quldur rejimi devirdi.

Düzdür, indiki hakimiyyət  işğalı dəstəkləsə də, bir sıra məsələlərdə xalqla hesablaşmaq  məcburiyyətindədir. Ermənistan rəhbərliyinə gəlincə, onlar müstəqil olmadıqlarından, ordumuzun son qalibiyyətindən müstəqil nəticə çıxartmaq səlahiyyətində deyillər. Onlar böyüyünün sifarişini diktə edən strukturdur. Ermənistanda hakimiyyət müstəqil olmadığından, onların nə nəticə çıxartmasından çox, yuxarıların ona nə deyəcəyinə diqqəti yönəltmək lazımdır.

Erməni xalqı isə qeyd etdiyim kimi artıq nəticə çıxardıb. Onlar başa düşdülər ki, aprel hadisələrindən sonra 26 illik məğlubedilməzlik sindromu sındı. Məğlubedilməzlik puça çıxdı. Azərbaycanın öz işğalı ilə barışacağı mifi  darmadağın oldu. Erməni hakimiyyətinin devrilməsində Lələtəpənin azad edilməsi, Cocuq Mərcanlının bərpası böyük rol oynadı. Erməni xalqı başa düşdü ki, Sarkisyan rejimi onları aldadır. Azərbaycan öz torpaqlarını geri qaytarır. Həmçinin bu proses davam edir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün güclü ordusu var. Ona görə də xalq ayağa qalxaraq hakimiyyəti devirdi. Dağlıq Qarabağda yaşayanlarda artıq bunu dərk edib. Onlar artıq başa düşürlər ki, bu münaqişə bir kart kimi ortaya atılıb. Ermənistan hakimiyyəti də buna uyğun olaraq siyasət həyata keçirir. Amma erməni rəhbərliyinin bu məsələdə mövqeyi mövqesizlikdir. Çünki, Ermənistan hakimiyyətinin müstəqil qərar vermək, siyasət yürütmək səlahiyyəti yoxdur. Xalq anladı ki, Ermənistan həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən özəlləşdirilib. Ağası nə desə, onu da icra edəcək”.

F. İbrahimli Dağlıq Qarabağ münaqişəsinin həllinin ləngiməsinin də məhz Ermənistan hakimiyyətinin ağasının marağına uyğun olduğunu deyir: “Bu yolla Ermənistan rəhbərliyini idarə edənlər iki dövləti özündən asılı vəziyyətdə saxlamağa çalışırlar. Bəllidir ki, Ermənistan hakimiyyəti asılı vəziyyətdədir. Azərbaycanı isə Dağlıq Qarabağ münaqişəsi vasitəsilə asılı vəziyyətdə saxlamağı hədəfləyib. Birinin torpağını digərinə işğal etdirib. Ona görə də, Ermənistan hakimiyyətini idarə edən maraqlı qüvvələr ordumuzun bu naliyyətindən əlbəttə ki narahatlıq keçirirlər”.  

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat  Fazil Mustafa da Azərbaycanın işğal olunmuş ərazilərində ermnənilərin məskunlaşma perespektivinin olmadığını söyləyir: «Ermənistan hakimiyyəti özüdə bilir ki, bu məsələ hüquqi yolla çözülməsə, Azərbaycan hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Dağlıq Qarabağda ermənilər qeyri-qanuni hakimiyyət qursalar da, onların qurduğu qondarma «respublika»nı tanıyan yoxdur. Hüquqi yolla tanınmamaq özü oranın əhalisi üçün ciddi ümidsizlik yaradır. Bu baxımdan insanlar bunu anlamalıdırlar ki, Azərbaycan  öz torpaqlarını geri alacaq. Azərbaycanın gücü artdıqca buna paralel olaraq Ermənistanın gücü zəifləyir.

Ermənistanın himayəçiləri geri çəkilsə, onların durumu doğurdan da çox faciəli durumda olacaq. Ona görə də biz ordumuzu daha da gücləndirərək əhalini ciddi şəkildə müharibə şəraitinə alışdırmalıyıq. Düşmən də nəticə çıxartmalıdır ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Çünki, Günnüt qələbəsi Lələtəpə zəfərinin davamıdır”.

 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz