Əlaqə Arxiv
news Image
2018.06.13
09:41
| A A A
“Polonez” və Lora” raketləri ilə Ermənistana verilən sərt mesaj
Elçin Mirzəbəyli: “Azərbaycanın “Polonez” və Lora” raket komplekslərinə malik olmasından düşmən tərəfi kifayət qədər narahatlıq keçirir” Azad İsazadə: “Ermənistan müasir silahları əldə etmək baxımından aciz durumdadır”

Bu günlərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin açılışını etdiyi hərbi hissədə "Polonez”, “Lora” kimi müasir və uzaq hədəfləri dəqiqliklə vuran  raket kompleksləri dislokasiya olunub. 

“Polonez” raket kompleksinin maksimal atış uzaqlığı 300 kilometrə çatır. Raketin çəkisi 780 kq, döyüş başlığı hissəsinin çəkisi 140 kq, zərərvurma radiusu isə 80 metrdir. Maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmağa qadirdir. Bundan başqa, kompleks vasitəsilə dənizdəki düşmən donanmasının yerləşmə məntəqələri dağıdıla və onun döyüş gəmiləri məhv edilə bilər.

Əməliyyat-taktiki raket kompleksi hesab olan “Lora” dan da “Polonez” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 km. artıq olan bu kompleksin raketinin çəkisi 1580 kq, döyüş başlığı hissəsinin çəkisi isə 240 kq-dır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “Polonez”, həm də “Lora” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur. Bu silahların əldə olunması onu göstərir ki, Azərbyacan düşmən ölkədən fərqli olaraq hərbi gücünü günü-gündən daha da gücləndirən, öz hərbi arsenalını ən müasir və ən dəqiq vuran silahlarla təmin etməyə qadir dövlətdir.

Həmin raketlərin nümayişi düşmən üçün hansı mesajlar verir?

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycanın ən müasir silah və raket komplekslərilə təmin edilməsi ölkəmiz üçün önəmli faktor olmaqla yanaşı, düşməni əməlli başlı təşvişə, qorxuya salıb: “İlk əvvəl onu qeyd edim ki, Azərbaycanın öz silah arsenalını genişləndirmək istiqamətində Belarusla əməkdaşlıq etməsi hər iki ölkənin marağına xidmət edir.  Uzun illərdir ki, Belarusla Azərbaycan arasında yaxşı münasibətlər formalaşıb. Belarus prezidenti Aleksandr Lukaşenko da vaxtilə ölkəsinin Azərbaycana silah satması ilə bağlı ona ünvanlanan ittihamlara kifayət qədər sərt cavab verib. Bununla da o Azərbaycanın hər zaman Belarusun yanında olduğunu, öhdəliklərə sadiq qaldığını vurğulayıb.

O, iki ölkə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf edəcəyini dolayısı ilə erməni tərəfinin diqqətinə çatdırıb. Bu baxımdan, Azərbyacanın Belarusdan silah alması, o cümlədən müasir raket komplekslərini alması zəruri əməkdaşlıqdır. Digər ümumi məqamlardan biri də odur ki, Belarus həm də Ermənistanın da yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Hansı ki, Ermənistan ən yaxın dövrə qədər həmin təşkilata kifayət qədər arxalandığını bəyan edirdi. Lakin həmin qurum daxilindəki dövlətlər, əsasən də Belarusvə Qazaxıstan təşkilat daxilindəki fəaliyyətlərində hər zaman Azərbaycanın maraqlarını əsas götürərək nəzərə alıblar. Azərbaycanın öz silah arsenalını yeni, ən müasir silahlarla gücləndirməsi kifayət qədər önəmli faktordur. Alınan raket sistemləri də sınanmış sistemlərdir və ölkəmizin müdafiə qabiliyyətinin güclənməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu raket sistemləri digər rəqiblərindən geri qalmır. Bu mənada “Polonez” və “Lora”nı kifayət qədər uğurlu raket sistemləri hesab etmək olar. Bu raketlərin Azərbaycanda quraşdırılması ölkəmizin müdafiə qüdrətini daha da artıracaq.

Ölkəmizin belə bir raket komplekslərinə malik olması şəraitində düşmənin kifayət qədər narahatlıq keçirdiyini də müşahidə edirik. Erməni və erməni təsiri altında olan bəzi rus mətbuatı Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığı atəşə tutmağa çalışırsa, bu ondan xəbər verir ki, düşmən kifayət qədər narahatdır”.

Hərbçi ekspert Azad İsazadə bildirdi ki, Azərbaycanın müasir raket kompleksləri əldə etməsi fonunda Ermənistan bu istiqamətdə hərəkət etmək baxımından aciz durumdadır: “Ölkəmizin “Polonez” və “Lora”    kimi raket komplekslərinə malik olması  Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsi və ən müasir texnikaya malik olması deməkdir ki, bu da düşmən ölkə üçün bir mesajdır. Azərbaycanın hazırda imkanları genişdir və bu da ona imkan verir ki, Ermənistandan fərqli olaraq daha müasir silahlarla təmin edilə bilsin. Ona görə də Azərbyacan bu istiqamətdə bir neçə ölkə, İsrail, Türkiyə, Belorus, Pakistan, Rusiya ilə əməkdaşlıq edir. Həmin silahlardan istifadə etməklə rəqib nöqtələri dəqiq vurmaq və az itki verməklə düşməni daha da vahiməyə salmaq mümkündür. Ölkəmizin bu kimi aparıcı silahlara malik olması Ermənistan üçün o deməkdir ki, o da silahlanmaq istəyəcək. Lakin ən müasir silahların əldə edilməsi ciddi maliyyə tələb edir ki, Ermənistan da öz ağır vəziyyəti üzündən həmin maliyyədən məhrumdur. Bu mənada düşmən ölkə silahlanma məsələsində Azərbaycandan qat-qat geri qalaraq, həmin istiqamətdə hərəkət etmək baxımından aciz qalacaq”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz