Əlaqə Arxiv
news Image
2018.06.13
11:13
| A A A
Azərbaycan ilə UNESCO arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Parisdə UNESCO-nun baş qərargahında qurumun baş direktorunun kommunikasiya və informasiya üzrə yeni təyin olunmuş müavini Moez Şakşuk ilə görüşüb.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir Anar Kərimov M.Şakşuku yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə UNESCO arasında informasiya-kommunikasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

UNESCO-nun “Hamı üçün informasiya” Proqramı (İFAP) çərçivəsində elektron hökumət, informasiya cəmiyyəti, zorakı ekstremizm və gənclərin radikallaşmasına qarşı mübarizə sahələrində əməkdaşlıqdan danışılıb.

Anar Kərimov zorakı ekstremizm və gənclərin radikallaşmasına qarşı mübarizədə Azərbaycanın UNESCO-ya yardım göstərməyə və təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. Bildirib ki, ötən il Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan hökumətinin dəstəyi ilə İFAP-ın gənclərin radikallaşmasına qarşı mübarizə yollarının müzakirəsinə dair ayrıca paneli təşkil olunub.

Görüşdə, həmçinin yazılı irsin qorunması və saxlanmasında mühüm rol oynayan UNESCO-nun “Dünya Yaddaşı” Proqramı üzərində gedən islahat prosesi üzrə fikir mübadiləsi aparılıb. Təşkilatın “YouthMobile” təşəbbüsü çərçivəsində Azərbaycanın gənc mütəxəssisləri üçün mobil tətbiqlərin yaradılması üzrə təlimlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Moez Şakşuk zorakı ekstremizmə və gənclərin radikallaşmasına qarşı mübarizə mövzusunun UNESCO üçün prioritet olduğunu qeyd edib və Azərbaycana quruma göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan bu sahədə öz müsbət təcrübəsini digər ölkələrlə bölüşə bilər. M.Şakşuk Azərbaycan ilə müzakirə olunan sahələr üzrə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

Görüşdə mətbuat və ifadə azadlığı, QHT-lərlə əməkdaşlıq, kommunikasiya sahəsində bacarıqların artırılması kimi məsələlərə də toxunulub.

İnformasiya-kommunikasiya sahəsində UNESCO ilə Azərbaycan arasında əməkdaşlığın daha də gücləndirilməsi məqsədilə səfir A.Kərimov M.Şakşuku ölkəmizə səfərə dəvət edib, ona Heydər Əliyev Fondunun ölkəmizin tarixinə və mədəniyyətinə dair fransız dilində nəşrlərini hədiyyə edib.

Sizin Reklam Yeriniz