Əlaqə Arxiv
news Image
2018.06.14
09:15
| A A A
Azərbaycanın qlobal təhlükəsizliyin təminatında rolu artır
Elman Nəsirov: “Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatı, onun yenidən tərtib edilməsində, sülhpərvər missiyanın həyata keçirilməsində mühüm rola malik ölkədir” Musa Qasımlı: “Ötən illər göstərdi ki, Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”

ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin üzvü, Demokratlar partiyasından Texas ştatını təmsil edən Yucin Qrin bildirir ki, Azərbaycan qlobal təhlükəsizliyin tərəqqisi üçün əhəmiyyətli dövlətlərdəndir.

Qeyd edək ki, Azərbaycan gücləndikcə qlobal təhlükəsizliyin təminatına daha çox töhfə verməkdə davam edir. Azərbaycan tolerantlığın, multikulturalizmin dünyada təbliğ edilməsi sahəsində aparıcı dövlətlərdən biridir. Bu istiqamətdə dünyanın bir çox ölkələri Azərbaycandan nümunə götürür. Azərbaycan həmçinin planetimizin müxtəlif bölgələrində sülhyaratma missiyasının tərkibində qlobal təhlükəsizliyə ciddi dəstək verir. Bunu Əfqanıstan misalında aydın şəkildə görmək olar. Azərbaycan Ordusunun əsgərləri bu ölkədə beynəlxalq qüvvələrlə birlikdə sülhməramlı qüvvələrin tərkibində əmin-amanlığın qorunub saxlanılmasında qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirirlər. Vaxtilə Azərbaycan əsgərləri anoloji missiyanı Kosovoda da həyata keçirib. Ən başlıcası isə odur ki, ölkəmiz dünyanın aparıcı məkanı olan Avropa qitəsinin enerji təhlükəsizliyinə xüsusi töhfə verir. Azərbaycan öz nefti və qazı vasitəsilə “köhnə dünya” ölkələrinin sözügedən məsələdə enerji təminatında önəmli rol oynayır. Bundan başqa, ölkəmiz özünün yaratdığı nəqliyyat dəhlizi vasitəsilə şimalla cənub, qərblə şərq arasında əlaqələrdə mühüm əhəmiyyət kəsb edən bir ölkədir.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, dünyanın enerji resursları ilə təmin edilməsi və təhlükəsizliyə öz sülhpərvər siyasətilə verdiyi töhfələrə görə Azərbaycanın qlobal təhlükəsizliyin təminatında rolu artıb: “Bu, bir həqiqətdir ki, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfələr verən dövlətdir. Bu fikirləri təkcə Azərbaycada demirlər. Dünyanın ən nüfuzlu şəxsləri, hətta dövlət başçıları səviyyəsində dəfələrlə Azərbaycanın qlobal təhlükəsizlik sistemində oynadığı müsbət rol barədə fikirlər səslənməkdədir. ABŞ Prezidenti Donald Trampın Azərbayan Prezidenti İlham Əliyevə son zaman göndərdiyi hər 3 məktubunda da ölkəmizin dünya miqyasında oynadığı rol yüksək qiymətləndirilib. Burada eyni zamanda, Azərbaycanın qlobal sülh və təhlükəsizliyə verdiyi töhfədən bəhs olunub. Həmçinin, Azərbaycanın qlobal iqtisadiyyatın mühüm tərkib hissəsi olduğu da burada vurğulanıb. Bu məntiqlə yanaşdıqda ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin üzvü Yucin Qrinin Azərbaycanı qlobal təhlükəsizliyin tərəqqisində əhəmiyyətli dövlətlərdən biri hesab etməsi təsadüfi sayılmamalıdır.

Bilirsiniz ki, Azərbaycan 2012-2013-cü illərdə həm də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu. İki il ərzində bu quruma sədrlik etdi. BMT Təhlükəsizlik Şurası isə dünyanın təhlükəsizlik məsələləri üzrə gündəliyini müəyyən edən təşkilatdır. Bu mənada ora sədrlik edən dövlətin dünyada yeri və rolunu qiymətləndirmək elə də çətin deyil. Dəfələrlə, dünyanın lider, fövqəldövlətləri səviyyəsində də qeyd olunub ki, Azərbaycan xüsusilə Əfqanıstanda beynəlxalq terrorizmə qarşı mübarizədə, sülh və təhlükəsizliyin təmin edilməsində çox böyük rol oynayıb. Hazırda da Azərbaycan Silahlı Qüvvələri həmin məkanda sülhpərvər missiyanı həyata keçirməkdə davam edirlər. Azərbaycan başlıcası dünyanın enerji təhlükəsizliyinin təminatında, onun yenidən tərtib edilməsində mühüm rola malik olan dövlətdir. Nəzərə alaq ki, hər bir dövlətin milli təhlükəsizliyinin mühüm elementi onun enerji təhlükəsizliyilə bağlıdır.

Avropanın meqalayihəsi hesab edilən Cənub Qaz Dəhlizinin təşəbbüskarı, onun reallaşmasında həlledici addımı atan da Azərbaycandır. Hansı ki, bu layihə də ilk növbədə enerji təhlükəsizliyi, azad rəqabət, enerjinin şaxələndirilməsi layihəsidir. Onun da reallaşdırılmasında əsas söz sahib məhz Bakıdır. Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm  tərkib hissəsi olan TANAP-ın rəsmi açılış mərasimi oldu. Burada Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yeri və rolu barədə öz mövqeyini növbəti dəfə diqqətə çatdırdı. Bütün bunlar bir daha onu təsdiqləyir ki, sözün həqiqi mənasında Azərbaycan regional, həm də qlobal təhlükəsizliyin təmin edilməsində böyük töhfə verməyə qadir bir ölkədir. Məhz buna görə də ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir”.   

Milli Məclisin deputatı, professor Musa Qasımlı qeyd etdi ki, Azərbaycan dünya ölkələrini əməkdaşlıqda birləşdirdiyindən qlobal təhlükəsizliyin təmin edilməsində də mühüm əhəmiyyət kəsb edən ölkədir: “Azərbaycanın qlobal təhlükəsizlik sisteminə verdiyi töhfələrlə bağlı xarici rəsmilər tərəfindən söylənilən bütün fikirlər ölkəmizin dünya siyasətində rolunun artdığını, əməkdaşlıq üçün özündən asılı hər şeyi etdiyinin etiraf edilməsidir.

Ötən illər bir daha göstərdi ki, Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Başlıcası isə odur ki, Azərbaycan əməkdaşlığa açıq ölkədir və enerji siyasətini, təhlükəsizliyini təzyiq alətinə çevirmir. Əksinə, ölkələri əməkdaşlıqda birləşdirir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz