Əlaqə Arxiv
news Image
2018.06.14
09:49
| A A A
Azərbaycan indi də Ermənistanın hərbi-strateji mühasirəsini gerçəkləşdirir
Günnüt zəfəri İrəvanı elə qorxuya salıb ki, qarşı tərəfin ən adi hərəkətini belə total hücum kimi qavrayır

Azərbaycanın Naxçıvan istiqamətində Günnüt kəndini işğaldan azad etməsi Ermənistanda böyük həyəcana səbəb olub. Erməni ekspertlər artıq indidən İrəvanın ehtiyatlı davranması lazım olduğunu bildirirlər. Günnütün azad edilməsilə erməni ekspertlər Ermənistan üçün ağır vəziyyətin yarandığını etiraf etməyə başlayıblar. Düşmənin həyəcanı yersiz deyil.

Buvaxtadək Ermənistanın iqtisadi blokadaya salınması sayəsində bu ölkədə acınacaqlı vəziyyət yaranıb. Ölkə əhalisinin 30 faizdən çoxu yoxsulluq həddində yaşayır. İstehsal müəssisələri ard-arda bağlanır. İşsizlik artır. Xarici dövlət borcu 7 milyard dollardan çoxdur. Ermənistan külli miqdarda valyuta qazandıran tranzit yük daşımalarından birdəfəlik kənarda qalıb. Belə bir gərgin vəziyyətdə Azərbaycanın Naxşıvan bölgəsi tərəfdən 11 min hektar torpağı erməni işğalından azad etməsi blokadanın yeni mərhələsinin başlanğıcı sayılır. Belə ki, indi də Azərbaycan Ordusu Ermənistanı hərbi-strateji mühasirəyə salmağa başlayıb. Ermənilərin yuxusuna haram qatan 2016-cı ilin aprel döyüşləri siyasətin, düşməni ətraf aləmdən təcridetmənin yeni qolunun baş məşqi idi. O vaxt Ermənistan silahlı qüvvələrinin hərbçiləri azərbaycanlı əsgərlərin qarşısından tülkü kimi qaçıb aradan çıxmışdılar. 3 günə 2 min hektar ərazi azad edilmişdi. İndi isə bir neçə saata iki il əvvəlkindən 5,5 dəfə çox ərazi azad edilib.

Məsələ burasındadır ki, hətta Günnüt kəndi azad ediləndən sonra da Azərbaycan-Ermənistan sərhədi Naxçıvan tərəfdən münaqişədən əvvəlki məcrasına tam qayıtmayıb. Çünki, özlərindən arxayın olan düşmən silahlı qüvvələrini Azərbaycanın içərilərinə doğru xeyli irəli çəkmişdi. İndi vəziyyət dəyişib və Azərbaycan Ordusu 1200 metr hündürlüyə malik yüksəkliyi ələ keçirib və bu mövqedən nəinki sərhədboyu əraziləri, hətta Azərbaycanın keçmiş ərazisi olan və Leninin saxta qardaşlıq qəyyumluğu ilə 100 il əvvəl Ermənistanın idarəçiliyinə verilən Zəngəzurun içərilərinə doğru geniş bir coğrafiyada bütün gediş-gəliş yollarına və yaşayış məskənlərinə nəzarət imkanı qazanıb. Sərhəd boyunca yerləşən erməni qoşunlarının mövqeləri ovuc içi kimi aydın görünür. Belə bir şəraitdə müharibə aktiv fazaya keçərsə, erməni əsgərləri nə edə bilər? Hərbi ekspertlər bildirirlər ki, heç nə. Bu ərazidəki erməni qoşunlarının taleyinə darmadağın olmaq yazılıb. Bu səbəbdən ermənilər çar-naçar Naxçıvanla sərhəddə tutduqları Azərbaycan ərazilərini son millimetrinədək tərk edəcəklər.

Amma məsələ bununla bitmir. Hərbi nəzəriyyəyə görə Ermənistan indi də hərbi blokadaya alınır. Bir tərəfdən Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu, o biri tərəfdən Qarabağ cəbhəsindəki ordu hissələri, Şimaldan Gəncə-Qazax bölgəsi tərəfdən güclü qoşun qruplaşması bu ölkəni mühasirəyə alıb. Elə bu səbəbdən də Azərbaycanda ayaq tappıltısı gələndə Ermənistanda bütün qurumlar bir-birinə dəyir. Düşmən elə bilir ki, Azərbaycan Ordusu hücuma keçib. Bu günlərdə demək olar hər gün Qarabağdakı erməni ordu hissələrinin komandirləri İrəvana Azərbaycan tərəfində gedən fəal yerdəyişmələr barədə ardıcıl informasiyalar göndərirlər.         

Üstəlik, Azərbaycan prezidentinin Belarusdan alınmış “Polonez” raket-atış sistemləri ilə publik tanışılığı düşməni vəlvələyə salıb. Bu faktla bağlı erməni hakimiyyətindən Belarusun ünvanına kəskin bəyanatlar səsləndirilir. ER-nın xarici işlər nazirinin müavini Şavarş Koçaryan mətbuatda dad döyür ki, bu, Belarusun KTMT öhdəliklərinə ziddir. Görünür, o, stressdə olduğundan beynəlxalq öhdəliyin imkan verdiyi silah ticarəti barədə belə səthi fikirlər söyləyir. Ancaq ümumilikdə, ermənilərin təşvişi başadüşüləndir: Azərbaycan tərəfdən hər an başlaya biləcək azadlıq döyüşləri baş verərsə, onda bu qüvvənin qarşısında işğalçı ermənilər nə edə biləcəklər?

N.NOVRUZ  

 

Sizin Reklam Yeriniz