Əlaqə Arxiv
news Image
2018.06.17
15:07
| A A A
Masallıda Milli Qurtuluş Günü qeyd edilib

                                       Masallı şəhər Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Masallı RİH başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Ümumrayon tədbirinin iştirakçıları öncə ümummilli liderimiz Heydər Əliyev adına Parkda ulu öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
“Tariximizin qurtuluş zirvəsi” mövzusunda keçirilən konfransda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayon sakinlərini əlamətdar bayramlar - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edərək, ölkəmizin düçar olduğu bəlalardan dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən rəhbərliyə qayıdışından sonra qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Rayon rəhbəri bildirib ki, bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Məhz dünya şöhrətli siyasətçi Heydər Əliyevin qətiyyətli siyasi kursu, neft strategiyası, bütün sahələrdə həyata keçirdiyi davamlı islahatlar tezliklə ölkəmizi dünyanın aparıcı dövlətlərindən birinə çevirdi. Bu gün regionun söz sahibi dövlətinə çevrilməyimizin əsas qayəsi məhz müdrik zəka sahibi Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir.
Bala Kolatan kənd tam orta məktəbinin tarix müəllimi Uğur Ağayev məruzəsində bildirib ki, 25 il əvvəl xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Onun yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır, mötəbər tədbirlərə ev sahibliyi edir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı, "Masallı ziyalıları" İctimai Birliyinin üzvü, Masallı Dövlət Regional Kollecinin müəllimi Rövşən Qurbanov, veteran müəllim, Hacıtəpə kənd məscidinin sədri Nəcəfqulu Quliyev, Masallı "Asan xidmət"in qeydiyyat şöbəsinin baş mütəxəssisi Zivər Əzizova və başqaları o dövrün tarixi hadisələrindən, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərdən danışıblar. Natiqlər tarixi faktlara söykənərək qeyd ediblər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyuldu.
Nəzərə çatdırılıb ki, xalqın istəyi ilə 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıdan Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və sürətli inkişafın təməli qoyuldu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Tədbiri Masallı RİH başçısı cənab R.Hüseynov yekunlaşdırıb.
                                                        ***
Bayram tədbiri axşam saatlarında Heydər Əliyev Parkında respublikanın tanınmış incəsənət ustaları - Xalq artisti Sabir Əliyev, Əməkdar artistlər - Səidə Şərifəliyeva, Yusif Mustafayev və həmyerlimiz Baloğlan Əşrəfov, Azərbaycan Dövlət Musiqili Teatrının solisti Fidan Həmzəyeva, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələri Aynur İstək, Nəzakət Veysəlova, Canan və Masallı Rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahidov, Şamo İbayev, Miriş Hüseynov, uşaq-incəsənət məktəbinin müəllimi Fərid Hacıyev, baletmestr Çingiz Babayev, "Halay" folklor və "Masallı" rəqs kollektivlərinin iştirakı etdiyi rəngarəng konsert proqramı ilə davam edib.
Qeyd edək ki, möhtəşəm bayram tədbirində Milli Məclisin deputatı Nəriman Əliyev, rayonun tanınmış iş adamları iştirak ediblər.

Əlihüseyn Şükürov,
Masallı.

 

Sizin Reklam Yeriniz