Əlaqə Arxiv
news Image
2018.06.22
09:00
| A A A
İşğala son qoymaq üçün daha nə lazımdır?
Hamı deyir daş yerdən qaldırılmalıdır, amma bunun üçün Azərbaycandan başqa addım atan yoxdur

1988-1993-cü illərdə Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi-Dağlıq Qarabağ bölgəsi və bu bölgəyə bitişik 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan) ərazisi işğal olunub. Hazırda məcburi köçkünlər və qaçqınlar ölkənin 62 şəhər və rayonunun 1600-dən çox obyektində çox sıx şəkildə müvəqqəti məskunlaşmışlar. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olub, 4866 nəfər itkin düşüb, 100 min nəfərə qədər vətəndaşımız yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub. Hərbi təcavüz ölkəmizin 17 min kv.km ın məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1510 mədəniyyət müəssisəsiinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 5198 km avtomobil yollarının, 348 körpünün, 7540 km su və 76940 km elektrik xətlərinin dağılmasına səbəb olub.

Bu qədər dağıntı və itkiyə məruz qalan, uzun illərdir müharibə şəraitində fəaliyyət göstərən Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin müvəqqəti olsa da normal yaşayış şəraiti ilə təmin olunmaları üçün bütün imkanlarından istifadə edib. Onlar üçün yeni qəsəbələr salınıb. Ən ağır vəziyyətdə olanlara tam təmin olunmuş yeni, rahat mənzillər verilib. Amma bütün bunlar problemlərin həll olunması üçün bəs deyil. İlk növbədə insanların doğma yurd həsrəti onların mənəvi depressiyaya düşməsinə, ömürlərinin azalmasına ciddi təsir edir. Digər tərəfdən dövlətin ərazisinə qəsd etmək siyasi ab-havanı gərginləşdirir. Əhali öz yurduna qayıtmaq üçün müharibə eşqi ilə yaşayır. Belə bir şərait beynəlxalq aləmdə  qəbul edilmiş hüquqi normaların və qaydaların pozulması olduğu üçün siyasi anlamda qəbuledilməzdir.

Bəs, bu gün vəziyyət nə yerdədir? Azərbaycanda əhali artımı ilə əlaqədar artıq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib. Bu qədər əhalini yedirib-içirtmək, yerləşdirmək gərəkdir. İndi Azərbaycan və dünya ictimaiyyətini düşündürən əsas sual budur: Nədən dünya bu qədər insanın yurd probleminin çözümünə hələ də biganə qalır?

BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yutrdlarına qaytarılması haqqında qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli 4 qətnaməsi hələ də kağız üzərində qalıb.

Hazırda Azərbaycan  əhalisinin hər doqquz nəfərdən biri didərgin düşmüş  şəxsdir ki, bu da dünyada  əhali nisbətinə  görə  çox yüksək göstəricidir. Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərə  baxmayaraq qaçqın və  məcburi köçkün probleminin miqyası o qədər böyükdür ki, onların humanitar, sosial vəziyyəti mürəkkəb olaraq qalır. Nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar isə Ermənistanın işğalçılıq siyasətinin ortaya çıxardığı bu mənzərəyə sadəcə seyrçidirlər. Azərbaycana qarşı hərbi təcavüz və onun vurduğu maddi-mənəvi zərər dövlətimizin bir nömrəli problemidir.

Bu günlərdə Avropa Şurası  növbəti dəfə Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmağın vacibliyi barədə bəyanat verib. Artıq belə bəyanatların sayı-hesabı itib. Bu səbəbdən də mənasızlaşıb. İndiyədək verilən bütün bəyanatları təhllil edəndə belə bir yükun nəticəyə gəlmək olur ki, dünya Ermənistanı təcavüz kimi tanıyır. Bu aydındır. Aydın olmayan isə məsələnin sürüjdürməçiliyə salınmasıdır. Ya beynəlxalq təsisatlar və ayrılıqda dövlətlər təcavüzkarı sülhə məcbur edən fəallıq göstərməli, ya da torpaqlarını azad etmək üçün bütün digər dövlətlər kimi müharibəyə başlamağa Azərbaycana mane olmamalıdırlar. Nə o, nə də bu baş verir. Demək, Ermənistana havadarlıq edənlərin hansısa gizli məqsədləri var. Bu isə birbaşa müharibəyə aparan yoldur. Azərbaycan torpaqlarından heç vaxt imtina etməyəcək və ümumyyətlə, nəyə görə Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmalıdır? Halbuki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində önəmli vəzifələr daşıyır. Yəni, Qərb Qarabağ məsələsində nəinki haqq-ədaləti unudur, həm də Azərbaycanın ona verdiyi töhfələr qarşısında xəyanətkarlıq edir. Xəyanətin sonu isə həmişə qanla bitib. Yəni, Qarabağda müharibə artıq labüddür.

N.NOVRUZ

Sizin Reklam Yeriniz