Əlaqə Arxiv
news Image
2018.06.23
10:04
| A A A
Düşməni yerlə-yeksan edəcək silahlarımız nümayişə çıxarılır
Elçin Mirzəbəyli: “Ermənistan konstruktiv mövqeyə gəlməyincə, hər zaman “domokl qılıncı” bu ölkənin başı üzərindən asılmaqda davam edəcək” Elman Məmmədov: “Çıxmasalar, dərs götürməsələr, nümayiş olunacaq bütün silah-sursat ermənilərin başına yağacaq”

Azərbaycan iyunun 26-da keçirəcəyi hərbi paradda yeni silahlarını da nümayiş etdirəcək. Müdafiə naziri Zakir Həsənov bunun anaonsunu da verib.

Müdafiə nazirinin bildirdiyinə görə, ordunun yeni, müasir silahlarla təchizatına dair qarşıya qoyulmuş vəzifə yaxın bir ildə, il yarımda yerinə yetirilib başa çatdırılacaq. Yəni yeni silahların, texnikanın alınması böyük ölçüdə artıq tamamlanıb. Zakir Həsənov onu da vurğulayıb ki, silah, texnika alınması məsələsində qərar verilərkən əvvəlcə qarşıda duran döyüş vəzifələr təhlil edilir. Bu döyüş vəzifəsini yerinə yetirmək üçün hansı silahların lazım olduğu müəyyənləşdirilir. Sonra həmin silahların ən yaxşı nümunələri seçilir və onların taktiki-texniki göstəriciləri öyrənilir. Yalnız bundan sonra bu və ya digər silahı almaq barədə qərar verilir: “Yəni biz təkcə yeni silah almaq naminə, say xatirinə qərar vermirik. Silahlanma ciddi təhlillər əsasında və Azərbaycan Ordusunun qarşısında dayanan döyüş vəzifəsi nəzərə alınmaqla aparılır”.

Qeyd edilənlərdən əlavə belə bəlli olur ki, Azərbaycan düşməni lərzəyə gətirən digər silahlara da malikdir. Elə Zakir Həsənov da iyunun 26-da keçiriləcək hərbi paradda son illərdə alınmış yeni silahların və texnikanın bir qisminin nümayiş etdiriləcəyini təsdiqləyib. Bildirib ki, bu paradda Azərbaycanın hava və raket hücumlarından müdafiə sahəsində hansı imkanlara malik olduğunu da görə biləcəyik. Nazirin bildirdiyinə görə, paradda “barəsində çoxdandır danışılan” döyüş sistemi ilk dəfə nümayiş etdiriləcək. Lakin nazir bu sistemin adını açıqlamayıb. Müdafiə naziri əlavə edib ki, bəzi yeni alınan silah sistemləri də var, amma onlar parada çıxarılmayacaq: “Biz hələlik bu sistemləri öyrənirik, tətbiq edirik, hələlik onları ictimaiyyətə açıqlamayacağıq”.

Məsələ ilə bağlı BAXCP sədrinin müavini Elçin Mirzəbəyli qeyd etdi ki, Ermənistan cəmiyyəti hələ indidən, yəni Azərbaycanın keçirəcəyi hərbi parad başlamamışdan qabaq ciddi narahatlıq keçirməyə başlayıb: “Qeyd edim ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinin qeyd olunması və bu münasibətlə hərbi paradın keçirilməsi çox mühüm və tarixi hadisədir. Ordu dövlətin əsas atributlarından biridir. Həmçinin,dövlətin gücü və iqtisadi potensialının göstəricisidir. Bu aspektdən şübhəsiz ki, keçiriləcək hərbi paraq Azərbaycan Respublikasının tarixində mühüm bir hadisə kimi qalacaq və illər uzunu xatırlanacaq.

Təbii ki, Azərbaycanın hələ nümayiş etdirmədiyi yeni silahlar haqqında yayılan məlumatlar artıq Ermənistan cəmiyyətində böyük narahatlıq yaradıb. Azərbaycan hərbi sənaye kompleksinin inkişaf etdiyi birzamanda ölkəmizin əldə etdiyi yeni, ən müasir silahların düşmən ölkənin hərbi gücünü nə qədər üstələdiyi barədə erməni mətbuatında çoxsaylı şərhlər və yazılar var. Açıq aşkar görünür ki, Ermənistan hələ parad baş tutmamış bu hadisədən, bütövlükdə Azərbaycanın güclü hərbi potensialından ciddi narahatlıq keçirir.

Silahlar təkcə nümayiş üçün deyil, həm də istifadə üçündür. Ermənistan nə qədər ki, konstruktiv mövqeyə gəlməyib, hər zaman “domokl qılıncı” bu ölkənin başı üzərindən asılmaqda davam edəcək. Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, bu istiqamətdə beynəlxalq öhdəliklərə uyğun olaraq konkret addım atmayınca, dövlətimizin ordusu müxtəlif istiqamətlərdə sözünü deyəcək. O cümlədən hərbi paradlardan birini də tezliklə Xankəndində keçirəcəyik.

Düşünürəm ki, Ermənistan Azərbaycanda olacaq hərbi paradda gördüklərindən nəticə çıxaracaq. Çünki, onun digər tərəfi həmin silahların Ermənistana qarşı yönəldilməsilə nəticələnə bilər ki, bu da düşmən ölkə üçün daha ağır fəlakətin baş verməsi demək olacaq”.

Milli Məclisin deputatı Elman Məmmədov da vurğuladı ki, Ermənistan Azərbaycan Ordusunun malik olduğu gücündən nəticə çıxarmasa, hərbi paradda nümayiş olunacaq silah-sursat ermənilərin başına yağacaq: “Ermənilər Azərbaycan Ordusunun hərbi paradda nümayiş etdirəcəyi ən müasir silahları görməklə arzu edərdik ki, lazımı nəticə çıxarsınlar. Azərbaycan hərbi paradı ordumuzun yaranmasının 100 illiyi münasibətilə keçirir. Ancaq eyni zamanda, bununla Azərbaycan Ordusu özünün hərbi arsenalı və gücünü, silah-sursatını da nümayiş etdirir.

Həmin nümayişin bir məqsədi də odur ki, düşmən və onu himayə edən dövlətlər, beynəlxalq təşkilatlar ondan nəticə çıxartsınlar. Başa düşsünlər ki, Azərbaycanın bu gücdə olan ordusu istənilən an düşməni darmadağın edib, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ona görə də ermənilər ağıllı nəticə çıxararaq, işğalçılıq siyasətindən çəkinməlidirlər. Belə olmayacağı təqdirdə isə artıq Azərbaycan silahların təkcə nümayişilə kifayətlənməyəcək, eyni zamanda, həmən hərbi gücünü tətbiq edəcək, ondan istifadə etməklə torpaqları işğaldan azad edəcək. Bunu həm düşmən, həm onun havadarları, vasitəçi dövlətlər, beynəlxalq təşkilatlar  dərk etməli və Azərbaycanı möhtəşəm gücünü tətbiq etməyə məcbur etməmək üçün qanmazları işğala son qoymaq üçün başa salmalıdırlar. Çıxmasalar, dərs götürməsələr. nümayiş olunacaq bütün silah-sursat ermənilərin başına yağacaq. Ermənistan bu cür möhtəşəm qüvvənin qarşısında dayanmaq iqtidarında deyil”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz