Əlaqə Arxiv
news Image
2018.06.23
11:21
| A A A
Günnüt zəfəri İrəvana daha çox çalxalamağa başlayır
Artıq Ermənistanda Azərbaycan Ordusunun gücü dəhşətli kabusu xatırladır

Məlumdur ki, Əlahiddə Ümumqoşun Ordunun bu günlərdə həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində ötən əsrin 90-cı illərindən Ermənistanın işğalı altına düşən 11 min hektar ərazi və mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, işğaldan azad edilən mühüm obyektlərdən biri Sovetlər Birliyi dönəmində Sədərək rayonunun Heydərabad qəsəbəsində fəaliyyət göstərən şərab zavodudur. Ordumuzun şəxsi heyəti həmin ərazini düşmən qüvvələrindən təmizləyərək strateji mövqelərdə postlar qurublar. Artıq əraziyə əsgərlərimiz nəzarət edirlər. Şərab zavodu və onun ətrafına ermənilər yüzlərlə mina basdırıblar. Hazırda ərazidə minatəmizləmə işləri həyata keçirilir və tam yararsız vəziyyətə salınan şərab zavodu tullantılardan təmizlənir.

2016-cı ilin aprelində 2 min hektar, indi isə 11 min hektar ərazi düşməndən alınıb. Düzdür, çıxılmaz vəziyyətdə qalan düşmən tərəf bunu müxtəlif bəhanələrlə gizlətməyə çalışır. Lakin fakt o dərəcədə aydın və sənədlər, fotoşəkillərlə təsbit olunub ki, hətta ermənilərin özlərinin dezinformasiyalarında bu təsdiq edilir. Ermənistan Müdafiə Nazirliyi məğlubiyyətin acısını yaşamaq gücündə olmadığından öz əhalisində indiyədək formalaşdırdığı yanlış təsəvvürləri qorumaq üçün bir həftə ərzində bir neçə dəfə fikrini dəyişərək hadisə barədə müxtəlif versiyalar quraşdıraraq rəsmi məlumat kimi yayıb. Lakin Azərbaycan Ordusunun Naxçıvanda mövqelərini irəli çəkməsi və yeni strateji yüksəkliklərdə möhkəmlənməsi, nəticədə min hektarlarla münbit ərazinin faktiki işğaldan azad edilməsi barədə təkzibedilməz faktların-görüntülərin yayılmasından sonra Ermənistan Müdafiə Nazirliyi bizim hərbçilər qarşısında həmişə aciz durumda olduqlarından bu dəfə naxçıvanlı çobanları hədələməyi lazım bilib. Belə ki, sosial şəbəkələrdə erməni istifadəçilər Azərbaycan Ordusunun Ermənistan kəndlərinə də nəzarət etməyə imkan verən yeni postlarının görüntülərini yayandan sonra Müdafiə Nazirliyində taktikanı dəyişərək bildirdilər ki, narahatçılıq üçün heç bir əsas yox imiş və Ermənistan ordusu “əvvəlki kimi vəziyyəti tam nəzarət altında saxlayır”, hansısa iri ərazinin geri alınmasından söhbət getmir.

Ancaq, Azərbaycan Müdafiə Nazirliyi ordumuzun Naxçıvan istiqamətində keçirdiyi əməliyyata dair filmi nümayiş etdirənəndən sonra düşmənin daha bəhanəsinə yer qalmadı. Azərbaycan ordusunun yeni mövqelərinin Ermənistan ərazisində strateji əhəmiyyətli İrəvan-Gorus-Laçın yolunu müşahidə altında saxlamağa tam imkan verdiyi üzə çıxdı. Bu uğur sayəsində Ermənistan ordusunun postları Azərbaycan ordusunun yeni mövqelərindən aşağıda qalıb və onların bütün mümkün yerdəyişmələri, təchizat yolları indi ciddi nəzarətdə saxlanılır. Üstəlik, Ermənistanın Arpa kəndi və kəndin ətrafındakı əkin sahələri Azərbaycan ordusunun “Qızılqaya” yüksəkliyindəki mövqeyindən atıcı silahların nişangahı altındadır.

KİV-lərdə gedən məlumatlarda bildirilir ki, bu cür təkzibedilməz görüntülərin yayılmasından sonra jurnalistlər növbəti dəfə Ermənistan Müdafiə Naziliyinin mətbuat xidmətinin rəhbəri Arsurun Ovanisyana zəng vurublar. Bu dəfə Ovanisyan deyib ki, Azərbaycan Ordusunun bu əməliyyatı naxçıvanlı çobanları və əkinçiləri təhlükə altında qoyub. Ovanisyanın dediklərindən belə alınır ki, Ermənistan ordusu Naxçıvanda Azərbaycan Ordusunun irəliləməsinin əvəzini çobanları, yəni mülki sakinləri atəşə tutmaqla çıxmağa hazırlaşır. Panorama.am agentliyinin müxbiri Ovanisyandan  həmin açıqlaması ilə nə demək istədiyini soruşanda belə bir cavab alır: “Bundan sonra onların qoşunları, çobanları və əkinçiləri təhlükə altında qalacaq”. “Yəni nə demək istəyirsiniz, əvvəlcə çobanlar irəliləyib, onların ardınca qoşunlar?”-müxbir Ovanisyandan bu axmaq fikirləri ilə bağlı bir daha soruşub. “Yox. Azərbaycan çobanları əvvəl daha sərbəst idi, onlar heyvanlarını düz bizim postların ətrafında otarırdılar”-Ovanisyan dediklərini dəqiqləşdirib.

Bütün bu ziddiyyətli fikirlər və hədələr ermənilərin necə bir təhlükəyə düşdüyünü  aydın sərgiləyir. Artıq İrəvanda Azərbaycan Ordusunun gücü dəhşətli kabusu xatırladır.

Bunun səbəbidir ki, indi Azərbaycanın müdafiə naziri Zakir Həsənovun hər bir açıqlaması Ermənistanda təlatümlə qarşılanır. Şərhçilər gah Minsk qrupuna Azərbaycanın sayğısızlığından şikayətlənir, gah militarist siyasətdən, Azərbaycanın mçüharibəyə sürətlə hazırlaşmağından dəm vurur, gah da ölkəmizə silah satanları qınayırlar. Bu günlərdə Z.Həsənovun dediyi, “İlham Əliyev qarşımızda ordunu müharibəyə hazırlamaq tapşırığı qoyub” sözləri erməniləri qorxu içərisində vəlvələyə salıb.

Azərbaycan Ordusunun 100 illiyi münasibətilə iyunun 26-da Bakıda keçiriləcək hərbi paradla əlaqədar gedən hazırlıqlar fonunda bizdə olan silah növlərinin çeşidini mətbuatdan izlədikcə İrəvanda şayiələr daha da artır. Artıq düşmən ölkədə də anlayırlar ki, bu qədər müasir silah-sursat qarşısında regionun heç bir ordusu dayana bilməz.

N.NOVRUZ
 
 

 

 

Sizin Reklam Yeriniz