Əlaqə Arxiv
news Image
2018.06.26
09:30
| A A A
Azərbaycan terrora qarşı mübarizədə ABŞ-a kömək etsə də, ABŞ-dan lazımi kömək almır
Azər Həsrət: Bu hal ondan qaynaqlanır ki, ABŞ-da söz sahibi olan qüvvələr birrəngli deyil” Hikmət Babaoğlu: “Terrorun milliyəti yoxdur və terrora qarşı mübarizə vasitəsi və ona münasibət də eyni olmalıdır”

Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqidir. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatını təmsil edən, Konqresin Qaydalar Komitəsinin sədri respublikaçı Pit Seşnz deyib.

Qeyd deək ki, Azərbaycan özü də terrora məruz qalan ölkələrdəndir. Ölkəmiz 30 ilə yaxındır ki, erməni terrorundan ziyan çəkir. Ancaq ötən müddət ərzində ABŞ erməni terroruna qarşı mübarizədə Azərbaycana hər hansı bir yardım etməyib. Yəni, Azərbaycan beynəlxalq terrorun kökünün kəsilməsi üçün öz yardımını əsirgəmədiyi halda, həmin terrorun bir qolu olan və bölgədi terror təhlükəsində saxlayan erməni cəlladlarına qarşı mübarizədə isə ölkəmiz təəssüf ki, hələlik beynəlxalq birlikdən lazımi dəstəyi görməyib. 

Siyasi icmalçı Azər Həsrətin fikrincə, ABŞ-ın Azərbaycanın  erməni terroruna qarşı münasibətdə sərgilədiyi siyasət onun ikili standartlardan çıxış etməsinin nəticəsidir: “ABŞ qlobal güc mərkəzidir. Dünyanın ən öndə gedən dövlətidir. Təbii ki, bu mənada da həmin ölkənin dünyanın istənilən nöqtəsində gedən proseslərə özünəməxsus yanaşması vardır. Eyni zamanda, Vaşinqton ayrı-ayrı dövlətlərlə münasibətlərini elə qurur ki, həmin ölkələr bu və ya digər şəkildə ABŞ-ın maraqlarına zidd davranışlara meyllənməsinlər.

Konkret ölkəmizin beynəlxalq terrora qarşı mübarizədə verdiyi töhfəyə gəldikdə, ABŞ həmişə qeyd edib ki, Azərbaycan dövləti hər zaman Vaşinqtonun çox etibarlı tərəfdaşı olub və olmaqda davam edir. İstər Əfqanıstan, istər İraq, istər günümüzdə cərəyan edən Suriya məsələsində, istərsə də ayrı-ayrı digər proseslərdə Azərbaycanın terrorla mübarizədə mövqeyi birmənalıdır. Arxada, kiminsə gözündən kənarda Azərbaycan heç bir hərəkət etmir. Açıq şəkildə terrora qarşı mübarizə aparır və bu mübarizədə heç vaxt yaxasını kənara çəkmir. Amma bütün bunlara baxmayaraq, ABŞ Azərbaycanın üzləşdiyi erməni terroru ilə bağlı birmənalı və gözlədiyimiz mövqeyi sərgiləmir. Bu da ondan qaynaqlanır ki, ABŞ-da söz sahibi olan qüvvələr birrəngli deyil. Orada müxtəlif maraqlara xidmət edən, xüsusən də lobbiçiliyi dövlət maraqları siyasətinə yüksəltmiş dairələr, qüvvələr var. Həmin qüvvələr bir tərəfdən əlbəttə ki, Azərbaycan kimi dövlətlərlə əlaqə qurmaqda, iş birliyi yaratmaqda maraqlıdır. Digər tərəfdən isə onlar həm də Azərbaycanı bu və ya digər şəkildə təsir altında tutmaq üçün rıçaqların qayğısına qalırlar. Erməni terroruna ABŞ-da olan münasibət də məhz bundan qaynaqlanır. Yəni, onlar bir gün müsbət əməllərimizi görüb onu dilə gətirir, təqdim edirlər. Eyni zamanda, bizə lazım olan erməni terrorunun dilə gətirilməsində bir qədər təmkinli davranırlar ki, lazım olanda həmin məsələdən Azərbaycana təzyiq etsinlər.

Təbii ki, bu ikili standart və ikili siyasətin tərkib hissəsidir.  Ona görə də Azərbaycan ABŞ-ın qlobal güc olmasına baxmayaraq, onunla münasibətdə belə mövqeyindən bir addım da olsa kənara çəkilmir, ləyaqətli davranışı ilə bütün dünyaya örnək olur və dövlətimizin maraqlarıan söykənən siyasət yürüdür.

Azərbaycanın bu cür davranışı öz miskin və yazıq siyasətilə dünyanın gülünc hədəfinə çevrilmiş Ermənistana da dərs olmalıdır. Yəni, onlar terror təşkilatlarını bəsləməkdənsə, Azərbaycan kimi ləyaqətli dövlətə çevrilmənin qayğısına qalmalıdır. Bunun üçün də Azərbaycan dövlətinə dost əlini uzatmalı, işğal etdiyi torpaqlarımızdan birdəfəlik çəkilib getməlidirlər. Ümumiyyətlə, Güney Qafqazda münasibətlərin sivil müstəviyə daşınmasında yardımçı olmalıdırlar”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, terrora qarşı mübarizədə ABŞ-la Azərbaycan arasında münasibətlərdə qarşılıqlı şəkildə hər iki dövlətin maraqları dəstəklənməlidir: “Azərbaycan erməni terrorundan əziyyət çəkib və hələ də çəkməkdə davam edir. Lakin təəssüf ki, erməni terroruna qarşı mübarizədə arzuolunan dəstəyi müttəfiqlərimizdən görmürük.

ABŞ 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra antiterror koalisiyası yaradarkən Azərbaycan da bu koalisiyaya qoşuldu. Bununla ölkəmiz bütövlükdə terrora qarşı mübarizədə müttəfiqlərinin yanında oldu. Eyni həssaslığı müttəfiqlərimizdən də gözləyirik. Terrorun milliyəti yoxdur və terrora qarşı mübarizə vasitəsi və ona münasibət də eyni olmalıdır. Ancaq görürük ki, hələ də Azərbaycan ərazilərində erməni terrorizmi baş alıb gedir. Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələri mənəvi terrora məruz qalır. Eyni zamanda, Azərbaycan torpaqları və xalqımız terrora məruz qalır. Erməni terrorçuları ən müxtəlif vasitələrlə Azərbaycan əhalisinə qarşı terror həyata keçirir. Çaylar vasitəsilə minalar, partlayıcı vasitələr axıdır, uzaqdan vuran silahlarla dinc əhalini hədəfə alırlar. Bunlar hamısı erməni terrorizminin təzahürləridir. Düşünürəm ki, bu prosesdə Azərbaycanın müttəfiqləri onun yanında olmalıdır. Terrora qarşı birlikdə və total şəkildə mübarizə aparılmasa, terror daima mövcud olacaq və bütün dövlətlərin təhlükəsizliyini təhdid edəcək. Ona görə düşünürəm ki, bu istiqamətdə müttəfiqlərimiz də Azərbaycana lazımi dəstəyi verməlidirlər. ABŞ-la Azərbaycan arasında münasibətlərdə terrorizmlə mübarizə ən mühüm məsələlərdən biridir və qarşılıqlı şəkildə hər iki dövlətin maraqları dəstəklənməlidir”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz