Əlaqə Arxiv
news Image
2018.06.26
15:13
| A A A
Azərbaycan bir daha sübut etdi ki, heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli, möhtəşəm, unudulmaz hərbi parad keçirildi.

Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyətin iştirak etdiyi paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi.

Əslində bu müasir silahlar, texnikalar düşmənə göz dağıdır. Azərbaycan düşmənə göstərdi ki, belə bir güclü texnikaya malik ordu ilə Ermənistanın bütün həmlələrinin, təxribatlarının qarşısını ala bilər. Eyni zamanda, Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının tərəfdarı olsa da, öz ərazi bütövlüyünü hərbi yolla da bərpa etmək iqtidarındadır və edəcək. İndi düşmən reallığa baxıb düşünsün: ya 2016-cı ilin aprel döyüşlərində zəfər çalmış və 2018-ci ilin Naxçıvan əməliyyatında uğur qazanmış Azərbaycan Ordusu ilə qarşılaşıb növbəti ağır məğlubiyyətə uğramalı, ya da yaraqlılarını Azərbaycanın əzəli-tarixi torpaqlarından öz xoşu ilə çıxartmalı.

Budəfəki paradda da Azərbaycan istehsallı hərbi məhsullar çoxluq təşkil etdi. Bu, bir daha göstərdi ki, Azərbaycan müdafiə təyinatlı məhsul istehsalında da böyük nailiyyətlər əldə edib.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir çox sahələrdə aparılan islahatlar ordu quruculuğundan da yan ötməyib. Belə ki, ölkənin müdafiəsinin təşkil edilməsi üçün Azərbaycan Ordusunun döyüşə hazırlığı sahəsində müvafiq tədbirlər görülüb, qoşunlar müasir döyüşün aparılması tələblərinə cavab verən silah, hərbi texnika və digər vasitələrlə hərtərəfli təmin olunub. Azərbaycan Ordusunun qoşun-döyüş sursatları üzrə ehtiyatlarının yaradılması məqsədilə yerli hərbi sənaye müəssisələrindən və xarici ölkələrdən müxtəlif təyinatlı müasir döyüş texnikası, eləcə də digər hərbi məhsullar alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib.

Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlətimizin başçısının atdığı ilk addımlardan biri də 16 dekabr 2005-ci il tarixli sərəncamla Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılması oldu. Təsadüfi deyil ki, hazırda ordumuzun arsenalı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir, eyni zamanda, Azərbaycan özünü bir çox müdafiə sənayesi məhsulları ilə təmin edir. Ölkədə istehsal olunan bu qəbildən məhsulların 89 faizini müdafiə və xüsusi təyinatlı məmulatlar təşkil edir. 2007-ci illə müqayisədə təkcə 2016-cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi isə 42 dəfə artıb. Ümumilikdə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı artaraq 213-dən 1200-ə çatıb. Son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Bununla yanaşı, Azərbaycan istehsal etdiyi məmulatlardan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatları 10-dan çox ölkəyə ixrac edir. İxrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.

2003-cü ildən bu günə qədər Azərbaycanın hərbi xərcləri təxminən 15 dəfə artıb.

Bu parad Azərbaycan xalqının Milli Orduya inamını daha da gücləndirdi. Azərbaycan xalqı tam əmindir ki, Silahlı Qüvvələrimiz işğal altında torpaqlarımızı azad etməyə hər an hazırdır. Heç şübhəsiz ki, Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək və bugünkü möhtəşəm hərbi parad bunu bir daha sübut edir. Bu gün dünyada ən güclü ordular sırasında duran Azərbaycan Silahlı Qüvvələrinin qarşısında dayanan əsas vəzifə də elə budur.

Hərbi paradda çıxış edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də qeyd etdi ki, bu gün düşmənin bütün hərbi hədəfləri, bütün strateji əhəmiyyətli məntəqələr Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bu həqiqəti bu gün nümayiş etdirilən silahlar da göstərdi – həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya.

Dövlətimizin başçısının da dediyi kimi, gün gələcək, işğaldan azad olunmuş torpaqlarımızda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətirilib hərbi paradda nümayiş etdiriləcək.

O gün elə də uzaqda deyil! Trend

Sizin Reklam Yeriniz