Əlaqə Arxiv
news Image
2018.06.28
09:45
| A A A
“Aprel müharibəsi” təkrarlanır?!
Ön cəbhədə 2016-cı ildəki eyni vəziyyətin hökm sürməsi erməniləri təşvişə salıb

“Cəbhədə 2016-cı ilin “aprel müharibəsi”ndən əvvəlki vəziyyət yaşanır”. Bu barədə erməni siyasi şərhçi Sarkis Arstruni yazıb. Onun sözlərinə görə, “aprel müharibəsi”ndən sonra Ermənistan rəhbərliyi cəmiyyəti cəbhədə müdafiənin möhkəmləndirildiyinə inandırmağa davam edirdi. “Bakı “aprel müharibəsi”ndən sonra “yorucu müharibə” taktikasına keçdi. Lakin son dövrlər Qarabağ və Naxçıvan cəbhəsində baş verənlər genişmiqyaslı müharibənin başlanğıcına qədəm qoyduğumuzu göstərir. Silah arsenalına görə Azərbaycan Ermənistandan üstündür və müharibə başlayarsa, bu üstünlük davam edəcək”, - deyə o bildirib. Erməni şərhçi İrəvanın müdafiə və xarici siyasət istiqamətində zəif olduğunu da qeyd edib.

Tək siyasi şərhşilər və ekspertlər deyil, erməni hərbçiləri də bu gün Ermənistan-Azərbaycan sərhədində baş verən dəyişikliklərlə bağlı həyəcanlı şərhlər verməkdədirlər. Çünki, Qarabağ münaqişəsinin həlli məsələsinin vaxtı çoxdan çatıb və bəlkə də artıq keçib. Təcili ststus-kvo deyilən vəziyyət dəyişilməlidir. 2016-cı ilin apreli siqnal idisə, Naxçıvan hadisələri ermənilər üçün həyəcan təbilidir. Ya sülh, ya müharibə dilemması indi düşmən qarşısında zəruriyyət kimi durur. Onlar müxtəlif bəhanələrlə şəraitin ömrünü uzatmağa çalışırlar. Üstəlik, yerli əhalinin də ümidlərini canlandırmaq üçün canfəşanlıq göstərirlər.

Naxçıvan tərəfdə azad edilmiş 11 min hektarın əks-sədası erməni cəmiyyətini təlatümə gətirib. Əhali daha ölkə rəsmilərinin “qüdrətli orduları” barədə bəyanatlarına inanmırlar. Bu səbəbdən hərbçilər saxta məlumatlarla elektron KİV-lərin səhifələrini doldurublar. Xüsusilə Azərbaycan Müdafiə Nazirliyinin hadisələr haqda geniş icmalını internet-çarx vasitəsilə yayması düşmənə ağır zərbə vurub. Ermənilər öz jurnalistlərini sərhədə apararaq hansısa postları onlara göstərir və inandırmağa çalışırlar ki, azərbaycanlıların bütün hərəkətlərini izləyir və hərbi postları atəş altında saxlayırlar. Onlar sərhəddə nələrin baş verdiyini əhalidən gizlətməklə özlərini qınaqlardan qorumağa şalışırlar. Lakin həqiqəti əbədi gizlətmək mümkün olmadığı kimi Azərbaycan Ordusunun zəfər taktikasını da ört-basdır etmək mümkün deyil.

Naxçıvan zəfərinin təsiri o qədər güclüdür ki, indi erməni mətbuatı Rusiya-Azərbaycan arasında ən xırda təmaslara da eyni müharibə nöqteyi nəzərindən yanaşırlar. Bu günlərdə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Bakıda Azərbaycan parlamentinin sədri Oktay Əsədovla görüşdə səsləndirdiyi bəyanat İrəvan səmasında şimşək kimi çaxıb. “Armenian report”dakı məqaləsində müəllif Ambarsum qeyd edir ki, Vyaçeslav Volodin Rusiyada uzun illər baş nazir vəzifəsini icra edib. O, bu vəzifəyə təyin olunmasa da, hər zaman önəmli fiqur olub. Bu səbəbdən məqalənin müəllifi Volodinin Bakıda səsləndirdiyi bəyənatları rəsmi Kremlin ismarıcı olduğunu nəzərə çatdırır. Bəs Vyaçeslav Volodinin Bakıda olarkən hansı bəyanatı ermənilərin yuxusuna haram atıb?

Ambarstum iddia edir ki, Volodinin Bakıdan bu mesajı verməsi əvvəlcədən hesablanıb. Rusiya Volodinin simasında Azərbaycanın addımlarını təsdiqləyir. Naxçıvan istiqamətindəki addımlarına münasibət bildirmir. Müəllif qeyd edir ki, Azərbaycana olan münasibət fonunda rəsmi Kremlin Ermənistanı strateji tərəfdaş adlandırması baş aldatmaqdan başqa bir şey deyil. Məqalədə o da qeyd olunur ki, Volodinin “Azərbaycan Dağlıq Qarabağla bağlı düzgün və konstruktiv yoldadır” deməsi Ermənistanın yanlış yolda olduğuna bir işarədir. Müəllif məqaləsində Rusiyanı kinli və axmaq adlandırmaqdan da çəkinmir. Qeyd edir ki, ölkəsi Rusiyadan imtina edərək çoxdan sivilizasiyaya qədəm qoymalı, yəni özünə yeni havadar tapmalı idi.

Ambarsum qeyd edir ki, Rusiyanın Ermənistan üçün hazırladığı “sürprizlər” hələ çoxdur. Onun fikrincə, Ermənistandakı məxməri inqilab Rusiyanın ürəyincə deyil və erməni xalqından intiqam almaq arzusu hələ də rusların ürəyindədir. Habelə vurğulanır ki, Azərbaycan təkcə Rusiya ilə deyil, eyni zamanda ABŞ və İsrail ilə etibarlı tərəfdaşlıq yaşayır. Məqalədə bu günlərdə Bakıda keçirilən hərbi parad yada salınır. Müəllif qeyd edir ki, burada nümayiş olunan silahlar arasında İsrail aviasiya sənayesinin istehsalı olan “Lora” taktiki raket kompleksini 2018-ci ildə dünya üzrə yalnız Azərbaycan əldə edib. Bununla yanaşı, “Xeron” və “Orbiter” pilotsuz uçuş aparatları, habelə “Spayk” tankları da İsrailin Azərbaycana açıq və birbaşa dəstəyini nümayiş etdirir. Üstəlik, bütün bunlar ABŞ tərəfi ilə də razılaşdırılıb. Erməni KİV-ləri qeyd edir ki, bütün bu silahlar erməni əsgərlərini Dağlıq Qarabağda məhv etmək üçün alınır və bu gün uzaqda deyil. Məqalənin sonunda erməni müəllif acizliklərini etiraf edir. O qeyd edir ki, ölkəsi yalnız öz gücünə güvənə bilər. Bu isə Ermənistanın dalana dirəndiyini bir daha sübuta yetirir

Göründüyü kimi, erməni ekspertlər özlərinin hansı dərəcədə zəif olduqlarının fərqindədirlər. Bu da ona dəlalət edir ki, erməni cəmiyyəti məğlub olacaqlarının fərqindədirlər. Lakin xaricdən “güc” alan erməni siyasi rəhbərliyi, necə, bunu dərk edirlərmi? Güman ki, bəli, amma siyasi hakimiyyət həvəsi onları Qarabağ münaqişəsinin həllinə substantiv yanaşmağa imkan vermir. Lakin Azərbaycan üçün bu heç bir əhəmiyyət daşımır. Torpaqlarımızın azadlığı günü bu minvalla sürətlə yaxınlaşır.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz