Əlaqə Arxiv
news Image
2018.06.30
09:30
| A A A
Bakı sülh danışıqları mərkəzinə çevrilib
Siyasi problemlərin çözülməsinə Azərbaycanın yanaşması hamı tərəfindən qəbul edilir

Azərbaycanın bu gün də dünya sülh hərəkatının önündə gedən dövlətlərdən biridir. Ölkəmiz ümumbəşəri əhəmiyyət daşıyan ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu daşıyır. Tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda hökm sürən milli birlik və sabitlik ölkənin beynəlxalq aləmdə rolunu müəyyənləşdirən əsas amillərdəndir. Təbii ki, dövlət başçısının həyata keçirdiyi siyasi kurs bu istiqamətdə böyük önəm daşıyır.

Bu günlərdə Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı yerli xüsusiyyətlərdən qaynaqlanan beynəlxalq missiyaya bariz nümunədir.  Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Təmas Qrupunun toplantısındakı açılış nitqində deyib: “Bizim ümumi məqsədimiz Əfqanıstanda və ölkədən kənarda sülh və təhlükəsizliyə dair bir sıra məqsədlərə nail olmaqdır”. O bildirib ki, bu çox əhəmiyyətli platformadır: “Geniş tərkibdən ibarət ölkələr qrupu Əfqanıstan — “Taliban” münaqişəsinə dair əməkdaşlıqda olduqca maraqlıdır. Biz bu işdə kömək göstərməyə və əməkdaşlıq etməyə, birgə səylərimizi daha da inkişaf etdirməyə şadıq. Biz bunu dost və qardaş ölkə üçün edirik. Bu ölkə ilə biz ümumi tarixi, ümumi mədəniyyəti bölüşürük. Ümid edirəm ki, gələcəkdə bizim millətlər daha sıx əlaqədə olacaq”.

Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur. Tədbirdə Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların, təqribən 90-a yaxın nümayəndəsi iştirak edir. Toplantıda, həmçinin Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak edirlər.

Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Azərbaycanda multikultural həyat tərzi hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnsani dəyərlərin ümumbəşəri əhəmiyyətinə önəm verən dövlət başçısı İlham Əliyev dünyada  sülhün bərqərar olması istiqamətində yorulmaz səylər göstərir. Bu, Azərbaycanın dövlət siyasətində parlaq təzahür edir və eyni zamanda ümumbəşəri dəyərlərə ölkəmizin verdiyi töhfədir.

Azərbaycan Qoşulmama hərəkatının üzvüdür. Bu ilin aprelində Bakıda hərəkatın Nazirlər konfransı keçirilib. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir və verəcək.

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək.

Ölkəmizin daşıdığı bu missiyaya görə Qərb və Rusiya hərbi rəhbərləri də danışıqlar məkanı kimi tez-tez Azərbaycanı seçirlər. Həm ideya-siyasi məqsəd, həm də coğrafi mövqe baxımından ortaq mövqe sərgiləyən dövlətimizin belə sülhpərvər rolu onun dünya birliyində həyata keçirdiyi fəaliyyətin nə qədər böyük məna daşıdığını göstərir.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz