Əlaqə Arxiv
news Image
2018.06.30
11:40
| A A A
Azərbaycan meyvələri Avropada yaxşı tanınır
Şirniyyat sənayesində istifadə olunan meyvələrə xaricdə maraq böyükdür

Son bir neçə ildə hökumətin qeyri-neft sektorunun dirçəldilməsi proqramı üzrə həyata keçirdiyi tədbirlər öz gözəl bəhrəsini verməkdədir. İlk növbədə daxili bazarı geniş çeşiddə ərzaq və istehlak məhsulları ilə təmn etməyi bacaran kənd təsərrüfatı sahəsi eyni zamanda yüksək keyfiyyətli məhsulları ilə xarici bazarlara ayaq açıb. Bu yolda İqtisadiyyat nazirliyinin xarici ölkələrdə təşkil etdiyi ixras missiyaları əhəmiyyətli rol oynayır.

Bu günlərdə Azərbaycanla İsveçrə arasında fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Tədricən Avropanın əksər ölkələri Azərbaycanın aqrar məhsullarının müəyyən növlərinin alışını sürətlə artırırlar. İsveçrəyə təşkil olunan ixrac missiyası çərçivəsində Azərbaycanın fındıq istehsalı ilə məşğul olan şirkətləri ilə İsveçrənin aparıcı şirkətləri arasında görüşlər keçirilib. Bern şəhərində keçirilən görüşlərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar barədə məlumat verilib, Azərbaycan və İsveçrə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə, ixracın artırılmasına dair müzakirələr aparılıb.

İsveçrənin “GN-company”, “Varistor” və “Delica” şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirklətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib.

Fındıq yeyinti sənayesinin şirniyyat bölümündə geniş istifadə olunan və dadına, keyfiyyətinə görə valyuta qazandırmağı bacaran strateji məhsul sayılır. Respublikamızın şimal-qərb bölgəsində kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Azərbaycanda fındıq istehsalının böyük hissəsi Zaqatala, Qax, Balakən və bölgənin digər rayonlarının payına düşür. Fındıq istehsalı bu rayonların kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bölgələrdə kənd təsərrüfatının ənənəvi sahələrində, o cümlədən fındıqçılıqda çox böyük inkişafın olduğunu vurğulayaraq deyib: “Keçən il 18 min hektarda fındıq bağları salınıb. Beləliklə, fındıq bağlarının sahəsi 55 min hektara çatıb və bizim hədəfimiz 80 min hektara çatdırmaqdır. Fındıqçılıq kənd təsərrüfatının inkişafı və ixrac imkanlarımızın genişləndirilməsi üçün önəmli yer tutacaq. Bu gün ixrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq ikinci yerdədir. Fermerlər bu məhsulun ixracından 100 milyon dollardan çox vəsait əldə ediblər”.

Hökumətin gördüyü tədbirlər sayəsində hər il fındıqçılıqdan daha çox gəlir əldə edilir. Məsələn,  2017-ci ildə Zaqatala rayonunda sənaye sahəsi üzrə məhsul buraxılışının 83 faizini fındıq və fındıq məhsullarının satışından gələn gəlirlər təşkil edib. Ötən il Zaqatala rayonundan xaricə fındıq və fındıq məhsullarının ixrac edilməsi nəticəsində Azərbaycana 73 milyon dollar və ya 124 milyon 401 min manat vəsait daxil olub. Fındıq ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 37,7 faiz artıb. 2017-ci ildə Zaqatala rayonunda fındıq bağlarından 13 min 422 ton, yəni əvvəlki ildəkindən 4 min 512 ton çox məhsul tədarük olunub.

Əslində sovetlər dönəmində də Azərbaycan fındığı xaricə göndərilirdi. Lakin bundan respublikaya xeyir gəlmirdi. Yalnız yerli bazarlarda satılan məhsullardan ayrı-ayrı kəndlilər fayda götürürdü. Müstəqillik statusu yağına və dadına, tərkibindəki vitaminlərin zənginliyinə görə fındıq məhsulunu xalqın malına çevirib. İndi həm dövlət, həm də bu məhsulu əkib becərənlər qarşılıqlı şəkildə fındıq istehsalından gəlir əldə edir. Yaxın gələcəkdə Azərbaycan fındığının şöhrəti dünyanın ən adlı-sanlı məhsullarının sırasında yer tutacaq. Bunu, onun alıcılarının ildən-ilə sürətlə artması aydın şəkildə hədəfləyib.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz