Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryanın həbsi bu ölkədə uzun illər tüğyan edən başıpozuqluğu və ciyayətkarlıq faktlarını bir-bir üzə çıxarır. Onun haqqında toplanmış cinayət əməllərinin statistikası 160 səhifəlik “trilogiya”dır. Bunun 15 səhifəsini məhkəməyə təqdim etmək bəs olub ki, cinayətkar həbsxanaya göndərilsin. Keçmiş prezidentin adı azərbaycanlılara yaxşı tanışdır. O, bizim Qarabağda doğulub böyüyüb. Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayıb, işləyib, ölkəmizin çörəyini yeyib, amma mmilliyyətcə ermənidir və axırda vətəninə xəyanət edib. Torpaqlarımızın işğal edilməsində də bu adamın “əməyi” az olmayıb. Dövləti xəyanəti bir yana, hələ insanlığa da xəyanət edib və Azərbaycanın Qarabağ bölgəsində yaşayan azərbaycanlıların soyqırımında fəal iştirak edib. Bir varlıq olaraq bu şəxs o dərəcədə kriminallaşıb ki, azərbaycanlıları öldürməyi ilə fəxr edib. Onun taleyinə mühakimə yazılıb və indi bu prosesin başlanğıcıdır.
Robert Köçəryanı Ermənistandan sonra vaxtı yetişəndə beynəlxalq hərbi tribunal da mühakimə edəcək. O, ən ağır cəzaya layiqdir. İndilikdə isə ermənilər bir vaxtlar “milli qəhrəman” deyə səcdə etdikləri adamı “millətin düşməni” deyə qazamata basıblar. Robert Köçəryan bütün ittihamları rədd edərək özünü günahsız saysa da, Ermənistanda 2008-ci il martın 1-də baş hadisələri əhali yaxşı xatırlayır. Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı Vanadzor ofisinin rəhbəri Artur Sakuns “Lragir” saytına verdiyi müsahibəsində yazır ki, həmin il keçirilən prezident seçkisində kütləvi qanunsuzluq və zorakılıq baş verib: “Seçkiqabağı dövrdə və seçki günündə baş vermiş kütləvi pozuntu hallarına görə Koçaryan rejimi heç bir tədbir görmədi. Belə ki, sistemin manerası və mahiyyəti cəzasızlıq, hökumətin siyasəti idi. Martın 1-də zorakılıq bütün İrəvana yayıldı, hələ martın 1-dək 0038 nömrəli gizli qərar vardı ki, nümayişçilərin üzərinə hərbi bölmələr yeridilsin. Halbuki, nümayişçilərdə nə bir silah, nə də haranısa tutmaq niyyəti vardı. Mən yaxşı xatırlayıram, etirazçılar küçədə kimsəyə, hətta maşınlara və binalara da zərrə qədər ziyan yetirmədilər. Amma polislər hər vəchlə insanları zorakılığa təhrik edirdilər. Dinc nümayişə görə 100 nəfər qazamata salındı, söz mazadlığı məhv edildi, müstəqil qəzetlərin fəaliyyəti qadağan edildi. Nümayiş İrəvanda olsa da bütün Ermənistanda fövqəladə vəziyyət elan olundu. Nümayişçilər də gülləbaran edildi”.
Məsələ burasındadır ki, hazırda Ermənistanda Köçəryanın “curları”, yəni onun kimi cinayətkarlar çoxdur. Onlardan biri də Serj Sarkisyandır. O da Azərbaycan vətəndaşı olub və sonradan xəyanətkara çevrilərək Ermənistan vətəndaşlığını üəbul edib və orada kriminal yolla prezident “seçilib”. Hər iki caninin yaratdığı cinayətkarlar qrupu Ermənistan tarixinə “Qarabağ klanı” adı altında damğa vurub. Bu dəstə Azərbaycanda törətdikləri cinayət əməllərini Ermənistranda başqa formada təkrar ediblər. Hakimiyyətdə olan Qarabağ klanı ilə Ermənistanın özündə formalaşmış oliqarx dəstə arasında həmişə mübarizə gedib və bu yolda cinayətlər törədilib. İndi İrəvan klanı hakimiyyətə gəlib və erməni xalqına zülm edən Qarabağ klanının axırı görünür ki, çatıb. Koçaryandan sonra Sarkisyanın da müttəhimlər kürsüsündə oturmasına çox vaxt qalmayıb.
Bu səbəbdəndir ki, Sarkisyanın hələ də sədri olduğu Respublika partiyası Köçəryanın müdafiəsinə qalxıb. Çünki, Robert elan edib ki, əgər onu müdafiə edən olmasa “açacaq sandığı, tökəcək pambığı”. Bəli, bu adam baş vermiş bütün cinayətlərin anatomiyasını və onu törədənlərin adını gözəl bilir. Əgər lazım gəlsə, köhnə cinayətkar qardaşlarının üzlərinə durar, onları da özü ilə qazamata aparar.
İndi erməni politoloqlar sual edirlər ki, ERP Köçəryanın günahsızlığı barədə bəyanat verərkən kimi müdafiə edir, Köçəryanı yoxsa Sarkisyanı? Çünki, bilirlər ki, bunları bir-birinə cinayət əməlləri bağlayır, hansı tutulsa o birisi də onunla birgə mühakimə olunacaq. Belə görünür ki, “dostların” beynəlxalq tribunala istiqamətlənən yoldakı maneələr getdikcə təmizlənir.
N.NOVRUZ