Əlaqə Arxiv
news Image
2018.08.03
08:00
| A A A
Avropa İttifaqının Qarabağ məsələsinin həllində iştirakı yenidən aktuallaşır
Natiq Miri: “Avropa İttifaqı Cənubi Qafqazı özü üçün strateji region hesab edirsə, burada münaqişələrin çözülməsində aktiv iştirakına ehtiyac var” Fərhad Mehtiyev: “Avropa İttifaqı Ermənistana daha çox təsir göstərə bilər”

Avropa İttifaqının (Aİ) Qarabağ münaqişəsinin həllində aktiv mövqeyə keçməsi yenidən aktuallaşıb. Fikirlər səslənir ki, Avropa İttifaqının Cənubi Qafqazda mövqelərini güclənməsi Qarabağ münaqişəsinin həll edilməsindən keçir.  Siyasilərin prosesə yanaşmaları müxtəlifdir. 

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirir ki, bu məsələ uzun müddətdir müzakirə olunur: “Minsk qrupunda xüsusən də Fransanın Aİ ilə əvəzlənməsi zaman-zaman gündəmə gəlib. Düzdür, Fransanın Aİ ilə əvəzlənməsi Azərbaycanın maraqları çərçivəsindədir. Çünki erməni lobbisi ən güclü Fransadadır. Fransa bütün zamanlarda Ermənistanın geosiyasi maraqlarını müdafiə edib. Ancaq nəzərə alaq ki, Aİ-nin region ölkələrinə və problemə təsir imkanları daha böyükdür. 
Aİ ən azından, maliyyə yardımları ilə prosesi stimullaşdıra bilər. Bu cür maliyyə yardımları Ermənistan kimi cırtdan dövlətə hava, su kimi gərəkdir. Nikol Paşinyanın cəmiyyətdə inamını artırmaq üçün bu cür dəstəyə böyük ehtiyacı var. Bu baxımdan Aİ –nın Fransanı əvəzləməsi prosesə müsbət töhfə verərdi. Lakin Aİ-nin indiki çətin durumunda Qarabağ məsələsini özü üçün prioritet hesab edib-etməməsi sual doğurur. Çünki hazırda Aİ-nin özündə birlik problemi yaşanmaqdadır. 
Bundan başqa Aİ strateji tərəfdaşı olan ABŞ ilə də ciddi problemlər yaşayır. Yəni, bu qədər problemləri varkən Aİ-nin Qarabağ problemi ilə məşğul olacağı müəyyən suallar doğurur. Ancaq əgər Aİ Cənubi Qafqazı özü üçün strateji region hesab edirsə, burada münaqişələrin çözülməsində aktiv iştirakına ehtiyac var. Bu münaqişələrin əvvəlində isə Dağlıq Qarabağ problemi gəlir. Aİ-nin Qarabağ probleminin həllinə ciddi qatqıları ola bilər. Nəzərə alaq ki, onun imkanları mövcuddur. Maliyyə və siyasi cəhətdən prosesi stimullaşdıra bilər”.
Beynəlxalq məsələlər üzrə siyasi şərhçi Fərhad Mehtiyev də bu məsələnin yeni olmadığını bildirdi: “Ancaq Avropanın aparıcı dövlətləri bunu məqəsəduyğun hesab etmirlər. Prosesin effektiv olacağını düşünmürlər. Yəni, Azərbaycanda olan fikir onlarda yoxdur. Eyni zamanda Ermənistan da bunu istəmir. Münaqişə tərəflərindən birinin istəmədiyini də vasitəçi kimi qəbul etmək olmur. O baxımdan bu məsələnin üzərində dayanmağa ehtiyac yoxdur”.
Fərhad Mehtiyev əlavə etdi ki, Aİ-nin Ermənistana təsirləri var: “Xüsusən də Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Aİ Ermənistana daha çox təsir göstərə bilər. 
Ümumiyyətlə, vasitəçilikdə bir neçə qayda var. Onlardan biri odur ki, vasitəçi tərəfsiz olmalıdır. Vasitəçilərin mövqe aldığı proses arbitrajdır. Tərəflər ona səlahiyyət verir və tərəflər də onun qərarına əməl etməyə məcburdurlar. Vasiçəlikdə isə belə deyil. Bu gün Aİ-nin xüsusən də Fransanın yerini tutacağı halda heç nə dəyişməyəcək. Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatları var. Hətta Ermənistan işğalçı dövlət kimi tanınır. Ancaq Aİ-nin  Minsk qrupundakı nümayəndəsi necə seçiləcək? Onu Avropa Komissiyasımı, Avropa Parlamentimi seçəcək? Avropanın qanunvericiliyində vasitəçinin kimin təyin edəcəyi haqqında maddəa yoxdur. Yəni, həmin şəxsin təyini bəsit məsələ deyil”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz