Rusiya Ermənistanda əsas adamlarından sayılan Robert Köçəryanın həbsindən sonra Nikol Paşinyan iqtidarına qarşı daha sərt addımlar atmağa hazırlaşır. Qeyd edək ki, son zamanlar Paşinyan “Qarabağ klanı”na qarşı geniş hücuma keçib. Serj Sarkisyanın bir sıra yaxınları həbs edildi. Ardınca həmin klana yaxınlığı ilə seçilən bir çox generallar da anoloji aqibətlə üz-üzə qaldılar. Hətta həbs dalğası göründüyü kimi, Köçəryandan da yan keçməyib.
Göründüyü kimi, Paşinyan bir tərəfdən, həm “Qarabağ klanı”nın timsalında öz rəqiblərini, həm də Kremlə sıx bağlı olan ölkənin sabiq liderlərini zərərsizləşdirmə yolunu tutub. Bu fonda isə istisna edilmir ki, Moskva Paşinyana qarşı təzyiqlərini genişləndirəcək. Hansı ki, həmin təzyiqlər sırasına Qarabağ kartı da daxil ola bilər.
Politoloq Elşən Manafov bildirdi ki, Moskva artıq “Qazprom” şirkətinin timsalında Paşinyan iqtidarına qarşı təzyiqlər kampaniyasına başlayıb: “Paşinyan heç də birmənalı şəkildə Qərbyönümlü siyasət yürütmür. Ermənistanda olsa-olsa mövcud iki klan arasında hakimiyyət uğrunda savaş mahiyyət etibarı ilə yeni bir mərhələyə daxil olub. Paşinyan gözəl başa düşür ki, Sarkisyan və Köçəryanı zərərsizləşdirmədən, hər iki şəxsin ölkənin maliyyə-bank sistemi, o cümlədən orduya təsir imkanlarının qarşısını almaq mümkün olmayacaq.
Eyni zamanda, Paşinyan anlayır ki, növbədənkənar parlament seçkiləri keçirilməyənə və özünün təmsil olunduğu siyasi təşkilat qanunverici orqanda əksəriyyətlə təmsil olunmayana qədər bu səpkili represiyyaları həyata keçirmək lazımdır. Paşinyan Köçəryan-Sarkisyan iqtidarını korrupsiya və insan haqlarını pozmaqda ittiham edir. O məhz bu dalğa fonunda xalqın etirazları nəticəsində hakimiyyətə yiyələnə bildi. Ona görə Paşinyan başa düşür ki, öz hakimiyyətinin bünövrəsini möhkəmləndirmək üçün ən azı mitinqlər zamanı xalqa verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində də konkret addımlar atmalıdır. Son proseslər onu göstərir ki, məhz bu addımlar da atılır. Köçəryanın həbsi, Sarkisyanın da həbs ehtimalı, ümumiyyətlə, həmin iki şəxsin Ermənistan ordusu və güc strukturlarındakı nümayəndələrinin zərərsizləşdirilməsi, vəzifədən kənarlaşdırılması məhz daha çox Paşinyanın konyuktur maraqlarına cavab verir. Bu mənada düşünürəm ki, Paşinyan həmçinin Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın sifarişlərini də yerinə yetirir.
Onun Qərbyönümlü siyasət yürütməsinə gəldikdə, Paşinyan gözəl başa düşür ki, Ermənistanın dirçəldilməsi üçün Qərbdən ciddi investisiya və texnologiyalara ehtiyacı var. Ona görə də məhz bu səpkili siyasət yürütməyə məcburdur. Amma onu da unutmayaq ki, Ermənistan hələ də dəmir qəfəs içindədir. Hansı ki, bu qəfəsi də onun üçün zamanında əsil sahibi olan Rusiya hörüb. İrəvanın bu qəfəsdən çıxmaq şans və imkanları isə o qədər də böyük deyil. Ermənistan Rusiyadan təkcə hərbi və geosiyasi anlamda deyil, həm də iqtisadi, maliyyə baxımdan da asılıdır. Təxminən iki həftə əvvəl artıq “Qazprom” Ermənistana nəql ediləcək qazın tarifini qaldıracağı ilə bağlı mövqe sərgiləyib. Düzdür, bəyan edilib ki, Belarusa da nəql edilən qazın tarifi qaldırılacaq. Amma sentyabr ayında Belarusla bağlı məsələyə yenidən baxaraq, qaz tariflərini aşağı salacağı barədə “Qazprom” mövqe sərgiləsə də, Ermənistanla bağlı belə bir səpkili mövqe ortaya qoymayıb.
Bilirik ki, əslində “Qazprom”un mövqeyi elə rəsmi Kremlin mövqeyidir. “Qazprom” hətta Kremlin Avropa Birliyilə münasibətlərində ciddi təzyiq vasitəsi rolunu oynayır. Onun vasitəsilə Rusiya AB-yə daxil olan dövlətləri şantaj edir. Paşinyan bilir ki, Qərblə münasibətlərin yaxşılaşdırılması Rusiya ilə münasibətlərdə ona manevr etmək, müəyyən dividend və güzəştlər qoparmağa şans yarada bilər. Eyni zamanda, Paşinyanın populist addımlar atması da göz önündədir. Məsələn, öz oğlunu Qarabağa hərbi xidmətə göndərməsi. Əslində, Paşinyan bununla dolayısı ilə etiraf edir ki, o Köçəryan-Sarkisyan iqtidarının Dağlıq Qarabağla bağlı siyasətindən geri çəkilmək fikrində deyil. Paşinyanın ilk səfərini qanunsuz olaraq Qarabağa etməsi və separatçı rejimin də danışıqlar prosesinə cəlb edilməsini istəməsi onu göstərir ki, yeni baş nazir də sözügedən məsələdə əvvəlki sələflərindən qətiyyən fərqlənmir. Bütövlükdə Ermənistanda son zamanlar baş verən hadisələr onu göstərir ki, işğalçı ölkədə klanlararası savaş yeni bir mərhələyə daxil olur. Əvvəllər Ermənistanın daxili gəlirinin 90 faizinə “Qarabağ klanı” nəzarət edirdisə, növbədənkənar parlament seçkilərində Paşinyanın rəhbəri olduğu partiyanın qələbə çalması ilə bu nisbət bərabərləşə bilər. Yəni Ermənistanda heç bir demokratik dəyərlər uğrunda mübarizədən söhbət getmir, bu, sadəcə, klanlararası davadır.
Yuxarıda qeyd etdiyim ki, Paşinyanın son addımları fonunda Rusiya artıq “Qazprom”un timsalında Ermənistana qarşı təzyiqlərə start verib. “Qazprom”un Ermənistanla bağlı qərarını məhz iqtisadi sanksiyalar kimi dəyərləndirmək olar. Düzdür, Rusiya birbaşa olaraq Ermənistana hərbi müdaxilə etməyəcək. Amma Paşinyan zamanında Ter-Petrosyan hökuməti dönəmində olduğu kimi, birmənalı şəkildə Qərbə doğru addımlar atmaq istəsə, təbii ki, öz xələfinin aqibətini gözəl xatırlayır. Vaxtilə olduğu kimi, növbəti dəfə Rusiya xüsusi xidmət orqanlarının Ermənistan parlamentinə daxil olub, parlament üzvlərini gülləbaran etməsi faktınının özünün təkrarlana biləcəyi də istisna edilmir. Rusiyanın Cənubi Qafqazda bir addım belə geri atmağa artıq şansı yoxdur. Çünki, Gürcüstandan sonra Ermənistanın itirilməsi Moskva üçün Cənubi Qafqazın tam itirilməsi demək olacaq. Azərbaycan isə tamamilə müstəqil siyasət yeridir”.
Rüfət NADİROĞLU