Əlaqə Arxiv
news Image
2018.08.07
09:54
| A A A
Düşmən ölkə ikiqat təzyiq altında
Azər Həsrət: “Moskva ilə Ermənistanın arası dəyəcəksə, münasibətlər korlanacaqsa, prosesdən udan Azərbaycan olacaq”

Rusiyada bir çox tanınmış ekspert dairələri arasında konkret fikirlər səslənir ki, Moskva Qərbmeylli siyasət yürüdən Ermənistanın baş naziri Nikol Paşinyanı cəzalandırmağa çalışır. Paşinyan da öz növbəsində “Qarabağ klanı”nı cəzalandırmaq istəyir. Bu isə Ermənistanda gərgin vəziyyət yaradır. 

Hazırda  həm daxildən, həm də xaricdən Ermənistan təzyiq altındadır. Qeyd edək ki, Paşinyanın qərbpərəst siyasətçi olduğu söylənilir. Düzdür, hələlik o, hakimiyyətə yiyələnəndən üzü bəri Qərbə meyllənmək istiqamətində konkret ciddi addımlar atmayıb. Amma onun NATO sammitində görünməsi, ardınca alyansın Gürcüstanda keçirilən hərbi təlimlərində ölkəsinin iştirakı heç də Ermənistanın hamisi Moskvanın ürəyincə olmayıb. Digər tərəfdən, Ermənistanda ruspərəst keçmiş prezident Robert Köçəryanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əslən erməni olan hazırkı rəhbəri Yuri Xaçaturovun həbsinə cəhd də Kremli əməlli-başlı qıcıqlandırıb. İrəvanla Moskva arasında münasibətlərin soyumağa doğru istiqamət götürdüyünə başqa bir nümunəni isə Ermənistanda Gümrüdəki rus hərbi hissələrinin ölkədən çıxarılmasını tələb edənlərin sayının artmasını göstərmək olar. Bir sözlə, hadisələrin gedişi ondan xəbər verir ki, Paşinyan hər vəchlə çalışır ki, Moskvadan asılılığı azaltsın. Bu fonda aydın məsələdir ki, Moskva heç bir halda hadisələrə münasibətdə sakit dayanmaqla qalmayacaq. Çünki, Kremlin sakit dayanması Ermənistanın sonda onun əlindən tamamilə çıxması ilə nəticələnə bilər. 
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Ermənistanın həm daxildən, həm də xarici amilin köməyilə çalxalanması prosesi daha da dərinləşəcək: “Əslində, Ermənistanda son zamanlar baş verən hadisələr, qarışıqlıq ölkəmizin xeyrinədir. Çünki uzun illər hakimiyyətdə olan “Qarabağ klanı” Azərbaycan xalqı, eləcə də erməni xalqına bədbəxtliklər gətirib. Yəni, bu klanın nümayəndələri müharibənin başlanmasına bais olub, xalqlar arasında bölücülük yaradan insanlar olublar. Bu adamların həm günahsız ermənilər, həm də günahsız azərbaycanlıların ölümündə əli var. Onlar istər Azərbaycan xalqı, istərsə də ermənilər üçün günahkardırlar. O baxımdan həmin “Qarabağ klanı”nın rəhbər üzvlərinə qarşı atılan istənilən bu kimi addımlar təqdir edilməlidir. Təbii ki, bu mənada Paşinyanın da onlara qarşı bu cür addımlar atması ölkəmizin xeyrinədir. 
Azərbaycan dövləti uzun illərdir, bütün dünyaya sübut etməyə çalışırdı ki, Ermənistanda hakimiyyətdə olanlar cinayətkardır, onlar sadəcə, təkcə Azərbaycana qarşı deyil, həm də öz xalqına qarşı cinayətkar mövqedən çıxış edirlər. Ümumiyyətlə, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın hər zaman gərginlik içində yaşaması, daim bu ölkədə hansısa qarşıdurma, narazılıq və hərc-mərcliyin olması da ölkəmizin maraqlarına cavab verir. Çünki istənilən halda düşmən ölkənin mövqeyinin zəifləməsi dövlətimizin xeyrinədir. Moskvanın Paşinyanı cəzalandırmaq istəyinə gəlincə, əlbəttə Kreml istəmir ki, İrəvan onun nəzarəti çərçivəsindən çıxsın. Ona görə də Paşinyanla bu və ya digər şəkildə anlaşmağa çalışır. Bu alınmadıqda isə ona qarşı təzyiq metodunu işə salırlar. Paşinyan isə hər halda siyasətdə bir qədər naşı olduğundan və hələlik emosional davranmağa üstünlük verdiyindən Rusiya ilə tam anlaşa bilmir. Anlaşa bilmədiyi təqdirdə də Moskva köhnə metodlardan istifadə etməklə birbaşa təzyiq etməklə Paşinyanı küncə sıxışdırmağa çalışır. Belə vəziyyətin yaranmasının özü də Azərbaycanın xeyrinədir. 
Moskva ilə Ermənistanın arası dəyəcəksə, münasibətlər korlanacaqsa, prosesdən udan Azərbaycan olacaq. Bütün bu hallar ölkəmizin xeyrinə olan proseslərdir. Nəticə olaraq Paşinyan Azərbaycanın illər uzunu dediyi hərbi xuntanın Ermənistanı idarə etməsi faktını rəsmən təsdiqləmiş olacaq. Digər tərəfdən də, ölkəsini Paşinyan daha dərin uçuruma yuvarlayacaq. Çünki öz əhalisi qarşısında verdiyi vədlərin Azərbaycan torpaqlarını azad etmədən həll edilməsi mümkünsüzdür. Ona görə də bir müddətdən sonra Paşinyana qarşı da etiraz dalğasının baş qaldırılacağı gözlənilir. Bunun da axrasında dayanan qüvvə böyük ehtimalla Rusiya olacaq. Ümumilikdə, bir qədər mürəkkəb situasiya yaranıb. Azərbaycan bu vəziyyətdən istifadə etməli və situasiyanın tamamilə öz xeyrinə dəyişməsi istiqamətində addımlar atmalıdır”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz