Son aylar müxalifət cəbhəsində səssizlikdir. Ölkədə baş verən hadisələrin heç birinə reaksiya vermirlər. Məlumatlara görə, xaricdə anti-Azərbaycan qüvvələrin əlində alət olan, sapı özümüzdən olan baltalara maliyyə ayrılması dayandırılıb. Görünür, onlardan istifadə müddəti başa çatıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirir ki, maliyyəsi kəsilənlərdən biri olan «Meydan TV» konkret Azərbaycan dövlətinin əleyhinə istiqamətlənmiş kanaldır: “Ora birbaşa Azərbaycan dövlətinə qarşı yönəlmiş şəxsləri toplayıblar. Bu məsələdə artıq heç bir şübhə yoxdur. Kanal bir çox hallarda erməni maraqlarına xidmət edən informasiyalar yayır. Hətta emənilərin milli maraqlarına xidmət edən proseslər həyata keçirilir. Lakin pulları azalsa da, bütün hallarda sosial şəbəkəkələrdə aktiv olmağa çalışırlar. Elə pulu da sosial şəbəkələrdən çağırış etməklə yığmağa çalışırlar. Yəni, onlar heç vaxt susmayıblar. Niyyətləri də Azərbaycan dövlətini gözdən salmaq, imicini korlamaq, Azərbaycan hakimiyyətinə qarşı rəqabət yox, nifrət, qisasçılıq, ölkədə sabitliyi pozmaqdır.
Adi bir məişət hadisəsini böyüdüb şou yaratmağa çalışırlar. Yəni, nə qədər imkanları varsa, kiçik problemləri böyütməyə çalışırlar. Hətta ermənilərin Azərbaycan əleyhinə olan yazılarını belə verilir. Lakin nə qədər pulları azalsa da, kəsilsə də, susduqlarını demək olmaz. İmkan tapdıqları qədər fəaliyyət göstərirlər. Fəaliyyətləri isə ancaq sifariş əsasındadır. Aldıqları vəsaitlər də erməni diasporuna, erməni lobbisinə yaxın adamlardan gəlir. Bunu onların özləri də inkar etmirlər”.
“İnsan hüquqları XXI əsr” Fondunun rəhbəri Şahin Camalov bildirdi ki, başqasının iyrənc sifarişini yerinə yetirmək üçün ilk növbədə özünün də daxilində iyrənc hisslər olmalıdır: “Hər kəsə maliyyə ayrılsa və “vətənini, millətini söy” deyilsə, hər kəs bunu etməz. Müəyyən insanlar buna meyllidirlər. Maliyyə də məhz həmin insanlara ayrılır. Çünki o şəxslər millətini, vətənini aşağılamaq üçün “ideal” insanlardır.
İkincisi isə, Azərbaycanla bağlı qara piarları bütün il boyu davam edir. Müəyyən dövrlər, ölkədə müsbət irəliləyişlər əldə edildikdə, yaxud da hansısa problemlər meydana gəldikdə bunlar daha da aktivləşirlər. Təbii ki, bu işlərin başında maliyyə durur. Maliyyə olanda bu prosesin üzərinə daha çox gedirlər. Maliyyə kəsiləndə isə nisbətən arxa plana çəkilirlər. Ona görə də həm özlərinin daxilində Azərbaycan düşmənçiliyi var, həm də maliyyə məsələsi ilə bağlıdır”.
Mübariz BAYRAMOV