Əlaqə Arxiv
news Image
2018.08.10
08:00
| A A A
Kreml Ermənistanda “hibrid müharibəsi” aparacaq?!
Tofiq Abbasov: “Rusiyanın Ermənistana “hibrid müharibəsi” aparmadan da kifayət qədər təsir və təzyiq mexanizmləri vardır”

“Rusiya Gürcüstan və Ukraynada istədiyini etdi. Bununla göstərdi ki, o istəyəndə dağıda bilir. Bu baxımdan, Rusiya Ermənistana da müdaxilə edə bilər. Qərb bunu nəzərə alaraq keçmiş səhvlərini təkrarlamamalı və Ermənistanı xilas etməlidir. Çünki Rusiya Ukrayna və Gürcüstanda olduğu kimi Ermənistanda da “hibrid müharibəsi”nə başlayacaq”. Buun  erməni şərhçi Romella Mnasakanyan bildirib. Onun dedyi kimi Nikol Paşinyanı cəzalandırmaq üçün Rusiya Ermənistanda  “hibrid müharibəsi”nə başlaya bilərmi?

 Qeyd edək ki, Paşinyanın Ermənsitanda hakimiyyətə gəlməsindən üzü bəri Moskvanın bu işğalçı ölkə ilə bağlı narahatlığı artmağa başlayıb. Belə ki, Paşinyanın hələ müxalifətdə olarkən qərbpərəst siyasətçi imici qazanması Kremlin heç də ürəyincə deyil. Digər tərəfdən, hakimiyyətə yiyələnər-yiyələnməz Paşinyan öz hərəkətilə hələlik asta-asta olsa da, Qərbə meyl etdiyini əyani şəkildə göstərməyə başlayıb. Belə ki, Ermənistan baş naziri Brüsseldə NATO sammitinə qatılıb, indi də bu ölkə Gürcüstanda sözügedən hərbi blokun keçirdiyi təlimlərdə iştirak edir. Həmçinin, Paşinyan daxildə  rusiyapərəst qüvvələri neytrallaşdırmaq yolunu tutub. Keçmiş president Robert Köçəryanın və Moskvaya yaxınlığı ilə seçilən bir sıra yüksək rütbəli hərbçilərin həbsi belə düşünməyə əsas verir. Hadisələrin bu səpkidə davam etməsi fonunda heç şübhəsiz Moskva prosesi sadəcə sakit durub müşahidə etməklə kifayətlənməyəcək. Paşinyan Rusiyanı qıcıqlandıran daha kəskin addımlara gedəcəyi təqdirdə, Moskva birmənalı şəkildə heç nədən çəkinmədən onu cəzalandırmağa çalışacaq. 
Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasovun fikrincə, Moskva Ermənistana münasibətdə “hibrid müharibəsi” aparmadan da  ciddi şəkildə təsir etmək iqtidarındadır: “Adətən Ermənistanın siyasi dairələri və ekspertləri öz ölkələri barədə çox şişirdilmiş tonda və reallıqla uzlaşmayan bir tərzdə fikirlər söyləyir.  Bununla da Ermənistanın geosiyasi mahiyyətini olduğundan qat-qat böyük müstəvidə qiymətləndirirlər. Ona görə də hazırkı məqamda Rusiyanın Ermənistanda elə də böyük problemi yoxdur ki, Paşinyanı devirmək üçün ona qarşı “hibrid müharibəsi”nə başlasın. 
Ermənistanın bütün qonşu dövlətlər, eləcə də Rusiya ilə problemləri var. Bir çox ölkələr qonşuluq siyasətini gücləndirir, müttəfiqlik prinsiplərini üstün tutaraqq əlaqələri aktivləşdirir. Ancaq Ermənistan bütün bu kimi sağlam ruhlu əlaqələrdən çox uzaqdır. Problemin başında da onların milli məfkurəsi durur ki, Cənubi Qafqaza ən gec gəlmiş qonaq toplum kimi hələ də özlərini toparlaya bilmirlər, qonşu xalqlarla münasibət qurmaqda acizdirlər. Bunun da kökündə dayanan onların xəfisliyi, özgə malına sahib olmaq istəyidir ki, bu kimi keyfiyyətlər də heç zaman yaxşı heç nə vəd etmir. Ona görə də hesab edirəm ki, erməni şərhçi Romella Mnasakanyan özü sözün əsl mənasında romantizmə qapılıb ölkəsini vacib subyekt kimi qələmə verməyə çalışır.  Rusiyanın Ermənistana hazırda münasibəti ona görə dəyişir ki, rəsmi İrəvan gah mıxa, gah nala vurmaqla Moskvaya vacibliyini təqdim etməyə çalışır. Rusiya üçün Ermənistanda 102-ci hərbi briqadanın olması vacibdir. Çünki Qafqazın digər bölgələrində artıq Moskvanın mövqeləri zəifləyib. Yəni əvvəllər hər üç Cənubi Qafqaz ölkəsində rus qoşunları var idisə, indi yalnız Ermənistanda öz mövqelərini saxlayıb. Ona görə də 102-ci hərbi bazanın olması Rusiyanı bir növ ehtiyatla tərpənməyə sövq edir. Deməzdim ki, Rusiyanın Ermənistanla bağlı böyük problemi var. Ermənistanda kifayət qədər ruspərəst qüvvələr mövcuddur. Paşinyanin ətrafına yenicə yığılan qərbpərəst  qüvvələr isə alternativ vektor məsələsini ortaya qoyub. Onlar Rusiyadan uzaqlaşıb, Qərbə doğru hərəkət etməyi özləri üçün vacib sayırlar. Rusiya isə Paşinyan hökumətini istədiyi tərzdə həm məhdudlaşdıra, həm də öz tələblərini ona yeridə bilər. Ermənistanın özünü müdafiə etməsi üçün kifayət qədər gücü, qüvvəsi yoxdur. Qarabağ konfliktinin ağırlığı da Ermənistanı qorxudur. Bu baxımdan da hesab edirəm ki, 
Rusiyanın Ermənistana “hibrid müharibəsi” aparmadan da kifayət qədər təzir və təzyiq mexanizmləri vardır. Hansı ki, lazımı məqamda Moskva İrəvanı cəzalandırmaq üçün onlardan istifadə edə bilər. “Hibrid müharibələrini” isə vəziyyətin çox mürəkkəb, bir çox ölkələrin, vektorların maraqlarının kəsişdiyi yerlərdə aparırlar ki, bir növ düşmən tərəfi tərk-silah etmək imkanı olsun. Ermənistanda isə indilikdə belə bir mənzərəni müşahidə etmirik. Ermənistan o dərəcədə zəif ölkədir ki, ona qarşı Rusiyanın “hibrid müharibəsi” aparmasına da ehtiyac yoxdur.  Mütəşəkkil bir təbliğat kampaniyasının aparılması ilə inandırım sizi ki, İrəvan dərhal Kremlə təslim olacaq. Nikol Paşinyan da bunu başa düşür. Ona görə də o sadəcə, bleflə məşğuldur”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz