Əlaqə Arxiv
news Image
2018.08.10
09:00
| A A A
Qərb İrana görə parçalanır
Qabil Hüseynli: “Avropa ölkələri ABŞ-ın İranla bağlı siyasətini bəyənmir” Zərdüşt Əlizadə: “Əminəm ki, İran ABŞ-la Avropa arasında olan ziddiyyətdən özü üçün bəhrə götürəcək”

İrana qarşı sanksiya məsələsində ABŞ və Avropanın mövqeyi parçalanıb. Donald Tramp adminstrasiyası İranla bağlanan müqavilədən çıxaraq, ona münasibətdə sanksiyalar prosesinə start versə də, ümumilikdə, ABŞ-ın əsas müttəfiqi sayılan Avropa Birliyi ölkələri mövcud vəziyyətdən narazıdırlar. Hətta Avropanın Almaniya, Fransa, İngiltərə kimi  nəhəngləri belə ABŞ-ın İran məsələsində tutduğu mövqeyini dəstəkləmir. Bu fonda Trampın son zamanlar Avropa ölkələrinə də təzyiq göstərmək cəhdləri sezilməkdədir. Belə ki, Vaşinqton Avropadan alınan bir çox məhsullara gömrük rüsumu tətbiq edib. Onu da qeyd edək ki, İranla nüvə sazişi bağlanana qədər ABŞ-la Avropa cənub qonşumuza münasibətdə indikilə müqayisədə vahid mövqedən çıxış edirdi. İndi isə hələlik yuxarıda qeyd etdiyimiz kimi İranla bağlı məsələdə ABŞ-la AB-nin mövqeləri parçalanıb. Buna səbəb nədir və belə vəziyyət Qərb dünyası üçün nə vəd edir? Bu hal dünyanın geosiyasi və geoiqtisadi durumuna necə təsir edəcək?

Politoloq Qabil Hüseynlinin fikrincə, Avropanın İrana sanksiya məsələsində hələlik ABŞ-ın yanında olmaması birincinin oynadığı diplomatik oyundur: “Avropa ölkələri ABŞ-ın İranla bağlanan nüvə sazişidən birtərəfli qaydada çıxmasını bəyənmir. Belə ki, Avropanın fikrincə, Barak Obama dövründə İranla imzalanan saziş ədalətlidir və Tehranın nüvə tədqiqatlarını nəzarət altına ala bilir. Ancaq Vaşinqton əks fikir irəli sürür və bildirir ki, imzalanan saziş İranı qitələrarası ballistik raketlər yaratmaqdan və nüvə silahı əldə etməkdən çəkindirə bilməyəcək. Ona görə də Vaşinqtonun fikrincə, yeni saziş imzalanmalıdır ki, İran yuxarıda qeyd edilən imkanlara sahib ola bilməsin.  Beləliklə, bu istiqamətdə ABŞ-la Avropa arasında mövqelərin tam haçalandığını görürük. İndiki situasiyada Avropa ölkələri müəyyən qədər diplomatik fəndlərə əl atır. Özlərini elə göstərirlər ki, imzalanan sazişlə razıdırlar, ancaq faktiki olaraq, tədricən ABŞ-ın tutduğu mövqeyə doğru meyllənməkdədirlər. Məsələn, Fransanın “Reno”, Almaniyanın “Mersedes” şirkəti artıq İrandan çıxıb. Yaponiya və Cənubi Koreya da İrandan neft almayacağını bəyan edib. Buradan belə nəticəyə gəlmək olar ki, ABŞ əvvəldən cərəyan edəcək bütün prosesləri proqnozlaşdırıb. 
Qərb dünyası sonda ABŞ-ın sanksiya siyasətinə ümumən qoşulacaq. Bu nöqteyi-nəzərdən onu söyləmək mümkündürki İrana qarşı sanksiya siyasəti uğur qazanacaq. Nəticədə İran ya yeni nüvə sazişi imzalamağa məcbur olacaq, ya da ölkəyə tətbiq edilən sanksiyalar cənub qonşumuzun iqtisadiyyatını çökdürəcək. Bu isə İran əhalisinin ciddi etirazları, hətta rejim dəyişikliyinə gətirib çıxara bilər. Amerika bu sanksiyalarda qərarlıdır, onu sona qədər həyata keçirmək niyyətindədir. İran isə hələlik danışıqlara meylli görünmür. Əsas fakt odur ki, İran iqtisadiyyatı sürətlə tənəzzül edir. İşsizlərin sayı 1 milyonu keçib. Bu məsələdə ortaq məxrəcin tapılması danışıqlardan keçir. Tehran isə danışıqlara getməyəcəyini bildirir. Belədə vəziyyət indilikdə qeyri-müəyyən olaraq qalır. Ancaq sonda zənnimcə, İran yumşalaraq danışıqlara gedəcək. Dünyanın bəlli düzəni var idi ki, o da artıq bir neçə ildir dağılmağa başlayıb. Bu dağılma prosesində isə aparıcı rolu Rusiya oynayır. Rusiya Gürcüstan və Ukraynanın bir hissəsini işğal edib, Suriyada hökmranlıq edir. Hətta yeni-yeni torpaqların işğalı ilə bağlı imperialist siyasətini davam etdirməkdə qərarlıdır. Amerika isə zəif də olsa buna müqavimət göstərməyə çalışır. Fikrimcə, ABŞ İranı yerinə oturduqdan sonra, əməlli-başlı Rusiyanın üzərinə düşəcək. Yalnız bundan sonra yeni dünya düzəni formalaşa bilər. 
Digər tərəfdən, Çin kimi nəhəng də ortaya çıxıb ki, onun da neytrallaşdırılması lazım gələcək. Hər halda, dünyamız indiki halda görünməmş çətinliklər dövrünü yaşayır ki, bu da bütün bəşəriyyəti təhdid edir”.  
Politoloq Zərdüşt Əlizadə bildirdi ki, Avropa İran kimi gəlir mənbəyini itirmək istəmədiyindən  bu məsələdə ABŞ-a qarşı çıxır: “Sadəlövh insanlar düşünür ki, Qərb dünyası tamamilə yeksənək, bir əllə idarə olunan, vahid mövqedən çıxış edən bir qüvvədir. Əslində isə bu belə deyil. 
Qərb dünyası müxtəlifdir, onun daxilində müxtəlif bir-birinə zidd maraqlar var. Bu maraqların toqquşması ilə də müxtəlif siyasi mübahisələr yaranır. ABŞ növbəti dəfə İsrailin təhriki və ölkəsindək yəhudi maliyyə, media maqnatlarının təkidilə İrana qarşı öz irədəsini qoyub. Bu iradəsini də bütün dünyaya sırımaq istəyir. Təbii ki, İranla saziş bağlanandan sonra həmin ölkə bazarından milyardlarla dollar gəlir götürmək istəyən  Avropa Birliyi bundan narazıdır. Ona görə də onlar ABŞ-ın birtərəfli qaydada, beynəlxalq normaları pozaraq nüvə sazişindən çıxmasına qarşı çıxış edirlər. Əslində, ABŞ-la Avropa arasında İran məsələsində yaranmış fikir ayrılığı sıradan olan növbəti bir ziddiyyətdir. Həmin ziddiyyət isə həmişə olduğu kimi, müəyyən zamandan sonra öz həllini tapacaq. Nədəsə, Avropa, nədəsə ABŞ güzəştə gedəcək. Amma əminəm ki, İran ABŞ-la Avropa arasında olan ziddiyyətdən özü üçün bəhrə götürəcək. Rusiya, Çin, Türkiyə İranın mövqeyini dəstəkləyir. Belə olan halda İranın geri çəkiləcəyini istisna edirəm”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz