Nəhayət, Xəzərin statusu məsələsinə əncam çəkildi. Belə ki, Xəzəryanı ölkələrin Qazaxıstanın Aktau şəhərində baş tutan V sammitində imzalanan sənədə görə Xəzərin hüquqi statusu nəhayət ki, aydınlaşıb. Xəzər dənizi su hövzəsi adlandırılıb. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. Qeyd edək ki, sammitdə Xəzərin dibinin dəniz, suyunun isə göl kimi bölünməsi razılaşdırıldı. 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir. Konvensiyanı bütövlükdə Xəzər dənizinə aid etmək mümkün deyil. Belə ki, konvensiyadakı “Dəniz” anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda Xəzərin suyunun və təkinin tərkibi və forması onu göl adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqında ayrıca sazişin olmasını labüd edirdi.
İmzalanan Konvensiya ümumi prinsipləri müəyyən edir. Onun əsas ideyası: Xəzərin statusu 5 ölkə arasında mübahisə mövzusu deyildir, dəniz-gölün bölünməsinin ümumi prinsipləri müəyyən olunub və indidən sonra qonşu tərəflər arasında olan konfliktlər ikitərəfli qaydada həll edilməlidir, 5 tərəfli yox. Bütün bu illər ərzində dəniz prinsipi ilə Xəzərin sektorlara bölünməsinə etiraz edən yeganə ölkə İran idi. Bu cür bölgüdə ona 10%-dən bir az artıq minimal və ən dərin pay düşürdü. Göl prinsipi ilə bölündükdə isə İran 20% paya iddia edirdi.
ABŞ-ın Energy İnformation Administration (EİA) təqribi hesablamalarına görə Xəzərin neft və qazla zəngin təkində 6.5 mlrd ton təsdiq edilmiş və ehtimal olunan neft və neft ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan ehtiyatlar isə bundan 1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu ehtiyatların dəyəri 8 trln dollardır. İndiyə qədər hər bir Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq yataqlarda problemsiz fəaliyyətlərini həyata keçirilblər. Ancaq sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olub və hətta bəzi hallarda silahlı münaqişə təhlükələri yaradıb. Belə mübahisələr Qazaxsan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Türkmənistan arasında olub.
O zaman mübahisə edən tərəflər arasında əsas arqument bu idi: Xəzərin statusu müəyyən edilməyib, ona görə də mübahisəli məsələləri bütün 5 ölkə həll etməlidir. Amma indi artıq yalnız qonşu ölkələr. Konvensiyada orta xətt bölgüsü müəyyən olunmayıb, bunu üçün ayrıca sazişlər tələb olunur. Azərbaycan-Rusiya-Qazaxstan və Qazaxstan-Türkmənistan arasında belə sazişlər artıq var. Yalnız İran tərəddüd edirdi, amma artıq o da ümumi qaydalara imza atdı.
Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər–Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.
Beləliklə, imzalanan sənədlərə əsasən deyə bilərik ki, Xəzəryanı ölkələrin yeni əməkdaşlıq formatı yaranıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da bu qənaətdədir ki, Aktau sammiti və burada imzalanan sənədlərlə Xəzəryanı ölkələrin yeni əməkdaşlıq formatı formalaşır: “Xəzərin statusunun müəyyənləşməsilə bağlı sahilyanı ölkələr arasında uzun illərdir ki, danışıqlar gedirdi. Xəzərin statusunun müəyyənləşməsinə əngəl olan səbəblərdən biri məhz onun hansı prinsiplərlə bölüşdürülməsi məsələsi idi. Bəziləri onun Xəzəryanı dövlətlər arasında bərabər bölüşdürülməsini təklif edidi. Eyni zamanda, keçmiş SSRİ ilə İran arasında baş verən anlaşma əsasənda bölüşdürülməsi məsələsi gündəmə gətirilirdi.
Bu mənada 22 ildən sonra Xəzərin statusunun müəyyənləşməsi məhz sahilyanı dövlətlərin dənizdən istifadə etmələri baxımından çox vacibdir. Bu status müəyyənləşməsi təkcə siyasi deyil, iqtisadi amillərlə də bağlıdır.
Azərbaycan Xəzərin statusunun müəyyənləşməsində aktiv və fəal iştirak edən dövlətlərdən biri idi. Azərbaycan bu istiqamətdə ikitərəfli danışıqlar aparılması və statusun müəyyənləşməsində maraqlı olub. Hələ buna qədər Azərbaycanla Rusiya, o cümlədən Qazaxıstan arasında ikitərəfli razılıq əldə edilib. Yeni anlaşmaya əsasən, tərəflər ikitərəfli razılıq əsasında Xəzərin dibindəki ehtiyatların bölüşdürülməsi məsələsini razılaşdırmalıdırlar.
Xəzərin statusunun müəyyənləşməsi dəniz üzərindən daşınan beynəlxalq yüklərin həcminə də təsir edəcək. İndi daha çox yük məhz bu dəniz vasitəsilə daşınmağa başlayacaq. Bu da beynəlxalq yükdaşımalardan əldə edilən gəlirin artması baxımından vacibdir. Xəzərin statusunun müəyyənləşməsilə eyni zamanda, buradan çəkilən kəmərlərin reallaşmasına da müsbət təsirləri olacaq. Nəzərə alaq ki, Xəzəryanı ölkələr enerji resurslarına malik dövlətlərdir. Həmin enerji resurslarının da dünya bazarlarına çıxarılması üçün kəmərlərə ehtiyac vardır. Məhz Xəzərin statusunun müəyyənləşməsi imkan verəcək ki, kəmərlər vasitəsilə fərqli bazarlara çıxış imkanları əldə edilə bilsin. Ən əsası isə odur ki, mübahisəli yataqların işlənməsi baxımından da prosesin müəyyənləşməsi çox vacib idi. Çünki, Azərbaycan, Türkmənistan və İran arasında mübahisəli yataqlar məsələsi var. Azərbaycan bu yataqların birgə işlənməsilə bağlı ilkin razılıq əldə edib. Yataqların bir qismində əldə edilən gəlirlər bərabər bölünəcək. Nəticə etubarı ilə Xəzərin statusunun müəyyənləşməsi əvvəllər istifadəsiz qalmış yataqların istifadəsinə də şərait yaradacaq ki, bu da tərəflərə iqtisadi baxımdan daha çox gəlir götürməyə imkan verəcək”.
Rüfət NADİROĞLU