Əlaqə Arxiv
news Image
2018.08.14
08:00
| A A A
Azərbaycan yenə Türkiyənin yanındadır
Azər Həsrət: “Türkiyəyə qarşı beynəlxalq səviyyədə atılan istənilən addımın qarşısında Azərbaycan da var”

Vaşinqtonun özünün NATO-dakı başlıca müttəfiqlərindn sayılan Türkiyəyə qarşı sanksiyaları təəssüf ki, davam edir.  Bu arada bəlli olub ki, Türkiyəyə təzyiq mexanizmini işə salan ABŞ münasibətlərin nizama salınması üçün 8 şərt irəli sürüb. Şərtlər arasında rahib Endryu Branson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 nəfər azad edilməsi tələb edilir. Bundan başqa, Rusiyadan S-400 havadan müdafiə sisteminin alınmasından imtina, Ankaranın Qüds siyasətinə yenidən baxılması, Kipr adası ətrafında qaz və neft axtarışından imtina etməsi, “Xalqbank”a tətbiq ediləcək cəzaya razı olması, Fətullah Gülənin ekstradisiyasını tələb edən dosyenin bağlanması, Türkiyənin sahib olduğu önəmli mədənlərdə lisenziyaların ABŞ şirkətlərinə verilməsi kimi tələblər irəli sürülüb. Hansı ki, Tramp adminstrasiyası tərəfindən irəli sürülən bu tələblərin böyük əksəriyyəti əslində dövlətin müstəqilliyinə qəsddir. Ona görə aydın məsələdir ki, Ankara heç bir halda özünün müstəqil siyasət yürütməsinə əngəl olan bu tələblərlə razılaşmayacaq. Buradan aydın olur ki, Vaşinqtonun sözügedən tələbləri ədalətsiz olmaqla yanaşı, əslində başda dövlətin daxili işlərinə qarışmaq, onu özündən asılı vəziyyətə salmaq məqsədi daşıyır. Açıq şəkildə görünür ki, ABŞ hərbi baxımdan Türkiyəni ram edə bilmədiyindən indi də iqtisadi müstəvidə onun zəiflədilməsinə çalışır.

ABŞ prezidenti Donald Tramp Türkiyədən gətirilən alüminium və polada görə rüsumların iki dəfə artırılaraq müvafiq olaraq 20% və 50% dərəcəsində olması ilə bağlı sanksiya tətbiq edib. Prezident Rəcəb Tayyib Ərdoğan isə Trampın Türkiyədən satın alınan polad və alüminium məhsullarına gömrük rüsumunun artırılması qərarının Ümumdünya Ticarət Təşkilatı qaydalarına zidd olduğunu vurğulayıb: “Biz Ümumdünya Ticarət Təşkilatının üzvüyük. Biz ticarət hüququ nəyi söyləyirsə onu söyləməyə davam edəcəyik“. Ərdoğan bunun müqabilində əhaliyə əmanətlərini lirəyə çevirmək çağırışını təkrarlayıb: “Vətənimizin iradəsini seçki zamanı dəyişə bilməyənlər hər cür vasitələrlə bizə təsir edib indi də pulla təsirlərini həyata keçirmək üçün cəhd edirlər. Təxribatla edə bilmədiklərini indi pulla reallaşdırmağa çalışırlar. Buna açıq ifadəylə iqtisadi müharibə deyərlər”.

Türkiyə prezidenti qeyd edib ki, 15 iyul əvvəli 2,8 olan dollar-lirə məzənnəsin artıq 6-dan yuxarı qalxmasının nə iqtisadi, nə də məntiqli bir izahı var: ”Türkiyə 20 il əvvəl Asiya ölkələrində yaşandığı kimi bir maliyyə böhranı ilə üzləşibmi? Xeyr. ABŞ və İngiltərədə olduğu kimi, ipoteka böhranına düşübmü? Xeyr. Yunanıstan kimi iflasa uğrayıbmı?. Xeyr. Türkiyə “iqtisadi müharibə” ilə üzləşib. Türkiyəyə qarşı müharibə aparılır.Trabzondan elan edirəm, oyununuzu gördük və meydan oxuyuruq. Bunu bilmələrini istəyirik. Təslim olmayacağıq, işimizi davam edəcəyik. Fəaliyyətimizi genişləndirməyə davam edəcəyik. Fabriklərimizi işlətməyə davam edəcəyik. Siz dollarla üzərimizə gəlsəniz, biz də başqa yollarla işlərimizin icra çarələrini arayacağıq”. Eyni zamanda Türkiyə prezidenti qeyd edib ki, ölkəsi  əsas ticarət tərəfdaşları olan Çin, Rusiya, İran və Ukrayna ilə hesablaşmaları milli valyutada aparmağa hazırlaşır: “Biz artıq Çin, Rusiya, İran və Ukrayna ilə milli valyutalarla ticarət aparmağa hazırlaşırıq. Əgər Avropa ölkələri də dolların təzyiqindən azad olmaq istəyirsə, onlarla da analoji sistemi yaratmağa hazırıq”.

Siyasi icmalçı Azər Həsrət əminliklə bildirdi ki, Türkiyə buna qədər ona yönəlik bütün çətinlikləri dəf etməyi bacardığı kimi, ABŞ-ın sanksiyalarını da uğurla dəf edərək, bu savaşdan da qalib çıxacaq: “ABŞ-ın Türkiyəyə yönəlik iqtisadi sanksiyaları və bu istiqamətdə irəli sürdüyü yersiz tələbləri bir daha əyani şəkildə göstərir ki, dünyada ədalət yox, güc keçərlidir. ABŞ bu hərəkətilə istəyir ki, Türkiyənin üzərində sınaqdan keçirməklə ədalətin deyil, gücün keçərli olduğunu bir daha dünyaya nümayiş etdirsin. Amma Türkiyə də başqa dövlətlər kimi deyil. Türkiyə özünə güvənən, ənənələri, tarixi olan qədim dövlətdir. Təbii ki, belə bir dövlətin ABŞ-ın güc siyasəti qarşısında  geri çəkiləcəyini ağıla belə gətirə bilmərik. Türkiyə dövləti və xalqı bütövlükdə öz tarixi keçmişinə bağlıdır, dövlətin yaşaması üçün hər şeydən keçməyə hazır millətdirlər.

Təbii ki, belə bir millətin üzərinə gəlməklə ABŞ, şəxsən onun prezidenti Donald Tramp böyük bir səhvə yol verir. O, Türkiyəni ram edəcəyini düşünür, amma bu səhv düşüncədir. Göründüyü kimi, Türkiyə xalqı bu hücumların qarşısında daha sıx birləşir. Bir-birinə qarşı radikal şəkildə dayanan siyasi qüvvələr belə vahid mövqedən çıxış edir, çağırışlar edərək xalqı birliyə səsləyirlər. Yəni belə bir dövlətin iqtisadi, siyasi sanksiyalarla dizə gətirilməsi mümkünsüzdür. Ona görə də əminəm ki, Türkiyə dövləti və xalqı bu imtahandan da üzü ağ çıxacaq.

Əlbəttə ki, burada Azərbaycanın da qardaş Türkiyəyə verəcəyi dəstəyi unutmamalıyıq. Bilirsiniz ki, Türkiyəyə qarşı beynəlxalq səviyyədə atılan istənilən addımın qarşısında Azərbaycan da var. Azərbaycan Türkiyəyə olanı özünə olmuş kimi qəbul edərək, həmişə olduğu kimi qardaş ölkənin müdafiəsinə qalxır. Azərbaycanda da ictimai rəy birmənalı şəkildə Türkiyə dövlətinin yanındadır. Bu baxımdan ABŞ-ın sanksiyaları fonunda belə Türkiyənin uduzması ağlabatan deyil. Bir qədər çətinliklər olacaq, amma buna baxmayaraq, Türkiyə bu prosesdən də üzü ağ çıxmağı bacaracaq. Bütün ölkələr, xüsusən də qardaş Türkiyə dövləti çalışmalıdır ki, öz iqtisadi tələbatlarını daxili imkanlar hesabına təmin edə bilsin.

Elə etməlidirlər ki, ən zəruri tələbatları daxili imkanlar hesabına təmin etmək mümkün olsun. Məhz Türkiyənin üzərinə gəlinməsi Ankaranı vadar edəcək ki, onlar öz təminatlarını daxildən həll etmək barədə düşünsünlər. Yəni xaricdən asılılığı getdikcə azaltmaqla, ABŞ tərəfindən yönəldilən təsir və təzyirləqin də azalacağını müşahidə edəcəyik. Ümumiyyətlə, Türkiyə hər zaman lazım gələndə daxili imkanları səfərbər etmək sahəsində ciddi uğurlara imza atmağı bacarıb. Bu mənada düşünürəm ki, Qərbdən həyata keçirilən bu hücum əslinə qalanda, elə Türkiyənin xeyrinə olacaq. İndi bir qədər sıxıntı olsa da, onun ardından daxili imkanlar hesabına həll etməyə üstünlük verməklə Türkiyə bu sınaqdan da uğurla çıxacaq. Belə olması fonunda isə qardaş ölkəyə edilən hücumlar da ciddi effekt verməyəcək”.

Rüfət NADİROĞLU   

 

Sizin Reklam Yeriniz