ABŞ-ın Rusiya və İrana tətbiq etdiyi sanksiyalar dərinləşməkdədir. Bu mənada ehtimal olunur ki, sanksiyalar Rusiya və İranla sıx iqtisadi əlaqədə olan ölkələrə də təsirsiz ötüşməyəcək. Hansı ki, bu ölkələrdən biri, bəlkə də birincisi Ermənistandır.
Enerji məsələləri üzrə ekspert, politoloq Elnur Soltan bildirdi ki, Ermənistanla İran arasında bir qədər qaz ticarəti var: “Sanskiyaların buna təsiri olmayacaq. Çünki söhbət çox cüzi miqdardan gedir. İkincisi, sanksiyaların mənası odur ki, İranın çıxış aldığı ölkələrin çoxuna yolu bağlanır. Düzdür, Ermənistan İranın çıxış aldığı ölkə kimi qala bilər. Ancaq Ermənistan çox kiçik bazardır.
Eyni zamanda azalan alternativlərdən biri olacaq, həm də rialın ucuzlaşması fonunda oradan Ermənistan bazarına daha çox mal daxil ola bilər. Bu da Ermənistanın daxili istehsalına ziyandır. Eyni sözləri müəyyən qədər Rusiya üçün də demək mümkündür. Rusiya Ermənistana qaz satır, hərbi məhsullarla təmin edir. Düzdür, ABŞ sanksiyalarında rusun hərbi məhsullarını alan ölkələrə qarşı da sanksiyalar nəzərdə tutulur. Amma orada bəzir maddələr var ki, müəyyən ölkələr həmin sanksiyalardan kənarda qalacaqlar”.
Politoloq əlavə etdi ki, Rusiya və İrana tətbiq edilən sanksiyaları Ermənistana idxal olunan məhsullarının sayını çoxalda bilər: “Bununla da Ermənistan pul vahidini devalvasiya etdirməyə məcbur qala bilər. Bunu etməsə, daxili istehsalda ciddi axsamalar baş verəcək”.
Digər siyasi şərhçi İlqar Vəlizadə də sanksiyaların Ermənistana müəyyən qədər təsiri olacağını düşünür: “Lakin nəzərə alaq ki, Ermənistan iqtisadiyyatı onsuz da iflic vəziyyətdədir. Bu baxımdan ABŞ sanksiyaları dağılmış iqtisadiyyata elə də böyük təhlükə yaratmayacaq.
Ermənistanın İranın və ya Rusiyanın iri şirkətləri ilə təmasları çox zəifdir. Sanksiyalar da məhz Rusiyanın və İranın aparıcı şirkətləri ilə ələqədə olan müəssisələrə aiddir. Ermənistanın isə belə müəssisəsi yoxdur. O baxımdan sanksiyaların ciddi təsirləri olmayacaq. Ancaq bütün hallarda Ermənistan iqtisadiyyatının İran və Rusiya iqtisadiyyatından asılığı odluğunu nəzərə alsaq, Ermənistan sanksiyalardan uduzan tərəfdir. Ən azından ona görə ki, İrandan tranzit ölkə kimi istifadə etməyə çalışırdılar. Sanksiyalar tətbiq olunduqda İranın ixrac potensialı aşağı düşəcək. Beləliklə Ermənistanın tranziti azalacaq. Bu da Ermənistan iqtisadiyyatına müəyyən qədər mənfi təsir göstərəcək”.
Mübariz BAYRAMOV