Əlaqə Arxiv
news Image
2018.08.25
09:00
| A A A
Avropanın iqtisadi nəhəngi diqqəti Azərbaycana yönəldir
Azər Həsrət: “Almaniya bir dövlət olaraq Azərbaycana çox önəm verir”

Cənubi Qafqaza səfərə çıxan Almaniya kansleri Angela Merkel avqustun 25-də Bakıya gələcək. Qeyd edək ki, Almaniya dünyada, xüsusən də Avropa Birliyində mühüm əhəmiyyətə malik bir ölkədir. Bu ölkə dünyanın aparıcı iqtisadi nəhənglərindən biridir.

Azərbaycanla Almaniya arasında əlaqələr də durmadan inkişaf edir. Berlinlə Bakı arasında  ticarət dövriyyəsi 1,8 milyard dollara çatıb. Təxminən 500 milyon dollarlıq sərmayə qoyuluşu ilə Almaniya şirkətləri son illər Azərbaycan iqtisadiyyatında aktivləşiblər. Berlin həmçinin dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Almaniya həmişə Dağlıq Qarabağ məsələsini də xüsusi diqqətdə saxlayır. Hətta ara-sıra Almaniyanın da həmsədr ölkələrdən hər hansı birinin yerinə ATƏT-in Minsk qrupu həmsədrliyinə gətirilməsi məsələsi gündəmə gətirilir.

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Berlinin Azərbaycana diqqət ayırması hərtərəfli şəkildə ölkəmizin xeyrinədir: “Almaniya üçün Azərbaycan maraqlı, iş birliyi qurmaq istədiyi ölkələrdən biridir. Xüsusən də Avropa Birliyinin əsas söz sahibi olan ölkələrdən biri kimi Berlin Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir.

Bilirsiniz ki, bir müddət öncə Avropaya TAP və TANAP üzərindən qaz çəkilişilə bağlı müəyyən narahatlıq yarandı. Layihənin bitirilməsi üçün əlavə təminat lazım idi. Həmin təminatı isə rəsmən Almaniya dövləti ayırdı. Bunun üçün Berlin prosesə 1 milyard dollardan artıq vəsait ayırıb. Nəticədə bu addımla Azərbaycanın həmin layihəni bitirməsinə bir növ yaşıl işıq yandırıldı. Almaniya Azərbaycanla münasibətlərdə məhz bu cür davranıb. Təbii ki, müəyyən qüvvələr də olub ki, Berlinlə Bakı arasındakı münasibətləri korlamağa çalışıb. Azərbaycandan qaçıb Almaniyada sığınacaq alan bəzi başıpozuq, araqarışdıran şəxslər də Berlinlə Bakı arasında münasibətlərin korlanması cəhdlərində bulunublar. Hətta Bundestaqın müəyyən üzvləri də onların aldadıcı əməllərinin əsiri olub və bir sıra hallarda Azərbaycanla bağlı narahatlıq doğuran addımlar atıblar. Amma ümumilikdə Merkel və onun hökuməti hər zaman Azərbaycana münasibətdə səmimi davranıb və ölkəmizə xoş münasibət bəsləyiblər. Merkelin ölkəmizə səfəri də məhz ondan qaynaqlanır.  

Almaniya bir dövlət olaraq Azərbaycana çox önəm verir. Berlin başa düşür ki, Cənubi Qafqazın ən güclü dövləti Azərbaycandır. Bu mənada Azərbaycanla münasibət qurmadan ən azından Cənubi Qafqazda hər hansı bir iş görmək, layihə həyata keçirmək mümkünsüzdür. Almanların Azərbaycanda həmçinin yaşama tarixi də var. 200 ilə bundan öncə bir qrup alman Azərbaycanda yerləşərək, qaynayıb-qarışıblar. Həmişə də onların Azərbaycanla bağlı çox xatirələri olub. İndinin özündə belə Azərbaycandan köçüb Almaniyada yerləşən almanlar ölkəmiz barədə xoş sözlər səsləndirirlər. Yəni onlar Azərbaycana da öz vətənləri kimi baxırlar. Bütün bunlar onu deməyə əsas verir ki, Almaniya-Azərbaycan münasibətləri hazırda özünün ən yüksək inkişaf mərhələsindədir.

Eyni zamanda Almaniya kansleri Angela Merkellə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında münasibətlər də yüksək səviyyədədir. Onlar bir-birilərini çox yaxşı anlayır, bir-birilərinin ümumi siyasətlərini qəbul edirlər. Bu da əlbəttə ki, Azərbaycan üçün çox önəmlidir. Bilirsiniz ki, Azərbaycan az qala hər bir tərəfdən sıxılmaqdadır. Şimaldan, cənubdan, qərbdən bəzi qüvvələr Azərbaycanın üzərinə dış qıcamaqdadırlar. Belə bir şəraitdə, Avropa və dünyanın ən önmli dövlətlərindən biri olan Almaniyanın ölkəmizə diqqət ayırması işlərimizin daha asan və uğurlu getməsinə səbəb olacaq. 2019-cu ildən başlayaraq  artıq TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazı Avropaya çatdırılacaq. Hansı ki, bu işin həyata keçməsində Almaniyanın oynadığı rol dünya üçün də bir siqnaldır. Dünya görür ki, Azərbaycanın bu əhəmiyyətli layihəsinə Almaniya dövləti təminat verir. Bu isə həmin layihənin Avropaya çıxışına ciddi töhfədir. Həmin faktorları nəzərə alsaq, Merkelin Azərbaycana gəlişi əlbəttə ki, dövlətimiz üçün çox önəmli hadisədir. 

Təbiidir ki, Azərbaycanın bir nömrəli problemi var, o da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Düşünürəm ki, Merkel Cənubi Qafqaza səfəri çərçivəsində bu məsələnin hansısa formada yerindən tərpənməsi üçün öz nüfuz və imkanlarından istifadə edəcək. Almaniya yenə də həmişə olduğu kimi bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək. Berlinin Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman mövqeyi birmənalı olub. Berlin Azərbaycanın BMT çərçivəsində müəyyən olunan sərhədlərini tanıyır və bundan sonra da tanımaqda davam edəcək”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz