Humanizmin başlıca prinsiplərindən olan mərhəmət anlayışı Onun ali həyat kredosudur. Mərhəmət isə insani keyfiyyətlərin ən bəşərisi, ən ülvisidir ki, məhz Onun həyat amalına çevrilib. Yəqin ki, hamınız söhbətin xeyirxahlığı həyat missiyasına çevirmiş şəxsiyyətdən, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadan getdiyini anladınız...
Zəngin mənəviyyatı, ölçüyəgəlməz xeyirxah əməlləri, şəfqəti sayəsində milyonların qəlbində özünə yer tutmağı bacaran Mehriban xanım Əliyeva bu gün nəinki Azərbaycan, müsəlman dünyası qadınları üçün bir örnəkdir. Elə bu səbəblərdən də dünyanı öz zərif çiyinlərində daşımağa qadir olan Mehriban xanım, hər il dünyaya gəldiyi günü - 26 avqustu Azərbaycandan və onun hüdudlarından kənarda olan minlərlə insandan gələn xoş arzular, təbriklərlə qeyd edir...
Azərbaycanın Birinci vitse-prezidenti, Birinci Xanım Mehriban Əliyevanın fəaliyyətinin istiqamətləri və miqyası böyükdür. Odur ki, bütün sahələrdə Mehriban xanımın nəcib fəaliyyətinin izi görsənir. Mehriban xanımın çoxşaxəli fəaliyyəti onun öz xalqının və ölkəsinin, onun inkişafının daim qayğısına qaldığından xəbər verir. Bütün bunlar isə sözsüz ki, Mehriban Əliyevanın bacarıqlı dövlət xadimi və görkəmli şəxsiyyət olduğunu bir daha sübut edir.
Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən mərhəmətin ünvanına çevrilib. Fond maddi durumu ağır olan minlərlə xəstənin əməliyyat və müalicə olunaraq yenidən həyata qayıtmasına yardım edir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. Mehriban xanım uşaq evləri və internat məktəblərini ziyarət edərkən hər bir xırdalığa diqqət yetirir, uşaqların saxlanma şəraiti, qidalanması ilə maraqlanır. Bu gün valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar onun sayəsində qayğı və diqqətlə əhatə olunaraq, onlar üçün sözün əsl mənasında, ailə mühiti yaradılıb.
Xeyirxahlığı həyat qayəsinə çevirən Mehriban Əliyeva internat məzunlarının sonrakı taleyi ilə də maraqlanır. Onun təşəbbüsü ilə gerçəkləşən “Məzun Evi” sosial müəssisəsi internatı başa vurduqdan sonra yaşamağa yeri olmayan neçə-neçə internat məzununun ümid evinə çevrilib.
Heydər Əliyev Fondunun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Təhsili millətin gələcəyi üçün ən önəmli məsələ hesab edən Heydər Əliyev Fondunun əsas diqqət mərkəzində olan məsələlər arasında təhsil ön sıradadır. Birinci vitse-prezident "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yüzlərlə məktəblər tikdirərək, uşaqların daha yaxşı təhsil almaları üçün əlindən gələni edir. Fondun önəmli layihələrindən biri də “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə olunmasıdır. Birinci xanımın Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyəti beynəlxalq səviyyədə qiymətləndirilib. O, gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasındadır. İnkar olunmaz faktdır ki, Azərbaycan muğamının dünyada uğuru və YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması Mehriban Əliyevanın Azərbaycan xalqının mədəni və musiqi zənginliyinin qorunmasında böyük şəxsi səyləri hesabına mümkün oldu.
Mehriban xanım özünü möhtəşəm təşkilatçı kimi hələ Bakıda "Avroviziya" mahnı müsabiqəsinin keçirilməsinə hazırlıq zamanı göstərmişdi. Belə ki, ekspertlərin, qonaqların və müsabiqə iştirakçılarının fikrincə, bu müsabiqə festival tarixində ən yaxşısı idi. Digər parlaq nümunə kimi isə Bakıda təntənəli şəkildə keçirilmiş Birinci Avropa Oyunlarını göstərmək olar. Eyni hal bir müddət əvvəl Bakıda uğurla keçirilmiş IV İslam Həmrəyliyi Oyunları zamanı da müşahidə olundu. Xüsusi qeyd etmək lazımdır ki, Mehriban Əliyevanın Şərq və Qərbin yaxınlaşması, mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı anlaşması, dünya irsinin qorunması üzrə fəaliyyəti ölkədə və xaricdə böyük dəstək qazanır.
Mehriban Əliyeva Azərbaycana xas olan tolerantlıq və multikulturalizm dəyərlərinə sadiq qalaraq, müxtəlif xalqların mədəni və tarixi irsini bütün bəşəriyyətin vahid sərvətinin bir hissəsi kimi qiymətləndirir. Onun təşəbbüsü ilə Azərbaycanda və xaricdə məscidlər, kilsələr və sinaqoqlar bərpa olunur.
Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində Mehriban Əliyevanın müstəsna rolunu xüsusi qeyd etmək lazımdır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın bir cox ölkələrində müxtəlif aksiyalar keçirilir, sərgilər və digər tədbirlər təşkil edilir. Dünyanın bir çox yerlərində “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər isə böyük əks-səda doğurur. Belə ki, bu kampaniya nəticəsində bir çox xarici ölkələrin parlamentləri Xocalı faciəsinə hüquqi qiymət verib.
Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildikdən sonra da xalqın və Prezidentin ona olan inamını doğrultmaqda davam edir. Onun sədrliyi altında Bakı və Sumqayıtda yararsız və qəzalı binalarda məskunlaşmış qaçqın və məcburi köçkünlərin köçürülməsinə həsr olunmuş müşavirədən sonra həmin binalarda məskunlaşmış xeyli sayda məcburi köçkün yeni binalara köçürüldü. Birinci vitse-prezidentin diqqət mərkəzində şəhid ailələri və milli qəhrəmanlar, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslərin qayğısına qalmaq dayanır. Mehriban xanımın Aprel döyüşlərində zərər çəkmiş hərbi qulluqçulara, onların sağlamlığına göstərilən diqqəti buna bir sübutdur.
Mehriban Əliyeva bu gün müasir Azərbaycan qadınının ən nümunəvi təmsilçisidir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyir ki, Mehriban Əliyeva öz davranışı, insanlara olan münasibəti, xeyirxahlığı, ailə dəyərlərimizə hörməti ilə Azərbaycan ailəsi üçün bir nümunədir: “Mən deyərdim ki, Mehriban xanım Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta bütün dünya qadınları üçün nümunə və örnəkdir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı qadın üçün iftixar mənbəyidir.
Mehriban xanımın simasında Azərbaycan qadını həm daxilən, həm də zahirən dəyişib, hər bir qadın üçün nümunə obrazına çevrilibdir. Mehriban xanım Əliyevanın Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Birinci xanımın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Ona görə də, mən bu gün Azərbaycan qadınlarının siyasi və sosial aktivliyini Mehriban xanım Əliyevanın adı ilə bağlayıram. Mehriban xanım müasir qadın obrazı kimi bütün qadınlar üçün bir nümunədir. Birinci xanımın təhsil, səhiyyə, mədəniyyət məsələlərinə tövsiyyəsi onun hərtərəfli bilik və bacarıqlara malik olduğunu göstərir. Birinci xanımın fəaliyyəti o qədər geniş və çoxplanlıdır ki, uşaqlardan tutmuş yaşlı insanlara kimi - əhalinin bütün təbəqələrini əhatə edir. Aztəminatlı və şəhid ailələri onun qayğısını öz üzərlərində hiss edirlər. Bayramlarda Mehriban xanımın belə ailələri yada salması, mərhəmətin, xeyirxahlığın onun həyat amalına çevrildiyinin təsdiqidir. Onun şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb. Ailə qayğılarını, ictimai fəaliyyətini bir-biri ilə düzgün tənzimləyən Mehriban xanım Əliyeva ana kimi də bütün qadınlara nümunədir. Mən Mehriban xanımı ürəkdən təbrik edir, ona can sağlığı, yeni nailiyyətlər, ailə səadəti, yeni zirvələri fəth etməyi arzu edirəm”.
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər üzrə müavini, YAP Gənclər Birliyinin Şura üzvü Aygün Əliyeva isə söyləyir ki, Mehriban xanımın sonsuz xeyirxahlıq fəaliyyəti barədə nə qədər yazılsa, deyilsə də, “dağın ətəyindən zirvəsini bütövlüklə görmək mümkün deyil”. O, Birinci vitse-prezidentin fəaliyyətinə qiymət verməyin zamana, tarixə qiymət vermək qədər çətin və məsuliyyətli olduğunu bildirir: “Bu dünyada mövcud olmaq hələ sözün əsl mənasında “yaşamaq” anlamına gəlmir. “Yaşamaq” üçün Tanrının bəxş etdiyi ömrü saf əqidə, güclü xarakter və nəcib əməllər ilə davam etməlisən. Çünki insanların qəlbində əbədi sevgi abidəsi yaratmaq sadəcə, seçilmişlərə nəsib olur. “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir, odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir”. Əslində bu fəlsəfi fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün həyat və fəaliyyətinin ifadəsidir, tarix boyu yaşamış və həyatı nəsillərə nümunə olmuş Azərbaycan qadınının missiyasının davamıdır... “Mən Birinci xanım olmağımı, ilk növbədə insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm” ...Təsadüfi deyil ki, Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirəsində qarşıda duran ən önəmli tapşırıq ədalətsiz müharibə nəticəsində öz doğma yurd-yuvalarından məhrum olmuş məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı oldu. Mehriban xanım bizim müasirimizdir, odur ki, Azərbaycan naminə gördüyü işləri qürurla izləmək şansımız var, amma əminəm ki, Onun fəaliyyətinə qiymət vermək zamana, tarixə qiymət vermək qədər çətindir. Bütün dövrlərdə Mehriban xanımın sonsuz xeyirxahlıq fəaliyyəti barədə nə qədər yazılsa da, deyilsə də, sözsüz ki, bir həqiqət var “dağın ətəyindən zirvəsini bütövlüklə görmək mümkün deyil”. İstər bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpası, istər “uşaqları aclıqdan, xəstəliklərdən, müharibələrdən və münaqişələrdən, böyüklərin laqeydliyindən qorumaq lazımdır” çağırışı, onlarla beynəlxalq tədbirlərin təşkilatçısı kimi ölkəmizi uğurla tərənnüm və təbliğ etmək missiyasi, bir sözlə ictimai-sosial həyatımızın bütün sahələrinə yüksək, diqqət və qayğısı onun müasiri olan qadınların böyük xoşbəxtliyidir. Bu gün Azərbaycan qadını istər mərkəzi və yerli icra hakimiyyətlərində, seçkili orqanlarda, istərsə də özəl sektorda təmsilçiliyinin günbəgün artan dinamikasına görə ölkə Prezidenti tərəfindən yaradılan şəraitə və Birinci vitse-prezident Mehriban Əliyevanın mənəvi dəstəyinə borcludur.
Zənnimcə, ölkəmizin işıqlı sabahları Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın əzmkar fəaliyyəti ilə bağlıdır. Xalqla hakimiyyətin vəhdəti isə ən böyük nailiyyətimizdir. Doğum gününüz mübarək olsun, füsünkar Birinci xanım! “...Kimsənsə, elə də olmalısan... Özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən... Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir” - deməklə Siz əslində öz təkrarsızlığınızı bəyan etmisiniz. Nə yaxşı ki gəlişinizlə artıq “mənəvi idealların ucuzlaşaraq saxta ideallarla əvəz olunduğu” dünyamızı daha da gözəlləşdirdiniz. Heç bir bənzətmə və obrazlılıq qatmadan, sadəcə Mehriban Əliyeva! Adı özünə yaraşan qadın, Tanrı Sizi və ailənizi qorusun!”.
Zülfiyyə QULUYEVA