Əlaqə Arxiv
news Image
2018.09.04
09:40
| A A A
Qarabağ münaqişəsinin mərhələli həll prosesinə start verilir
Elşən Manafov: “Duqinin bu bəyanatı Kremlin Cənubi Qafqaz və Qarabağ münaqişəsillə bağlı siyasətinin göstəricisi kimi qəbul oluna bilər”

“Beynəlxalq Avrasiya Hərəkatının lideri, Rusiyanın tanınmış geosiyasi analitiki Aleksandr Duqin vurğulayır ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Moskva Dağlıq Qarabağ ətrafında işğal olunmuş 5 rayonu Azərbaycana verməkdə qəti qərarlıdır. Bu fonda Rusiyanın da yaxından iştirakı ilə Qarabağ münaqişəsinin mərhələli həll prosesinin başlandığını demək olarmı?

Qeyd edək ki, uzun müddətdir, ilk növbədə  Qarabağ ətrafındakı 5 rayonun qaytarılması məsələsi gündəmdədir. Politoloq Elşən Manafov bildirdi ki, Azərbaycanın yeritdiyi balanslaşdırılmış xarici siyasət Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli imkanlarını artırır: “Aleksandr Duqini Rusiyada Kremlə yaxın analitiklərdən biri kimi qəbul edirlər. Əslində, Duqinin verdiyi açıqlamalar bir çox hallarda məhz rəsmi Kremlin mövqeyi kimi qəbul olunur. Bu baxımdan düşünürəm ki, Duqinin həmin bəyanatı müəyyən mənada Kremlin Cənubi Qafqazla bağlı siyasətinin göstəricisi kimi qəbul oluna bilər. Ancaq bəyanatda Ermənistanda kimin hakimiyyət başına gəlməsindən asılı olmayaraq, Rusiyanın işğal olunmuş 5 rayonu Azərbaycana qaytarması ilə bağlı deyilən mövqeyi bir qədər səmimi təsir bağışlamır. Hərçənd siyasətdə səmimiyyət olmur. Burada onu nəzərdə tuturam ki, son zamanlar Paşinyanın hakimiyyətə gəlməsilə Ermənistanla Rusiya arasındakı münasibətlərdə kifayət qədər gərginlik yaranıb. Bu gərginliyin də ilk növbədə səbəbi Paşinyan hökumətinin Qərbə doğru inteqrasiya ilə bağlı sərgilədiyi mövqedir. Düşünürəm ki, hazırda Paşinyan hökumətində Qərblə münasibətlərin genişləndirilməsi tərəfdarı olan nazirlər üstünlük təşkil edir. Baxmayaraq ki, Paşinyanın hakimiyyətinin indiki dönəmində «Daşnakstüyun» Partiyası da onunla həmrəylik nümayiş etdirib, bununla belə həmin siyasi təşkilatın hazırda bu mövqedən bir qədər çəkildiyini müşahidə edirik. Bu səbəbdən düşünürəm ki, əslində Qərblə münasibətlərə önəm verən erməni nazirlərinin sayı artdıqca, Rusiyanın Ermənistanı cəzalandırmaq şansları da kifayət qədər çox olacaq. Bu cəzalardan biri də məhz İrəvanı işğal etdiyi bəzi rayonlardan geri çəkilməyə vadar etmək olar. 
Digər tərəfdən, Paşinyan hələ müxalifətdə olarkən Ermənistanın Avrasiyas İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa biləcəyilə bağlı verdiyi açıqlamalar da rusiyalı politoloqların diqqətindən yayınmayıb. Görünür ki, Paşinyan bu mövqeyinin həyata keçməsində əslində, israrlıdır. Paşinyan artıq hərəkətlərə yol verərsə, Rusiya tərəfindən ola biləcək təhlükə, 2008-ci il hadisələrinin təkrarolunma ehtimalı böyükdür. Bütün bunlar Paşinyanı daha ehtiyatlı mövqe sərgiləməyə sövq edir. Amma hər halda Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən sonra hər iki dövlər başçısının Dağlıq Qarabağla bağlı verdiyi açıqlamaların mahiyyətinə diqqət yetirsək, görərik ki, gerçəkdən burada Moskva ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq özünün vasitəçilik missiyasını gücləndirmək niyyətindədir. Rusiyanın bu missiyanı gücləndirməsi isə düşünürəm ki, işğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində şanslarımızı artıra bilər. 
Onu da nəzərə alaq ki, bütün bunların fonunda Rusiya-ABŞ arasındakı münasibətlərdə gərginliyin qalması, o cümlədən Vaşinqtonun Cənubi Qafqaz və Ermənistanla bağlı siyasətinin aktivləşməsi də Moskvanı belə bir addım sərgiləməyə məcbur edə bilər. Diqqət yetirmisinizsə, hazırda ABŞ-ın Ermənistandakı səfirlik əməkdaşlarının sayı 2 mindən çoxdur. Yəni Rusiyanın hərbi bazasının olduğu bir ölkədə ABŞ narıncı inqilaba hazırlaşır. Bu mənada da əslində Moskva ABŞ-ı qabaqlamağa məcburdur. Bütün hallarda Azərbaycan Rusiya-ABŞ münasibətlərində olan gərginlikdən də bir şey itirmir. Çünki bu gərginliyə baxmayaraq, Tramp hökumətinin Cənubi Qaz Dəhlizilə bağlı məlum mövqeyi və bu layihənin sanksiyalara tuş gəlməməsinin özü də göstərir ki, Vaşinqton da Azərbaycanla münasibətlərə böyük önəm verir. Belədə güman edilir ki, balanslaşdırılmış xarici siyasət Azərbaycan diplomatiyasının yaxın perspektivdə Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli imkanlarını artırır”.   
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz