Əlaqə Arxiv
news Image
2018.09.06
09:50
| A A A
Yeni hökumət Ermənistanın çöküşünü sürətləndirir
Erməni politoloqların fikrincə, Nikol Paşinyan 3-4 ayda gördüyü işlərlə sübut edib ki, o, ümumiyyətlə hökumətin başında durmağa hazır deyil

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə regionda bu dövlətin yürütdüyü təcavüzkar siyasətə son qoyulacağına müəyyən ümidlər yaranmışdı. Lakin görülən işlərin təhlili göstərir ki, bu şəxs küçə eyforiyası ilə yaşayır və yaxud onu hakimiyyətə gətirənlərin tələbi ilə məcburi şəkildə reallıqları qulaqardına vurur. Nəticə etibarı ilə ölkədə xaos yaranır. 

Hazırda Ermənistanda vəziyyətin stabilləşməsi, ölkənin inkişaf yoluna çıxması üçün hökumətin yürütdüyü işğalçılıq siyasətinə son qoyması birinci dərəcəli əhəmiyyət daşıyır. Lakin buvaxtadək xülyalar üzərində qurulmuş xarici siyasət sayəsində uçuruma aparan bu yoldan çəkinmək heç bir rəhbərin ağlına gəlməyib. Halbuki bütün dünya bunu görür və siyasi dillə tez-tez təkrarlayır. Buna görə də “inqilab” adlı oyundan sonra hakimiyyətə yiyələnmiş Paşinyandan bir nömrəli gözlənti məhz bu idi. Lakin siyasi xəyalpərəslik mərəzi bütün erməniləri əhatə etdiyindən Paşinyan da bu xəstəlikdən yan keçməyib və o da sələflərinin dediyini deməkdə israrlı görünür. Lakin onun manerası əvvəlkilərdən xeyli dərəcədə fərqlənir. Belə ki, o, münaqişənin dominantı kimi Rusiyanı yox, özünü görür. Deyəsən, hakimiyyətə asan gəlməsi onun ambisiyalarını daha da yüksəldib. Məhz buna görə də demokratiyadan danışsa da, özünü diktator kimi aparır. 
Paşinyan həm işğal etdikləri Azərbaycan torpaqlarında Ermənistanı dominan tərəf kimi görür, həm də onun hakimiyyətinə mane ola biləcək bütün siyasi qüvvələri həbsə atdırmağa çalışır. Üstəlik, ölkəsinin Rusiyanın əlində olan xaltasını Qərb xaltasına dəyişmək istəyir. Bu isə ictimai-siyasi həyatın bütün aspektlərində onun fəaliyyətinə qarşı antipatiya yaradır. Regionun, xüsusilə Moskva politoloqlarının fikrincə, Ermənistanın baş naziri səhv yoldadır.
“Hesab edirəm ki, Ermənistanda hakimiyyət uğrunda ciddi mübarizə gedəcək. Nikol Paşinyanın rəqibləri onu Dağlıq Qarabağ məsələsində güzəştlərə getməyə hazır olmaqda ittiham edir. Amma mən fikirləşirəm ki, o bu güzəştlərə hazır deyil”. Bunu Bakıda mətbuat konfransı zamanı rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Dövlət Dumasının deputatı, Rusiya İctimai Palatasının üzvü Sergey Markov deyib. Rusiyalı politoloqun fikrincə, N.Paşinyan əksinə, “vətənpərvərlik eyforiyası”nda maraqlıdır, ona görə də istisna olunmur ki, onun tərəfdarları baş nazirin Dağlıq Qarabağ münaqişəsində mövqeyinin “kəskinliyini” və “qətiyyətliliyini” göstərmək məqsədilə lokal toqquşmalar kimi təxribatlar təşkil etsin.
S.Markov hesab edir ki, N.Paşinyan Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak etməli olduğunu bildirməklə prosesdə mövqeyinin kəskinliyini nümayiş etdirib: “Hesab edirəm ki, daxili siyasi səbəblərlə əlaqədar Ermənistan hökumətindən güzəştlərə getməyi gözləmək lazım deyil. İndi bu mənə az inandırıcı gəlir, ona görə də bu məsələ ilə bağlı məndə nikbinlik yoxdur. Nikbinlik əvvəllər var idi. Bir il yarım – iki il əvvəl danışıqlar daha sıx və uğurlu idi və mən təsdiq edirəm ki, o zaman yolun 95 faizi keçilmişdi. Çox böyük ehtimalla 2016-cı ilin sonunadək ilk məcburi köçkün ailələri doğma yurdlarına qayıda bilərdi. Amma bu baş vermədi. Bu məsələdə son addımlar qət edilmədi”.
Üstəlik, İrəvan və Moskva arasında münasibətlər o dərəcəyə qədər soyuqlaşıb ki, Kremlin sağ əlləri sayılan politoloqlar ermənilərə nəinki əlaltı qismində, sadəcə KTMT-nin üzvü olaraq götürdüyü öhdəlikləri yerinə yetirməli olduqlarını təhdid yolu ilə bildirirlər. Son olaraq Rusiya XİN rəhbəri Sergey Lavrov bu məsələ haqda ermənilərə məsləhət verib. Lakin, İrəvandan Lavrova, hələlik aşağı səviyyədə, amma aşkar yuxarıların manerasında sərt cavab qaytarılıb. Erməni KİV-də gedən materiallarda rusiyalı nazirin Ermənistanın müstəqil siyasət yürütməsindən xoşlanmadığı mülahizəsi önə çıxarılır və buna görə qarşılıqlı təhdidlər bildirilir.  
Ermənistan Respublika partiyasının parlament fraksiyasındakı deputatı Armen Aşotyan da keçmiş hakim elitanın Paşinyanın fəaliyyətindən narazılığını dilə gətirir: “Nikol Paşinyan hakimiyyətə özünün əvvəlkilərdən yaxşı olduğunu göstərməyə yox, Ermənistan vətəndaşlarının həyatını yaxşılaşdırmağa gəlib. Bu istiqamətdə hələ ki, bir addım da atılmayıb”. Bu, onu göstərir ki, Nikol Paşinyanın hökuməti populizmdən kənara çıxa bilməyib və nəinki xarici siyasətdə, eyni zamanda ölkədaxili işlərdə irəliyə doğru heç bir əməli iş görə bilməyiblər. Belə bir şəraitdə bu hökumətdən nə gözləmək olar. Faktlar göstərir ki, heç nə. Demək, Paşinyanla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində nəyəsə nail olunması ciddi şübhələr doğurur.
N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz