Əlaqə Arxiv
news Image
2018.09.11
09:00
| A A A
Rusiya-İran-Türkiyə əlaqələri Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər
Nəzakət Məmmədova: “Türkiyə-Rusiya yaxınlaşması, eləcə də İranın onlarla mövqelərində uzlaşmanın olmasını Ermənistan özü üçün təhlükə görür” Məlumdur ki, sentyabrın 7-də İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü baş tutdu. Zirvə görüşündə birgə bəyannamə qəbul edilib.

Xatırladaq ki, son illər İran, Türkiyə və Rusiya prezidentlərinin görüşləri intensivləşib. Yəni, Rusiya-İran-Türkiyə əlaqələri dinamik şəkildə inkişaf etməkdədir. Siyasilərin sözlərinə görə, bu hal regionda ölkəmiz üçün yeni şanslar yaradır. Sözügedən üç ölkə arasında əlaqlərin dərinləşməsi perspektivdə Qafqazda problemlərin, xüsusən də Qarabağ münaqişəsinin həllinə töhfələr verə bilər. 

Politoloq Nəzakət Məmmədova bildirir ki, bu üç ölkənin münasibətlərinin yaxşılaşmasının müasir beynəlxalq şəraitdə Azərbaycana daha çox faydası ola bilər: “Azərbaycan tarix boyu onlar arasında davam edən qarşıdurmanın qurbanı olub, parçalanıb. Bu baxımdan əlbəttə ki, əməkdaşlıq konfliktdən daha yaxşıdır. Azərbaycanın hazırda bu üç ölkənin hər biri ilə yaxşı münasibətləri var. Onlar arasında ziddiyyət yarananda ölkəmiz də çətin seçim qarşısında qalır və bu hal bizim üçün xoşagələn deyil. Məsələn, Rusiya və Türkiyə arasında baş verən təyyarə insidentinin baş verdiyi dövrdəki vəziyyəti xatırlayaq. Doğrudur, bu iki ölkəni barışdırmaqda Azərbaycanın da rolu oldu, amma hər bir halda mürəkkəb vəziyyət yaranmışdı. 
Türkiyə-Rusiya yaxınlaşmasından ən çox narahat olanlar ermənilərdir. Bilirik ki, onlar tarix boyu türklərlə ruslar arasında olan ziddiyyətlərdən istifadə ediblər, özlərinin anormal, anti-bəşəri ideologiyalarını bu ziddiyyətdən istifadə etməklə həyata keçirməyə cəhd göstəriblər. Deməli, Türkiyə-Rusiya yaxınlaşması, eləcə də İranın onlarla mövqelərində uzlaşmanın olmasını Ermənistan özü üçün təhlükə görür. Lakin son dövrdə onlar bunun da "çarəsini" tapdılar. Ermənilərə məxsus xüsusiyyət - xəyanət və bundan irəli gələn taktika - öz himayəçisinə arxa çevirib başqasını tapmaq ənənəsinə sadiq qalaraq dövlət çevrilişi etməklə bir anın içində Türkiyə, Rusiya və İrana meydan oxuyan forposta çevrildilər. Artıq Ermənistan bu 3 ölkəyə düşmən münasibəti bəsləyən qüvvələrin kəşfiyyat-pozuculuq poliqonuna çevrilib. Azərbaycan isə tam əksinə, bu ölkələrin maraqlarına zidd addımlar atmayan, əməkdaşlığına mühüm töhfələr verən ölkədir. Rusiya geopolitikləri və siyasi xadimləri Azərbaycanı Türkiyə və İranla əməkdaşlıqda mərkəzi ölkə adlandırıblar. Bu, o deməkdir ki, Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə həyata keçə bilməz. Xəzərin statusunun müəyyənləşməsi, Şimal-Cənub, Bakı-Qars, Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyəti olan layihələr ölkəmizin iştirakı ilə son zamanlar vüsət alan mühüm layihələrdir”.
Nəzakət Məmmədova əlavə etdi ki, dünyada böyük qarşıdurmaların yaşandığı indiki şəraitdə bu üç ölkənin əməkdaşlığı həm qlobal sabitlik və təhlükəsizlik, həm də regional inkişaf və tərəqqi üçün böyük əhəmiyyətə malikdir: “Belə bir şəraitdə də məhz Azərbaycan bu ölkələrin qarşıdurmasında yox, əməkdaşlığında maraqlıdır və özü də bu əməkdaşlığa həm deyildiyi kimi mərkəzi ölkə olaraq töhfələr verir, həmçinin ondan öz milli maraqları naminə yararlanır. ABŞ-ın bu ölkələrə sanksiya tətbiq etməsi Azərbaycanı daha diqqətli və düşünülmüş siyasət yeritməyə vadar edir. Ölkəmizin ABŞ kimi qüdrətli dövlətlə yaxşı əlaqələrinin olması çox vacibdir və bu baxımdan Azərbaycan həm adıçəkilən qonşu dövlətlərlə, həm də ABŞ-la siyasətini incəliklə uzlaşdırmağa çalışır. İndiki dövr beynəlxalq münasibətlərdə çox mürəkkəb, həssas dövrdür və onun əsas qarşıduran tərəfləri bizim qonşularımızdır. 
Belə bir şəritdə Azərbaycan çox müşkül olan geosiyasi seçim etmədən beynəlxalq hüquqa və milli maraqlarına uyğun xarici siyasət yeridir. Ölkəmiz əsla geosiyasi intriqalarda yer almır, əməkdaşlığa və tərəfdaşlığa üstünlük verir. Azərbaycan heç zaman bu güclərin kəşfiyyat-pozuculuq fəaliyyəti üçün poliqon ola bilməz. Odur ki,   Rusiya, Türkiyə və İran arasında əməkdaşlıq çox vacibdir. Onsuz da torpaqlarımızın beşdə bir hissəsi işğal altındadır. Bir tərəfdən də bölgə ölkələri arasında qarşıdurma regional sabitlik və təhlükəsizliyə böyük təhdid və real təhlükə yaradar. Bu isə sabitlik və inkişafı özünün əsas strategiyası seçmiş Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Odur ki, bu ölkələrin əməkdaşlığı Azərbaycanın hazırkı siyasətinə uyğundur”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz