Əlaqə Arxiv
news Image
2018.10.02
09:00
| A A A
Minsk qrupuna verilən vaxt limiti bitir…
Elman Nəsirov: “Həmsədrlər arxayın olmasınlar ki, elə daimi olaraq onların həmsədrlik institutuna ehtiyac olacaq və daimi olaraq ATƏT-in Minsk qrupunun münaqişənin tənzimlənməsində vasitəçi olmasını istəyəcəyik”

ATƏT-in Minsk qrupunun həmsədrləri (Endryu Şofer-ABŞ, Stefan Viskonti -Fransa və İqor Popov-Rusiya) 25-27 sentyabr tarixlərində BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla görüşlərin yekunlarına dair bəyanat yayıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri qeyd ediblər ki, hərtərəfli nizamlanma üçün güzəştlər tələb olunur. Azərbaycan sülh danışıqlarına sadiq qalmaqla Ermənisatan böyük güzəşt edir. Amma görünən odur ki, erməni tərəfi güzəşət getmir. Bəs nədən belə olan halda Minsk qrupu Ermənistanı güzəşət vadar etmir? Bu halda demək olarmı ki, Minsk qrupu həqiqətən də vəzifəsinin öhdəsindən gəlmir və onun xitam edilməsinə ehtiyac var?

Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Minsk qrupu həmsədrlərinin fəaliyyətində dönüş olmayacağı təqdirdə, bir gün gələcək onların vasitəçilik missiyasının da sonu çatacaq: “Oktyabr ayında ATƏT-in Minsk qrupu həmsədrlərinin yenidən regiona səfəri olacaq. Hansı ki, bu səfərə diqqət böyükdür. O səbəbdən ki, Azərbaycan və Ermənistan prezidentlərinin MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən sammitində söhbətləri oldu. Həmin söhbətdən məlum oldu ki, Ermənistan baş naziri 4 aylıq hakimiyyəti dövründə ilk dəfədir faktiki olaraq, qondarma Dağlıq Qarabağ rejiminin danışıqlarda iştirak etməyəcəyini etiraf edib. Bununla da Paşinyan danışıqların Ermənistanla Azərbaycan arasında aparılmalı olduğunu etiraf etməli olub. 
Eyni zamanda, Ermənistan baş naziri «facebook» səhifəsində qeyd edib ki, bununla bağlı ölkəsinin müdafiə naziri, habelə qondarma rejimin rəhbərliyinə də məlumat verib. Bununla da Paşinyanın mövqeyində ilk dəfədir ki, belə bir dəyişikliyin şahidi oluruq. Onun ənənəvi ritorikasından geri çəkildiyi hiss olunur. Bu da birbaşa olaraq onun nəticəsidir ki, Paşinyan özünün güzəştsiz, kompromissiz siyasətinin reallaşma imkanlarının sıfıra bərabər olduğunu gördü. 
Heç bir beynəlxalq təşkilat, eyni zamanda, ATƏT-in Minsk qrupu Paşinyanın əvvəllər səsləndirdiyi sərsəm təklifləri qəbul edə bilməz. Həmin səbəbdən də həmsədrlərin regiona olaca budəfəki səfəri diqqət mərkəzindədir. Amma o da həqiqətdir ki, həmsədrlər bir çox hallarda, Ermənistanla Azərbaycan, yəni işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyub, hər ikisinə eyni gözlə baxıb. Onlar tərəfləri güzəştə, kompromisə çağırır. Əlsində, tərəfləri güzəştə çağırmaq yox, işğalçı dövləti məcbur etmək, təzyiq göstərmək lazımdır ki, onlar beynəlxalq prinsiplərə əməl etsin və işğal etdikləri Azərbaycan torpaqlarından çıxsınlar. Ərazisinin 20 faizi işğal altında olan, 1 milyondan çox məcburi köçkün və qaçqını olan, işğal altındakı bütün tarixi və dini abidələri dağıdılan bir ölkə işğalçı Ermənsitana münasibətdə hansı güzəştə gedə bilər?  Güzəşti Ermənistan etməlidir. Azərbaycanın ən böyük güzəşti odur ki, işğala baxmayaraq, hələ də sülh danışıqlarına sadiqdir. Bundan böyük güzəşt ola bilməz. Ona görə hesab edirəm ki, həmsədrlərin regiona səfərləri zamanı və digər hallarda verdikləri bəyanatları ünvanlı xarakter daşımalıdır. Güzəşt və kompromiss deyəndə bunu Ermənistanın üzünə tutaraq ona söyləməlidirlər. Mücərrəd, ümumi şəkildə hər iki tərəfə bəyanat ünvanlamaq isə artıq düşmən ölkədə arxayınçılıq sindromu yaradır. Bunun nəticəsidir ki, Ermənistan torpaqlarımızı  işğalda saxlamaqda davam edir. Təbii ki, bu cür yanaşma ilə münaqişə həll oluna bilməz. 
Fikrimcə, həmsədrlərin fəaliyyətində dönüş olmalıdır. Bu olmayacağı təqdirdə, həmsədrlər arxayın olmasınlar ki, elə daimi olaraq onların həmsədrlik institutuna ehtiyac olacaq və daimi olaraq ATƏT-in Minsk qrupunun münaqişənin tənzimlənməsində vasitəçi olmasını istəyəcəyik. Hər şeyin bir sonu və limiti olduğu kimi, bir gün onların vasitəçilik missiyasının da sonu çata bilər. Buna görə də məsuliyyət ATƏT-in Minsk qrupunun üzərinə düşmüş olacaq. Bu səbəbdən hesab edirəm ki, həmsədrlər regiona səfər edərkən, Ermənistan baş nazirinin mövqeyində fərqli yanaşmanın olduğu bir reallıqda, daha çevik və qətiyyətli siyasət yeritməlidirlər”.    
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz